Yumurta atəşi...

Ermənistanda gərginlik artır, insanlar küçələrə çıxıb
Sentyabrda daha böyük hadisələrin şahidi olacağıq


İrəvanı növbəti etiraz dalğası bürüyüb. Yüzlərlə nümayişçi ölkənin ictimai xidmətlərini tənzimləyən Komissiyanın binasını yumurta atəşinə tutub. Onlar ölkədə elektrik enerjisinin bahalaşmasına etiraz edirlər.

Yumurta atəşindən sonra insanlar binaya soxulmaq istəyiblər. Bu zaman polislə etirazçılar arasında qarşıdurma yaranıb. Yüzlərlə narazı sakin hələ də binanın qarşısındadır.

Erməni mətbuatının məlumatına görə, indi Komissiyanın binasında əhaliyə verilən elektrik enerjisinin qiymətini təsdiqləmək üçün iclas keçirilir. Amma "Ermənistanın elektrik şəbəkəsi” şirkətinin başçısı məktub yazaraq bildirib ki, o, müəyyən səbəblərə görə toplantıda iştirak edə bilmir.

İrəvandakı aksiyaları şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında vurğulayıb ki, düşmən ölkədə bu kimi etirazların güclənməsi, işğalçı rejimi danışıqlar prosesində daha üzüyola edə bilər: "Nümayişlər onu göstərir ki, Ermənistan hakimiyyət dəyişikliyi ərəfəsindədir. Zənnimcə, bütün bu hadisələr Ermənistanın əl-qolunu bağlayan məsələlərdəndir”.

Ekspertin sözlərinə görə, hazırda Ermənistanda vəziyyət çox ağırdır: "Ölkəni işsizlik, yoxsulluq bürüyüb. Qiymətlər daim qalxır. Bir tərəfdən də, əhalinin etiraz dalğası getdikcə daha geniş vüsət alır. Bütün bunlar gec-tez Ermənistanda ağır sosial partlayışa gətirib çıxaracaq. Bir çox politoloqlar bu mənada nahaq yerdən sentyabr ayını hədəf kimi göstərmirlər”.

Ayyət Əhməd