Cavan ailələr bu mərc oyunları ucbatından dağılır, məhv olur. İnsanlar ev-eşiklərini satıb səfil vəziyyətə düşürlər
Yüngül cəza qumarxana saxlayanların işinə yarayırdı
Böyük məbləğdə cərimə və həbs gəlir
Cavan ailələr bu mərc oyunları ucbatından dağılır, məhv olur. İnsanlar ev-eşiklərini satıb səfil vəziyyətə düşürlər
Cavan ailələr bu mərc oyunları ucbatından dağılır, məhv olur. İnsanlar ev-eşiklərini satıb səfil vəziyyətə düşürlər
Qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlamaya görə cəza ağırlaşdırılır.
Modern.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.
Dəyişikliklə bu işi görənlərə cərimə də tətbiq olunacaq. Hazırkı qanunvericiliyə əsasən, bu əməllərə görə, iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bundan sonra qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlamaya görə on min manatdan on min beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzasının tətbiq olunması təklif edilir.
Milli Məclis bu layihəni müzakirəyə çıxarmağa hazırlaşır.
Millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə "Şərq”ə açıqlamasında qanunlara edilən dəyişikliklərin konkret məqsəd daşıdığını dedi:
- Qanunvericiliyə edilən dəyişikliklərdə ağırlaşdırıcı hallar nəzərdə tutulursa, bu o deməkdir ki, indiyədək qüvvədə olan qanunvericilik gözlənilən nəticəni verməyib. Qumarxana saxlayanlar, qumar oyunları təşkil edənlər Cinayət Məcəlləsində yüngül cəzalar nəzərdə tutulmasından sui-istifadə edirdilər. Yüngül cərimələrlə canlarını qurtarırdılar, az sonra yenidən əvvəlki fəaliyyətlərini bərpa edirdilər. Görünür, bunları nəzərə alaraq Cinayət Məcəlləsinə dəyişiklik edilməsi və bu cür əməllərə görə daha sərt cəzaların tətbiqi zərurəti yaranıb. Hər halda cəzaların sərtləşməsi qumarxana açanları, qumar oyunları təşkil edənləri çəkinməyə vadar edəcək.
Millət vəkili qumarxanalarla yanaşı, ümumiyyətlə, bütün mərc oyunlarının rəsmən qadağan olunmasının tərəfdarı olduğunu da dedi:
- Bilirsiz ki, Milli Məclisdə mərc oyunları ilə bağlı dəfələrlə məsələ qaldırılıb, millət vəkilləri bu mərc oyunlarının ailələrə fəlakət gətirdiyini deyiblər. Amma məsələ burasındadır ki, məsələn, "Topaz” rəsmi fəaliyyət göstərən mərc oyunudur. Ona görə də Cinayət Məcəlləsinə edilən dəyişiklik "Topaz”a aid olmayacaq. "Topaz” bu qanundan kənarda qalacaq. Şəxsən mənim fikrimi soruşursunuzsa, mən lotereyalar xaric, necəliyindən asılı olmayaraq istənilən mərc oyunlarının əleyhinəyəm. Nə qədər faciələr baş verir mərc oyunlarına görə. İnsanlar evlərini girov qoyur, bankdan kredit götürür, sonra da qaytara bilmir, hətta intihara əl atırlar. Gənclər evdən pul oğurlayır, aparıb qoyurlar mərc oyunlarına. Bunun qarşısı rəsmi qaydada alınmalıdır. Mərc oyunlarının hamısı qadağan olunmalıdır. Onların cəmiyyətə heç bir faydası yoxdur.
Hüquqşünas Qurban Məmmədov da hesab edir ki, adına nə deyilsə də, idman mərc oyunları birbaşa qumardır. Cinayət Məcəlləsinə edilən dəyişiklik mərc oyunlarını da əhatə etməlidir:
- Qumar nədir? Pul qoyursan, uda da bilərsən, uduza da. Uduzanlarsa udanlardan həmişə qat-qat çox olur. Mərc oyunlarına qurşananlar, futbol oyunlarının nəticələrinə kafisent yazanların gözləri pərdəlidir. Mən həmişə xüsusilə gəncləri ayıltmağa çalışmışam ki, bu mərc oyunlarından əl çəksinlər. İdman mərc oyunları qumardır. Sadəcə, adını dəyişib müasirləşdiriblər. Deyirlər, bütün dünyada bu var, biz də dünya təcrübəsini öyrənmişik və tətbiq edirik. Nəyinsə dünya təcrübəsində olması hələ o işin yaxşı, xeyirli olması anlamına gəlməməlidir. Bəli, dünyada idman mərc oyunları var. İnsanlar müxtəlif idman yarışlarına külli miqdarda pul qoyurlar. İt boğuşdurmaqdan tutmuş, at yarışlarına kimi. Artıq çoxdan təsdiq olunub ki, futbol bir biznesdir. Konkret şəxslər idmanın bu növünə biznes maraqlarından yanaşır və milyardlar qazanırlar. Sadəlövh, bir az ağır çıxsa da, başıboş insanlar da var ki, hisslərinin əsirinə çevrilir, müəyyən qədər də ehtiyacları olur, elə bilirlər qumar oynamaqla, ya da mərc oyunlarına getməklə pul qazanacaqlar. Daha düşünmürlər ki, haram işdə qazanc ola bilməz. Olsa da, müvəqqətidir, əvvəli "yaxşı gəlir”, sonrası fəlakət olur. Bəzi insanlar da adamların düşdüyü çətin durumdan faydalanmağa çalışırlar.
Adamları aldatmaq yoluyla gəlir əldə edirlər. Bu, başqasının cibinə girməkdir. Bir-iki nəfərin hansısa oyunun nəticələrinə dair verdiyi proqnoz təsadüfən özünü doğruldub, kimsə 5-3 manat pul qazanıb deyə, bunu kütləvi şəkildə reklam etmək və insanların maddi sıxıntılarından yararlanıb onları qumara cəlb etmək qəbulolunmazdır. Allah insana ağıl, dərrakə verib, ona nəyin haram, nəyin halal, nədə xeyir, nədə zərər olduğunu göstərib. Allah-təala insana buyurur ki, qumar haramdır. Bunda sizin üçün zərər vardır. Bu dünyada da zərərə uğrayacaqsınız, o dünyada da. İnsan bunu başa düşmür, qəbul etmirsə, hara qədər gedə bilir, qoy getsin. Sonu bütün hallarda uçurumdur. Biz bunu illərdir görürük. Cavan ailələr bu mərc oyunları ucbatından dağılır, məhv olur. İnsanlar ev-eşiklərini satıb səfil vəziyyətə düşürlər. Mən gənclərə müraciət edirəm ki, bu işdən əl çəksinlər, harama qurşanmasınlar. Öz pullarının, qazanclarının, sağlamlıqlarının, həyatlarının qədrini bilsinlər, qazanclarını ailələrinə, valideynlərinə, uşaqlarına, xeyirli işlərə sərf etsinlər. Ötəri qazanca aldadıb həyatlarını məhv etməsinlər. Ağılları, güc-qüvvələri ilə zəhmət çəkib halal qazanc əldə etsinlər. Qumar bu dünyada da, o dünyada da rüsvayçılıqdı.
Məlahət Rzayeva