Zaman gedir...

“İndiki şəraitdə “Nabukko” layihəsinin reallaşmasını təsəvvür etmək olduqca çətindir”
Avropanın "ölü layihə” kimi arxivə atdığı "Nabukko” layihəsi dəfələrlə gündəmə gətirilsə də, bugünədək reallaşması mümkün olmayıb. Son olaraq Bolqarıstan baş naziri Boyko Borisovla
Azərbaycan Prezidenti İlham Əliyev arasında layihənin yenidən dirçəldilməsi ilə bağlı müzakirələr aparılıb.
Ötən gün Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da "Twitter” səhifəsində sözügedən layihənin yubadılmasına etirazını bildirib. N.Məmmədov "Nabukko” layihəsinin tamamilə unudulduğunu qeyd edib: "Avropa İttifaqı elə addımlar atmalıdır ki, tərəfdaşlarında onun etibarlılığına və səmimiyyətinə olan inam azalmasın. 7-8 il ərzində "Nabucco” ilə bağlı verilən təkliflər və aparılan danışıqlar isə bunu təsdiq etməyə imkan vermir. Görəsən, Avropada belə məsələlərə əhəmiyyət verilir?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban bildirib ki, indiki şəraitdə "Nabukko” layihəsinin reallaşmasını təsəvvür etmək olduqca çətindir: "Burada Bolqarıstanın marağını başa düşmək olar. Bolqarıstan bir müddət sonra analoji təkliflə Türkiyədən Avropaya "Türk axını” layihəsinə də belə bir təkliflə müraciət edəcək. Bu ölkə olduqca ağır iqtisadi vəziyyətdədir və imkan daxilində qazanc əldə etmək istəyir. Onu nə boru kəmərinin qiyməti maraqlandırır, nə də investorların imkanları, təki özü bir şey qazansın. Azərbaycanın isə TAP qarşısında öhdəliyi var. Şahdəniz konsorsiumu öz seçimini edəndə öhdəlik götürüb ki, əvvəlcə 10 milyard kub metr qaz, sonra isə 20 milyard kub metr qaz həcmi versin. Həmin əlavə həcmlər isə "Şahdəniz-2” yatağının işlənməsindən deyil, digər yataqların hesabına başa gələcək. Bu baxımdan Bolqarıstan üzərindən keçməklə Şərqi Avropa ölkələrinə uzanacaq yeni boru kəmərinə investisiya qoymaq heç də Azərbaycan üçün maraq doğurmur. Düzdür, biz qazımızı müəyyən həcmdə sata bilərik, ancaq yeni investisiya layihəsində investor kimi çıxış etməyimiz artıq məqsədəuyğun olmazdı”.
İsmayıl