Zaqatala və Balakən tərpəndi

Yeraltı təkanların baş verməsi təbii prosesdir


Dünən Balakən rayonunda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 11:20:56-da Zaqataladan 21 km şimal-qərbdə Balakən ərazisində qeydə alınıb.

Yeraltı təkanın maqnitudası 3.8, dərinliyi 2 km olub. Zəlzələ episentrdə 4 bala yaxın, yaxın yaşayış rayonlarında 3 bala qədər hiss olunub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ölkəmizdə olan son durumlarla bağlı "Şərq”ə açıqlama verib. Baş direktorun sözlərinə görə, baş verən zəlzələ o qədər də güclü deyil: "Zaqatala, Balakən biri-birinə yaxın zonalardır və bu zonalar səthi olduğuna görə bu ərazilərdən zəlzələ zəif hiss olunur. Əslində belə zəlzələlərin olmağı heç də təsadüfi deyil, yəni bundan öncə də zəlzələ baş vermişdi. Sadəcə olaraq bu zəlzələlərin içərisində hiss olunanları var və zəifləri var. Lakin elə bir bölgə yoxdur deyəsən ki, orda dağıdıcı zəlzələ gözlənilir. Ona görə təkanların olmağı heç də problem deyil və bu olmalıdır”.

Yeganə Bayramova