Fərhad Eyyubov: "Çünki eləsi var, evdən hirsli gəlir, nəzarət formasında sürücülərin üzərinə gedə bilərlər"
"Yol nəqliyyat mədəniyyəti böyük şaxəli prosesdir. Burada həm maddi, həm də mənəvi tərəf var”.
Bunu Sherg.az-a yol polisinin gizli əməliyyat aparmasının qadağan edilməsinə münasibət bildirərkən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov deyib.
O bildirib ki, nəqliyyat işçilərinin münasibətlərinin, nizamlama proseslərinin, nəzarət qaydalarının proseslərə təsiri var:
"Yol nəqliyyat mədəniyyətinin mənəvi tərəfi insan faktorudur. İnsanın savadı, tərbiyəsi, davranışı, vicdanıdır. Maddi tərəf isə həm texniki nizamlama vasitələrinin, həm də yol hərəkətinin təşkilinin qayda-qanunla idarə olunmasıdır. Nəqliyyat vasitələrinin müasir tələbata cavab verməsi, infrastrukturun müəyyən standarta cavab verməsi də bura daxildir. Ona görə, hər bir davranış prosesində, sürücüyə xəbərdarlıq və ya nəzarət olunanda da birinci tərəf sürücü, ikinci isə dövlət yol polisinin onlara yanaşma tərzidir. Bu isə müxtəlif proseslərlə həll edilir. Ya yalnız danışma, ya da müxtəlif cihazlar və vasitələrlə baş verir.
Yanaşma tərzi xarici ölkələrin iş təcrübəsinə uyğun olmalıdır. Bəzi gizli şəkildə yoxlama sürücülərə nəzarət modeli olsa da bunun müasir standartlara uyğun həyata keçirilməsinə ehtiyac var. Sürücülər arasında da alimlər, mütəxəssislər, müxtəlif zümrənin nümayəndələri var. Onların içərisində eləsi var ki, mədəni səviyyəsi yüksək insanlardır. Onlara yanaşma tərzi də uyğun olmalıdır. Yol polisləri tərəfindən sürücülərə olan münasibət, onlara müraciət tərzi, sonrakı hadisələri törətməyinin qarşısını alır.
Ona görə, bu məsələni müsbət qiymətləndirirəm. Amma dövlət yol polisinin işinə nəzarət modeli müəyyən maariflənmə prosesində olmalıdır. Onların psixoloji durumu müəyyən olunmalıdır. Dövlət yol polislərinin işə çıxarkən psixoloji durumu yoxlanmalıdır. Çünki eləsi var, evdən hirsli gəlir, nəzarət formasında sürücülərin üzərinə gedə bilərlər. Bir məsələ var ki, nəzarət mexanizmləri, onun sistemi, operativ göstəricilər, bunu idarə edən dövlət yol polisləri qarşılıqlı şəkildə bir-birini anlamalıdır”.
Qeyd edək ki, Azərbaycanda Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən nəqliyyat vasitələri ilə Yol-patrul xidməti (YPX) gizli və qarışıq formada patrul və əməliyyat-xidməti aparmaq qadağan edilib.
Ayyət Əhməd