Yunanıstan Türkiyəyə meydan oxuya bilməz

Görünür müəyyən dairələrin, konkret olaraq ABŞ, Almaniya və Fransanın təlimatlarını yerinə yetirirlər


Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstan tərəfinə növbəti dəfə xəbərdarlıq edib. Nazir bildirib ki, Türkiyə Egey dənizində hər hansı özbaşınalığa icazə verməyəcək. XİN rəhbərinin sözlərinə görə, həm Sahil Təhlükəsizliyi Xidməti, həm də Hərbi Dəniz Qüvvələri bəzi xoşagəlməz olayların qarşısını almaq üçün lazımi addımlar atır: "Yunanıstana xəbərdarlıq edirik. Sizin bir ərköyün uşağınız var. Onlar özləri müdafiə nazirlərinə belə deyirlər. O zaman ərköyün uşağınıza sahib çıxın ki, əlimizdən qəza çıxmasın”.

Xatırladaq ki, son dövrlər Yunanıstanla Türkiyə arasında növbəti gərginlik müşahidə olunmaqdadır. Bir müddət əvvəl Yunanıstanın müdafiə naziri Panos Kammenos dövlətin ərazi bütövlüyünü pozmaq cəhdlərilə bağlı Ankaranı hədələyib. Kammenos Egey dənizinin cənub-şərqindəki Leroso adasındakı gözətçi hərbi hissəyə baş çəkərkən, Türkiyə qırıcılarının Yunanıstan hava məkanına daxil olmasını kəskin şəkildə qınadığını deyib: "Əgər onlar kiçik addım belə atsalar, biz onları əzəcəyik”.

Tərəflərin yenidən vüsət alan qarşıdurması ilə bağlı "Şərq”ə danışan politoloq Əhəd Məmmədlinin sözlərinə görə, Yunanıstan Türkiyəyə meydan oxuya bilməz. Ekspertin sözlərinə görə, Afina uzaqbaşı Makedoniyaya meydan oxuyar: "Məlum məsələdir ki, Yunan rəsmiləri özbaşına elə danışmırlar. Görünür müəyyən dairələrin, konkret olaraq ABŞ, Almaniya və Fransanın təlimatlarını yerinə yetirirlər. Türkiyənin Yaxın Şərqdə önünü kəsmək üçün Avropa ölkələri Yunanıstanı qabağa veriblər. Əslində tarix boyu belə olub. Necə ki, həmişə ruslar erməni kartından Azərbaycan türklərinə qarşı istifadə ediblər, eləcə də avropalılar yunan kartından Anadolu türklərinə qarşı yararlanırlar. Yunanlar, ermənilər əsrlərdir türklərə qarşı "piyada” missiyasını icra ediblər. Atlılar isə Amerika, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çindir”.

Analitik vurğulayıb ki, Egey dənizində tapılan qaz-neft ehtiyatları üstündə kəskin mübarizə başlayıb:

 "Qərbin çəkindiyi odur ki, Türkiyə bu ehtiyatlara sahiblənib Egey dənizini yenidən "daxili gölə” çevirəcək. Şübhə yox ki, güclü Türkiyə Yunanıstanı hansı formada yerində otuzduracağını çox gözəl bilir. Yunanıstan Türkiyəyə rəqib olmaq gücündə deyil. Bunu özləri də bilirlər. Türkiyənin rəqibi ABŞ-dır. Vaşinqton və Ankara Suriya məsələsində anlaşdıqları kimi yaxın zamanda Egey dənizi ilə bağlı da anlaşma əldə edəcəklər”.

İsmayıl