Zaxarova yanlış danışır

Rusiya XİN rəsmisi cəbhə xəttində gərginliyi yaradan tərəfin adını açıqlamır




"Təəssüf ki, münaqişə zonasında vəziyyət mürəkkəb olaraq qalır”. Bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Nazirlik nümayəndəsi bəyan edib ki, münaqişə tərəfləri həll edilməmiş məsələlərə dair çıxış yolu axtarışına konstruktiv yanaşmalıdır:

"Rusiya Bakının və İrəvanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqlar prosesini fəallaşdırmağa hazır olduqlarını alqışlayır. Tərəflərin təmas xəttində gərginliyin azaldılmasına yönəlmiş əlavə addımlar atmağa hazır olduqlarını bildirməsi müsbət haldır”. Zaxarova bildirib ki, Moskva həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünü təşkil etmək cəhdlərini dəstəkləyir: "Nəzərdə tutulub ki, növbəti görüşdə münaqişənin tənzimlənməsi ilə bağlı mühüm məsələlər və vəziyyəti sabitləşdirmək üzrə mümkün tədbirlər müzakirə edilsin”. 

Rusiya XİN rəsmisinin açıqlamasını "Şərq”ə dəyərləndirən millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib ki, əslində Zaxarovanın Cenevrə danışıqlarının nəticələri və ondan sonra cəbhədə yaşanan gərginliklə bağlı səsləndirdiyi fikirlər həqiqəti əks etdirir. Lakin politoloq məsələyə yanaşmanın yanlış tərəfinə diqqət çəkib. Onun sözlərinə görə, Rusiya rəsmisi təmas xəttində gərginliyi yaradan tərəfin konkret adını açıqlamır: 

"Cenevrə danışıqlarının ardınca cəbhədə gərginliyin nisbətən azalacağı gözlənilirdi. Çünki gərginliyi azaltmaqla bağlı əlavə tədbirlərin hazırlanması haqqında prezidentlər arasında razılaşma əldə edilmişdi. Amma reallıq başqa cür oldu, təmas xəttində gərginlik nəinki azaldı, əksinə, şiddətləndi. Erməni tərəfi gün ərzində yüz dəfədən artıq atəşkəsi pozur. Müşahidə etdiyimiz vəziyyət Ermənistan Prezidenti Serj Sarkisyanın Cenevrə danışıqlarında üzərinə götürdüyü öhdəliyə və həmsədrlərin bəyanatına tamamilə ziddir”. Deputat bildirib ki, bugünlərdə 2007-ci ildə Horadizə şəhər statusu verilməsinin 10 illiyi ilə bağlı tədbirdə iştirak edib. Tədbirin ardınca Lələtəpəyə yollanan millət vəkili orada əsgərlərlə söhbət aparıb: 

"Əsgərlərimizlə görüşdə bir daha şahidi olduq ki, ermənilər gün ərzində atəşkəsi intensiv şəkildə pozurlar. Sanki, Cenevrə danışıqları keçirilməyib və Sarkisyan üzərinə heç bir öhdəlik götürməyib. Nəzərə alaq ki, erməni silahlılarının cəbhədə gərginlik yaratması Sarkisyanın icazəsi olmadan mümkün deyil. Deməli, Sarkisyan Cenevrədə bir cür danışır, ölkəsində isə tamamilə başqa cür addım atır. Erməni rəhbərin ikiüzlü mövqeyi tərəflər arasında gərginliyin artmasına gətirib çıxarır. Əslində, Sarkisyanın bu cür davranışı bizim üçün təəccüblü deyil. Çünki dəfələrlə müşahidə etmişik ki, prezidentlər səviyyəsində görüşlərdən əvvəl və ya sonra Ermənistan rəhbərliyi təxribatlara əl atır. Məqsəd danışıqların nəticəsini heçə endirməkdir.

 Hadisələrin bundan sonrakı inkişafında bütün məsuliyyət birbaşa təcavüzkar Ermənistanın və onlara göz yuman həmsədrlərin üzərinə düşəcək. Rusiya da hər zaman mövqeyini nümayiş etdirir və təcavüzkarla işğala məruz qalan tərəflər arasında bərabərlik işarəsi qoymağa çalışır”.

İsmayıl