Əliməmməd Nuriyev: “Obyekt sahiblərinə kompensasiya verilməlidir”
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) yol kənarlarında qeyri-qanuni, vətəndaşların hərəkətinə çətinlik yaradan obyektlərin söküntüsünə başlayıb.
BŞİH-də yaradılmış işçi qrup tərəfindən paytaxtın bütün rayonlarında qanunsuzluqların aşkarlanması məqsədilə reydlər keçirilib, qeyri-qanuni tikili və obyektlər müəyyənləşdirilib. Söküntü işləri ilk olaraq paytaxtın Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında aparılıb.
Görülən tədbirlər nəticəsində Məhəmməd Hadi küçəsində, "Əhmədli” və "Həzi Aslanov” metro stansiyalarının yaxınlıqlarında yaşıllıqların olduğu 4 ədəd torpaq sahəsinin hasarları sökülüb və ərazi təmizlənib.
Bakı Şəhər İcra Hakimiyyətinin müavini Eldar Əzizovun göstərişi ilə meriyada təşkil olunmuş komissiya tərəfindən bu ərazilərdə tikilən bir sıra müxtəlif təyinatlı obyektlərin sənədləri araşdırılır. Araşdırmalar nəticəsində müəyyən olunmuş pozuntuların aradan qaldırılması və lazım gələrsə, tikililərin sökülməsi üçün müvafiq qaydada Məhkəməyə müraciət olunacaq.
Əsas məqsədi paytaxtın daha da gözəlləşdirilməsi, sakinlərin sosial şəraitinin yaxşılaşdırılması, vətəndaşların istirahətinin səmərəli təşkili, onları narahat edən amillərin aradan qaldırılması olan bu tədbirlər paytaxtın digər rayonlarında da davam etdirilir.
Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev yol kənarında olan qanunsuz tikililərin söküntüsünü təqdirəlayiq hal kimi dəyərləndirib. Hüquq müdafiəçisinin sözlərinə görə, həmin tikililər vətəndaşların, ictimai nəqliyyatın sərbəst hərəkətinə mane olurdu: "Hesab edirəm ki, burada diqqət yetirilməli olan məsələ həmin tikililərin necə tikilməsi ilə bağlıdır. Təbii ki, həmin obyektləri tikən şəxslər müvafiq icra hakimiyyəti orqanlarının razılığı əsasında bu addımı atıb. Bu sahədə səliqə-səhman yaradılması fonunda BŞİH-nin bu təşəbbüsü diqqətəlayiqdir. Ancaq bir şərtlə ki, araşdırma ciddi aparılsın və yalnız qanunsuz tikililərin söküntüsü aparılsın”.
Ə.Nuriyevin fikrincə, BŞİH bu işləri mütəmadi olaraq aparmalıdır. Bəzən olur ki, hansısa qurum öz fəaliyyətini göstərmək üçün bu cür layihələr həyata keçirir.
Güman edirəm ki, söküntü işlərinin həyata keçirilməsi uzunmüddətli olacaq və bu problemin qarşısı alınacaq: "Yol kənarındakı qanunsuz tikililər müvafiq icra qurumları ilə sövdələşmə nəticəsində tikildiyi üçün söküntüdən sonra obyekt sahiblərinə kompensasiya verilməlidir”.
Şəymən