ZAMAN GƏLSİN, HAQLAYASAN YÜZÜ, ETİBAR QARDAŞIM!





Bu gün tanınmış sənətkar, ləyaqətli vətəndaş Etibar Bənnayevin 50 yaşı tamam olur.

Uzun illər televiziya məkanında şərəflə xidmət göstərmiş Etibar Bənnayevi məmləkətimizdə tanıyanların sayı kifayət qədərdir. Ömrünün az qala yarısını Azərbaycan Milli Televiziyasına sərf edən Etibar Bənnayev çoxsaylı maraqlı verilişlərin, filmlərin operatoru olub. Ən müxtəlif televiziya layihələrinin həyata keçirilməsində xüsusi xidmətlər göstərib. Bundan başqa rəsmi dövlət tədbirlərinin lentə alınması kimi məsuliyyətli işlərin də öhdəsindən uğurla gəlib. İşə ürəkdən can yandırması və professionallıq onun iş prinsiplərinin başlıca meyarı olub. Həmişə, hər yerdə sənətinin ucalığına sadiq qalıb və əsl ustad sənətkar olaraq öz nüfuzunun qeydinə qalıb.

Əslən Azərbaycanın şeir – sənət beşiyi Qazaxdan olması onu sənətə və poeziyaya ürəkdən və biryolluq bağlayıb. Özü Sumqayıtda doğulub boya-başa çatsa da ürəyi, könlü həmişə doğma torpağı, el-obasıyla olub. Onun yaxın ətrafı və əziz dostlarının əksəriyyəti də söz , yazı-pozu adamları, şairlərdir. Elə buna görə qələm adamları da onun xətrini həmişə çox istəyib, hörmətini-izzətini gözləyiblər.

Etibar Bənnayev ölkədə yeni yaradılan bir sahənin –Dövlət Miqrasiya Xidmətinin formalaşmasında da öz töhfəsini verib. Son illər onun fəaliyyəti daha çox bu vacib dövlət qurumunun işi ilə bağlı olub. Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətinin yaranmasında isə əsas fiqurlardan biri də Etibar Bənnayevdir. Həmin struktur indi bütün gücüylə fəaliyyətdədirsə, deməli, onun zəhməti hədər getməyib. Bu gün Etibar Bənnayev ömrünün ən gözəl bir pilləsini – 50 yaşını da Dövlət Miqrasiya Xidmətinin məsul şəxsi olaraq qarşılayır. Xidmətin Şəki Regional Miqrasiya İdarəsinin sərhəd-buraxılış məntəqələrində miqrasiya bölməsinin rəisi

vəzifəsində çalışan Etibar Bənnayev həmişəki kimi öhdəsinə düşən məsul işin mahiyyətinə uyğun olaraq şərəflə xidmət etməkdə, dövlətçiliyimizə öz töhfəsini verməkdədi.

Layiqli ictimai xadim, gözəl sənətkar, əsl el-oba adamı və əziz dostumuzu bu şərəfli yubileyi münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımızı yetiririk!

Yeni zirvələrə doğru, Etibar müəllim!

Etibar qardaşım

Dostum Etibar Bənnayevin 50 illik yubileyinə

Əlli – ömrün bizə bəlli

Üzü, Etibar qardaşım.

Keç beləcə dağ-dərəni,

Düzü, Etibar qardaşım.

Qənşərinə işıq gəlsin,

Nur ilən qarışıq gəlsin.

Oxumağa aşıq gəlsin

Sözü, Etibar qardaşım.

İnad yox inadın kimi,

Sınandın, sınadın kimi?

Qazandığın adın kimi

Özü Etibar qardaşım.

Qazaxdı üzün-astarın,

Xas qardaşısan xasların.

Ay doğmaların, dostların,

Gözü, Etibar qardaşım.

Taleyə bel bağlayasan,

Qəlbdə umud saxlayasan,

Zaman gəlsin, haqlayasan

Yüzü, Etibar qardaşım!


İbrahim İlyaslı, Ehtiram İlham