“Çünki bizim toplum heç xəstəlikdən dünyasını dəyişən yaxınlarının ekspertizasına razı deyil”
Zaman alacaq...
Meyitdən orqan köçürülməsi prosesi mənəvi baxımdan çətin görünür
“Çünki bizim toplum heç xəstəlikdən dünyasını dəyişən yaxınlarının ekspertizasına razı deyil”
“Çünki bizim toplum heç xəstəlikdən dünyasını dəyişən yaxınlarının ekspertizasına razı deyil”
Azərbaycanda orqan transplantasiyası məsələsi yenidən aktuallaşıb. Orqan transplantasiyası Azərbaycan səhiyyəsinin inkişaf etməmiş sahələrindən biridir. 1999-cu ildə "İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanun qəbul edilsə də, bu məsələnin icra mexanizmləri yoxdur. Yüzlərlə insan hər hansı bir orqanının sıradan çıxması nəticəsində həyatını itirir. Bir çox hallarda transplantasiyaya ehtiyacı olanlar müalicə üçün xarici ölkələrə göndərilsə də, bu, xəstələrin çox az hissəsini təşkil edir.
Mütəxəssislər hesab edir ki, problemin həlli üçün ən əsası icra mexanizmləri hazırlanmalı və əhali arasında maarifləndirmə tədbirləri aparılmalıdır.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bu məsələnin birdəfəlik həlli istiqamətində Azərbaycanda "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişikliklər hazırlandığını deyib: "Bütün dünyada orqan köçürülməsinin təxminən 85-90 faizi meyitdən götürülən orqanların hesabına həyata keçirilir. Azərbaycanda isə meyitdən orqan köçürülməsi olmadığına görə bütün transplantasiyalar canlı insandan götürülən orqanların hesabına həyata keçirilir. Bu da bir tərəfdən donor üçün riskdir, digər tərəfdən geniş şəkildə transplantasiya həyata keçirməyə imkan vermir, yəni canlı insan yalnız cüt orqanlarını, tutaq ki, böyrəyinin birini, bir də bərpa olunan orqanını, yəni qaraciyəri verə bilər, ancaq digər orqanların canlı insandan transplantasiyası mümkün deyil. Ona görə də bu sistemin qurulması çox vacibdir”.
15 ilə yaxındır Azərbaycanda orqan köçürülməsinin həyata keçirildiyini vurğulayan millət vəkili indiyə qədər meyitdən orqan götürülməsi işinin qurulmadığını deyib: "Bu işi qurmaq üçün qanunvericilikdə hüquqi bazanın yaradılması lazımdır. Bunu həyata keçirmək üçün yaradılan işçi qrupu qanunvericilikdə meyitdən orqan götürülməsinin qaydaları və şərtlərini, razılıq vermə qaydalarını, klinikalar qarşısında texniki tələbləri və s. məsələləri müəyyənləşdirir. Bu məsələlər öz həllini tapmalıdır”. M.Quliyev vurğulayıb ki, bu işlər yekunlaşdıqdan sonra dəyişikliklər parlamentin Səhiyyə komitəsində müzakirə olunaraq Milli Məclisə tövsiyə ediləcək. Deputatın fikrincə, bu işi təkcə qanunvericiliklə həyata keçirmək mümkün deyil, bununla yanaşı maarifləndirmə də aparılmalıdır: "İllər lazım olacaq ki, maarifləndirmə işi getsin, tanınmış, nüfuzlu adamlar qabağa düşüb öz orqanlarını sağlığında vəsiyyət etsin və s. Belə nümunələr olmalıdır ki, insanlar orqan bağışlamaqdan çəkinməsinlər”.
Pediatr Vaqif Qarayev də məsələnin həllinin bir qədər vaxtaparan olduğunu deyib.
Meyitdən orqan köçürülməsi barədə hazırlanan qanun layihəsinə toxunan həkim çox böyük ehtimalla bu layihənin qəbul olunacağını deyib: "Qanun öz yerində, biz xalq, millət, toplum olaraq bu məsələyə hazırıqmı? Dünyasını dəyişmiş doğmalarımızın orqanını kiminsə həyatda qalması üçün hədiyyə verə bilərikmi?”.
Pediatr hesab edir ki, hüquqi tənzimləmədən əvvəl düşüncəmizdə güclü dəyişiklik olmalıdır. Çünki bizim toplum heç xəstəlikdən dünyasını dəyişən yaxınlarının ekspertizasına razı deyil. Ölümün səbəbini bilməkdənsə, həkimləri söyməyə üstünlük veririk. Bütün bunlar fonunda meyitdən orqan köçürülməsi prosesi bizdə alınacaqmı? Düşünürəm ki mənəvi baxımdan çətin olacaq. Bəlkə maarifləndirmə ilə insanlarımızı razı sala biləcəyik. Bu isə zaman alacaq...
Xatırladaq ki, bir neçə il öncə millət vəkili Qənirə Paşayeva öləndə orqanlarını bağışlayacağı barədə vəsiyyətini açıqlamışdı: "Əgər bir gün hər hansı bir qəza keçirsəm və ölüm ayağında olsam və ya hər hansı bir xəstəlik nəticəsində artıq beyin ölümü prosesini yaşasam, heç bir tərəddüd etmədən başqa insanları yaşada bilmək adına orqanlarımı götürüb həyatla ölüm arasında olan və orqan nəqlinə ehtiyacı olan insanlara köçürə bilərlər. Bu, mənim dünya ilə vidalaşanda edə biləcəyim son faydalı iş olacaq...
Ürəyimi, qaraciyərimi, ağciyərimi, böyrəklərimi, gözlərimi bağışladım. Pankreas vəzisini, sümük iliyini, bir sözlə, bağışlana biləcək, köçürülə biləcək bütün orqanlarımı...
Əgər kimsə yaşayacaqsa, bədənimin hər hansı bir hissəsini dərhal versinlər! Təki kimsə yaşasın. Təki kiminsə həyatını qurtarsın mənim canımın bir hissəsi...”
Q.Paşayeva bu addımı ilə cəmiyyətə bir növ yol göstərməyə və təşviq etməyə çalışıb. Bəs görəsən, digər ziyalılar, ictimaiyyət üzvləri nə düşünür? Cəmiyyət olaraq beyin ölümü, ürək ölümü və ya bioloji olüm keçirmiş şəxslərdən orqan götürülməsinə hazırıqmı?
"Həftə içi” qəzetinin əməkdaşı Naibə Qurbanova bu məsələnin birbaşa xasiyyətə bağlı olduğunu düşünür: "Dünyasını dəyişmiş doğmamın paltarını belə kiminsə əynində görsəm qəribə olaram, o ki ola orqanı. Özüm öləndən sonra neyləyirlər eləsinlər, amma məndən kiminsə ürəyini, böyrəyini istəməsinlər... Hazır deyiləm”.
Jurnalist Vüsalə Məmmədova isə öləndən sonra orqanlarının başqasına faydalı olması üçün qanunun təsdiqlənməsini gözləyir ki, hüquqi qaydada müraciət etsin.
Yazar Sevinc Elsevər isə hesab edir ki, meyitdən orqan köçürülməsi yaxınını itirmiş adamlar üçün təsəlli ola bilər. Sənin itirdiyin adam başqa birinə can bağışlayır. Dolayısı ilə həm də özü yaşayır. Yaşayır və yaşadır. Bu baxımdan yazar mentalitetimizin bu prosesə etiraz etməyəcəyini düşünür:
"Amma bu məsələ çox ciddi nəzarət tələb edir. Kiminsə yaxını qəzaya düşəcək, əməliyyatdan sağ çıxmayanda şübhələnəcək ki, bəlkə onun doğmasının orqanını bir başqasına satmaq üçün bilərəkdən xilas etməyiblər?! Hər halda mənə elə gəlir ki, bu qanun həm də qanun pozuntularına yol aça bilər. Qanunsuz orqan alveri ən təhlükəli bir şeydi. Cəmiyyətdə qarşılıqlı inam, etibar çox güclü olmalıdı ki, bu cür qərarlar qəbul olunsun. Bir də ciddi dövlət nəzarəti olmalıdır. Belə olan təqdirdə əslində çox lazımlı qanundur”.
Psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, orqanlarımız torpağın altında çürüməkdənsə, ehtiyacı olan birinə həyat versə daha yaxşı olar:
"Düşünürəm ki, orqan transplantasiyasının Azərbaycanda həyata keçirilməsi təqdirəlayiq bir hal olar. Bu gün üçün cəmiyyətimiz buna hazır deyilsə də, maarifləndirmə yolu ilə onlara bu işin əhəmiyyətini izah etmək lazımdır. Məncə, qanuni qəbul etmək üçün cəmiyyətin psixoloji cəhətdən hazır olmasını gözləməyə ehtiyac yoxdur. Uyğun orqan gözləyən nə qədər xəstələr var. Əgər hansısa insan kliniki ölüm keçiribsə, nəyə görə onun hansısa orqanından donor kimi istifadə olunmasın?”.
Sosioloq-jurnalist Elçin Bayramlı isə bu məsələnin göründüyü qədər səmimi olmadığını düşünür:
"Düzdür, kimisə xilas etmək üçün kiminsə orqanını bağışlaması humanist hərəkətdir. Lakin burada çox mürəkkəb məsələlər var. Əvvəla, tam ölüm zamanı heç bir orqan götürülüb köçürülə bilmir, çünki o orqan yararsız olur - göz qişasından başqa. Bu halda həkimlər beyin ölümü diaqnozu qoyduqları xəstənin hələ tam ölməmişkən orqanlarını götürə bilərlər. Halbuki adam hələ həyatdadır. Bundan qlobal orqan mafiyası necə lazımdır istifadə edir və dövriyyəsi trilyonlarla ölçülür. Beyin ölümü və digər bu tip tibbi diaqnozları təsdiq edən elmi mərkəzlər də həmin qlobal mafiyanın nəzarətindədir. Üstəlik, beyin ölümünün təyin olunma mexanizmi və bunun tam ölüm sayılması barədə dünya elmi tibb mərkəzləri həmfikir deyil. Son illərdə beyin ölümü faktının əleyhinə daha çox elmi faktlar ortaya qoyulur.
Beyin ölümü belə insanın tam ölümü demək deyil. Bu halda sağ insanın orqanları onun icazəsi olmadan, yəni onu vaxtından tez öldürərək alınma halıdır. Beyin ölümü diaqnozundan sonra sağalıb yaşayan minlərlə adam var dünyada. Bu halda beyin ölümü diaqnozu qoyularaq şəxsin orqanlarının zorla götürülməsi cinayətdir. Yəni, birini xilas etmək üçün digərini öldürmək cinayət faktıdır. Hətta ailə üzvlərinin belə buna icazə verməyə ixtiyarı, hüququ yoxdur, olmamalıdır. Yalnız bədən sahibi öz rəsmi vəsiyyəti ilə buna icazə verərsə, qəbul etmək olar, o da buna məcbur olması və ya bundan pul qazanmaq fikri haqda şübhələr olmadıqda. Öldükdən sonra isə dediyimiz kimi, heç bir orqanı istifadə eləmək olmur, yalnız göz hissəsindən başqa”.
E.Bayramlının sözlərinə görə, bəzi ölkələrdə bunun qəbul edilməsi orqan qaçaqçılığına və ticarətinə vüsət verib. Müharibə regionlarında, yoxsul ölkələrdə böyük miqyasda cinayətlər törədilir. Hətta bəzi müharibələr məhz bu məqsədlə törədilir:
"Misal üçün, Suriyada, Liviyada, İraqda, Əfqanıstanda minlərlə uşağın və girov götürülmüş digər sağlam insanların orqanları zorla alınır və varlı ölkələrə satılır. Bir az da geniş kontekstdə baxsaq, sağlam müsəlmanların orqanları zorakı və kütləvi şəkildə götürülüb xristian qərbində istifadə olunur. Müsəlmanların qurban verilməsi səbəbinə xristianlar həyat qazanır. İnsana maddi qiymət qoyulur və o, hissə-hissə satılır. Bundan rəzil hərəkət və bundan böyük cinayət ola bilməz. Maraqlıdır ki, dünyada orqan köçürülməsində vəziyyət belədir - varlılar alıcı, kasıblar donor rolunu oynayır. Bu da sosial-psixoloji, mənəvi böhranın son həddidir ki, insan cəmiyyətinin ən rəzil sifətidir”.
Sosioloqun fikrincə, nəticələrlə yox, səbəblərin aradan qaldırılması ilə məşğul olmaq lazımdır. Biz bunu araşdırmalıyıq ki, niyə orqan çatışmazlığı yaranır və bunun qarşısını almaq üçün çalışmalıyıq:
"İnsanları sağlam həyat tərzinə, sağlam qidalanmağa, yeri gəlsə, məcbur etmək lazımdır. Qida təhlükəsizliyi maksimum təmin olunmalı, zərərli vərdişlər və texnologiyalara qarşı mübarizə aparılmalıdır.
Yoxsa, kimsə heç bir qaydaya riayət etmədən yaşayır, kefini sürür, nəticədə orqanı sıradan çıxır, kimsə də insan kimi sağlam həyat tərzi sürür, sağlam orqanı olur, sonra o, varlı və harın şəxsin kefcil və bivec həyat tərzinin ağır nəticələrinin əvəzini bu kasıb olan ödəyir. Burda ədalət hardadır? Yalnız bir halda bunu etmək olar. Bir insan yalnız özü şəxsən və çoxsaylı şahidlərin iştirakı ilə öz orqanını kiməsə verə bilər, misal üçün, yaxın adamını, ya da hansısa bir şəxsi xilas etmək üçün heç bir pul tələb etmədən. Orqan bir şərtlə verilə bilər ki, o, bərpa olunan olsun, şəxsin ölümünə, əlilliyinə səbəb olmasın. Əks halda, bu qərar orqan ticarətinin çiçəklənməsinə stimul yaradacaq ki, bu da həyatda ən ağır cinayətlərdən biridir”.
Şəymən