Etiraf etməliyik ki, burada valideynlərin də günahı az deyil
Dəfələrlə şahidi olmuşuq ki, ana avtobusdan birinci uşağı düşürür
Yol-nəqliyyat qəzalarının açıqlanan statistikası dəhşətli faktı ortaya qoyub. Məlum olub ki, bu ilin 6 ay ərzində paytaxtda baş vermiş yol-nəqliyyat qəzalarında 13 uşaq dünyasını dəyişib, 31-i isə müxtəlif xəsarətlər alıb. Dünyasını dəyişənlərdən 8-i şagird, digərləri isə azyaşlı və bağça yaşlı uşaqlardır. Uşaqların avtomobil qurbanına çevrilməsinin səbəbləri nədir? Etiraf etməliyik ki, burada valideynlərin də günahı az deyil. Dəfələrlə şahidi olmuşam ki, ana avtobusdan birinci uşağı düşürür. Uşaq bir neçə saniyə nəzarətsiz qalır. Belə vəziyyətdə istənilən bədbəxt hadisə baş verə bilər. Uşaq avtobusun önünə keçər, arxadan gələn avtomobil uşağı əzə bilər və s. Bəzi valideynlər hələ də bu "dəmir qanunu” bilmir ki, ana birinci növbədə özü avtobusdan enməli, sonra isə körpəsini qucağına alıb yerə düşürməlidir və bu zaman körpənin əlini qətiyyən buraxmamalıdır. Amma əksini görürük. Analar avtobusa minəndə də uşağı önə buraxır, avtobus tərpəndikdə isə, uşaq müvazinətini itirib yıxılır. Valideyn də sürücünü günahkar sayır. Bəzi valideynlərdə yolu keçərkən uşağın əlindən yapışmaq ənənəsi ümumiyyətlə, formalaşmayıb. Uşaqların yol qəzalarında can verməsinin əsas səbəblərindən biri də, yol infrastrukturunun heç də hər yerdə düzgün qurulmamasıdır. Paytaxtda istismarda olan xeyli sayda yollarda nə işıqfor, nə də piyada keçidi var. Bu vəziyyət xüsusilə məktəb binaları önündə uşaqlara problem yaradır. Yapısı etibarilə dəcəl, çılğın uşaqlar belə yolları qaçaraq keçir, sağa-sola baxmadan. Nəticə də göz qabağındadır. 13 qurban uşaq!..
Problemə münasibət bildirən Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının üzvü Vüqar Tofiqli yol infrastrukturunun həqiqətən ciddi əhəmiyyət daşıdığını dedi:
- Bəzi hallarda yol infrastrukturunun düzgün qurulmaması qəzaları qaçılmaz edir. Yollara cavabdehliyi 3 subyekt daşıyır. Bəzi yollar dövlətin timsalında ya Nəqliyyat Nazirliyinin, ya da Bakı şəhər İcra Hakimiyyətinin, bəzisi isə rayon icra hakimiyyətləri və bələdiyyələrin balansındadır. Beynəlxalq əhəmiyyətli yollar da var, yerli əhəmiyyətli yollar da. Söhbət yerli əhəmiyyətli yollardan gedirsə, bu məsələlər rayon icra hakimiyyətləri tərəfindən həll edilməlidir. Yolun işıqlandırılmasını, keçidlərin qoyulmasını rayon icra hakimiyyəti təşkil etməlidir. Xüsusilə də məktəb binası yerləşmiş ərazilərdə işıqforların, yaxud da piyada keçidlərin olması vacibdir. Uşaqdılar, məktəbdən çıxırlar, qaçırlar, evə tələsirlər. Bütün uşaqların ardınca valideynləri gəlmir. Məktəbə özü gedib-gələn uşaqlar çoxdur. Oğlan uşaqları daha dəcəl olur, maşınların qabağından qaçırlar. Onlar uşaqdı, hansı təhlükənin onları gözlədiyini dərk etmirlər. Bu məsələlərdə yol polisləri diqqətli olmalıdır. Məktəblərin qarşısında yol patrul xidməti əməkdaşlarının növbə çəkməsi maksimum təmin edilməlidir. Onlar uşaqları keçidlərə yönləndirə bilər. Yol qaydalarını pozanlara xəbərdarlıq edərlər.
Paytaxt məktəblərinin bir çoxunun qarşısında yeraltı və yerüstü keçidlər var. Amma gözdən uzaq yerlər də var. Belə olmamalıdır. Harada məktəb binası varsa, orada mütləq işıqfor da qoyulmalıdır, keçid də tikilməlidir. Qarşıda məktəb binasını, uşaqların yolu olduğunu göstərən xüsusi nişanlar da qoyulmalıdır ki, sürücülər də oradan keçəndə ehtiyatlı olsunlar.
V.Tofiqli məktəblilərin yol-hərəkəti qaydalarını bilmələrini də vacib sayır:
- Bunu evdə valideynlər, məktəbdə isə müəllimlər uşaqlara öyrətməlidir. Yol hərəkəti qaydaları şagirdlərə tədris olunmalıdır. Valideyn uşağı ilə gəzməyə çıxıbsa, yolu keçmək qaydasını ona göstərməlidir. Uşaqda bu, adət halını almalıdır. Yolu işıqforda keçmək, yolun qadağan olunmuş hissəsinə keçməmək. İşıqforun göstərdiyi qayda ilə hərəkət etmək. Dövlət Yol Polisi də, Təhsil Nazirliyi də uşaq bağçalarının, məktəblərin, təhsil müəssisələrinin qarşısında yol nişanlarının, piyada keçidlərinin olmasına çalışmalıdırlar və bunlar yoxdursa, aidiyyətli qurumlara müraciət etməlidirlər.
Məlahət Rzayeva