Yol süpürənlərə jiletlərin verilməsi qəzaları önləməyəcək

Küçələri, yol kənarlarını təmizləyən qadınların sarı xətt, təhlükəsizlik xətti barədə bilikləri sıfırdır



Şəhərimizi, yolları, küçələri təmizləyən xanımlar adətən üzlərini gizlədir; başlarına bağladıqları şal və ya örtük altında. İki səbəb ola bilər. Ya bu xanımlar xadimə - süpürgəçi işlədiklərindən utanır və kiminsə onları görüb tanımaması üçün üzlərini yaylıq altında gizlədirlər, ya da, küçənin, yolun toz-torpağı ilə nəfəs almamaq üçün.
Xadiməlik utanılacaq bir peşə, əsla deyil. İnsanın zəhmətlə dolanması, halal qazanc əldə etməsi ən şərəfli işdir. Küçələrdə üzünü gizlədən süpürgəçi xanımlar da şərəfli insanlar sırasındadır. Oğurluq etmir, kiminsə cibinə girmir, kiminsə haqqını mənimsəmir, fırıldaqla, soyğunçuluqla da məşğul deyillər. Obaşdan qalxıb işə gedir, əhalinin təmiz küçələrlə hərəkətini, avtomobillərinsə təmiz yollarla şütüməsini təmin edirlər.
Və bəzən, məhz elə bu avtomobillər də onların həyatına son qoyur. Ötən həftə aeroport yolunda süpürgəçi Cəmilə Salahova yol süpürərkən "KamAZ”la vurularaq öldürülmüşdü. Ümumiyyətlə, yol kənarlarını süpürən bir neçə xadimənin məhz avtomobil vurması nəticəsində həyatını itirməsi təəssüf doğurur. Elə buna görə də "bu xanımlar yol kənarına niyə çıxarılır axı?! Alatoranda, gecənin qaranlığında yol süpürməyə göndəriləndə belə olacaq” deyib qadınların erkən saatlarda və ya axşam vaxtı küçələri, avtomobil yollarının kənarlarını süpürməsinə etiraz edənlər də çoxalıb.
Təmizlik işlərinin təhlükəsizlik icrasına çarə axtarılırdı, nəhayət, deyəsən tapıldı. Qərara gəlinib ki, xadimələrə xüsusi işıq effektli jiletlər geyindirilsin.

"İşıqlı” xadimələr

Sovet vaxtı bir çox hallarda qadınlar "JEK”lərdə süpürgəçi işinə mənzil ala bilmək naminə razılaşırdı. Həqiqətən də, bir müddət süpürgəçi işləyəndən sonra həmin xadiməyə işlədiyi ərazidə mənzil verilirdi. O zaman "JEK” evləri vardı və JEK rəisi də süpürgəçinin xidmətini nəzərə alıb onu, kiçik, təmirsiz, hətta qəzalı vəziyyətdə olan mənzillə "təltif” edirdi. Sovet illərində paytaxtda mənzilə sahib olmaq nəinki hər qadının, heç hər kişinin də işi deyildi. Ona görə də qadınlar bu ağır zəhmətə qatlaşırdı, təki başlarının üstündə tavanları olsun. Amma indi vəziyyət dəyişib. İnanmıram ki, kiməsə xadimə işlədiyinə görə mənzil verilsin. Bir çox halda qadınlar işsizliyə son qoymaq, ya da təqaüdə hazırlıq məqsədilə MKTB-də işə düzəlirlər. Bəla burasındadır ki, son zamanlar xadiməlik də təhlükəli peşələr sırasında yer almağa başlayıb. Xadimələrə xüsusi jiletlərin verilməsi də məhz təhlükəni aradan qaldırmaq üçündür. Bu məqsədlə Suraxanı rayon İcra Hakimiyyətində Bakı şəhər Dövlət Yol polisi İdarəsi və Suraxanı rayon DYP Şöbəsi əməkdaşlarının iştirakı ilə tədbir keçirilib. "Sherg.az”ın məlumatında bildirilir ki, tədbirdə rayon ərazisində fəaliyyət göstərən 100-ə yaxın kommunal-təsərrüfat birliyi işçilərinə xüsusi jiletlər təqdim olunub. Həmin jiletlər şəhərin küçələrində kommunal-təsərrüfat işləri ilə məşğul olan, küçələri süpürən və təmizləyən işçilər üçün nəzərdə tutulub.
Bildirilib ki, təxminən 500-ə yaxın jilet Bakı şəhərini əhatə edən rayonlarda fəaliyyət göstərən təmizlik işçilərinə veriləcək. Jiletlərin işıqqaytarma funksiyası var. Həmçinin 3 rejimdə xüsusi batareya ilə işləyir.
Tədbirdə iştirak edən Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, əsas məqsəd yol qəzalarının qurbanı olan işçilərin həyatını təhlükədən qorumaqdır: "Bakı şəhəri ərazisində təmizlik işləri aparan şəxslərin avtomobillə vurulması böyük narahatlıq doğurur. Buna görə də qabaqlayıcı tədbirlərin həyata keçirilməsi zəruriliyi yaranıb. Magistral yollarda, küçə və prospektlərdə təmizlik işləri aparan şəxslər üçün yeni geyimlər hazırlanıb. Bu gün təmizlik işləri aparan 500 nəfərə yeni geyimlər paylanılacaq. Bu geyimlərin əsas üstünlüyü üzərində xüsusi işıq qaytarıcılarının olmasıdır. Həmin işıq qaytarıcıları sürücülərin diqqətini cəlb etmək və baş verə biləcək piyada vurulması hallarının qarşısının alınması üçün nəzərdə tutulub”.
Vaqif Əsədov bildirib ki, jiletlər meriyanın verdiyi siyahı əsasında sifariş edilib: "Jiletlərin sayı ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti siyahı təqdim edib. Orada hansı rayonda neçə işçisinin olması və neçə jilet lazım olması göstərilib. Biz də həmin siyahıya uyğun olaraq jiletləri paylayırıq. Ehtiyat üçün bir neçə jilet də əlavə verilir. Paytaxtın bütün rayonlarına bu jiletlərdən paylanacaq. Gödəkçənin üzərində olan düymə vasitəsilə işıqlar 3 formada yanacaq - daimi yanan, yanıb-sönən və sürətli yanıb-sönən işıq forması.

Növbəti günlərdə də paytaxtın digər rayonlarında jiletlər təhvil veriləcək”.

Xüsusi jiletlər həyatı xilas edəcəkmi?

"Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli mənzil-kommunal təsərrüfatı işçilərinə xüsusi jiletlərin paylanmasını müsbət hal sayır, lakin bunun təhlükəsizlik üçün yetərli olmadığı qənaətindədir. Birlik sədri hesab edir ki, jiletlərin paylanması ilə yanaşı maarifləndirmə işləri də aparılmalıdır:
- Əlbəttə, xüsusi işıq effektli jiletlərin xadimələrə paylanması müsbət addımdır. Burada qəzaların qarşısının alınması əsas məqsəddir. Lakin jiletlərin paylanması, geyindirilməsi ilə iş bitmir. Maarifləndirmə işlərinin aparılması da mütləqdir. Təəssüf ki, mənzil-kommunal təsərrüfatı birliyi işçilərinə lazımi qaydalar öyrədilmir. Küçələri, yol kənarlarını təmizləyən qadınların sarı xətt, təhlükəsizlik xətti barədə bilikləri sıfırdır. Xadimələr bilmir ki, sarı xətt nə üçündür, işini icra edərkən hansı təhlükəsizlik qaydalarına əməl etməlidir. Eləcə də sürücülərimiz yol-hərəkət qaydalarını bilmədiklərindən sarı xəttin üzərinə çıxır və bununla da real qəza vəziyyəti yaradırlar. Nəticədə ağır yol qəzaları baş verir, insanlar həyatlarını itirir. Görülən işlər lazımi nəticə versin deyə, meriya da, yol polisi də, kommunal təsərrüfatı birlikləri də birgə çalışmalıdır. Sosial reklamlar bu işdə böyük əhəmiyyət daşıyır. Təəssüf ki, biz sosial reklamları da çox az görürük.
Qadınların yol kənarlarını süpürməyə göndərilməməsinə gəlincə, V.Tofiqli bunun başqa üsullarının olduğunu da dedi:
- Artıq 21-ci əsrdir. İnkişaf etmiş ölkələrdə yollar xüsusi texnikalar vasitəsilə təmizlənir. Magistral yolların kənarını süpürmək qadın işi olmamalıdır. Qışın soyuğunda, yağışda, qarda, yayın qızmar istisində qadınlar yolları təmizləyir. Kimsə deyə bilər ki, işləyirlər, əmək haqqı alırlar, ailələrini dolandırırlar. Amma istənilən halda biz əl əməyinin yüngülləşdirilməsi barədə düşünməliyik. İndi hansı dövrdür ki, xanım əlində süpürgə, xəkəndaz yol təmizləsin?! Bu, xanıma - qadına yaraşmayan işdir.

Məlahət Rzayeva