"Vladimir Zelenskinin Ukraynanın prezidenti seçilməsi gözlənilən idi”.
Bu sözləri "Sherg.az”a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri , politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, bütün rəy sorğuları seçkinin birinci və ikinci turundan əvvəl Zelenskinin xeyrinə idi:
"Zelenski artist və yumoristik proqramın aparıcısı kimi məşhurluq qazanıb. Onun yeganə üstünlüyü onda idi ki, nə qədər əcaib səslənsə də, siyasətçi deyil. Ukraynalıların böyük əksəriyyəti mövcud idarəetmədən və siyasətçilərdən beziblər, çünki verilən vədlər yerinə yetirilməyib. Ona görə də vətəndaşlar yeni simaya üstünlük verməyə qərar verdilər. Birinci turdan sonra Poroşenko rəqibindən geri qalırdı, ancaq kiçik ehtimal var idi ki, prezident debatda fərqi aradan qaldıracaq. Alınmadı, əksinə artist debatda Poroşenkonu zəif nöqtələrdən vurdu”.
Mərkəz rəhbərinin sözlərinə görə, Zelenski oliqarxik sistemi dəyişə bilməyəcək:
"Bu onun əlində deyil. Əksinə Zelenskiyə kənardan dəstək verən oliqarx İqor Kolomoyski sürgündən qayıdıb yenidən "iş başına” keçəcək. O biri oliqarxlar da fəallaşacaqlar.
V. Zelenskinin dağılmış iqtisadiyyatı düzəltmək üçün milyardlarla dollar investisiyalara ehtiyacı var. Çətin ki, Qərb dövlətləri və beynəlxalq maliyyə instituları həmin milyardları yeni prezidentə versinlər. Poroşenko qərbpərəst siyasətinə rəğmən, istədiyi investitiyaları ala bilmədi. Zelenski isə Qərb üçün qara qutudur. Digər tərəfdən Zelenskinin iqtisadi proqramı haqqında da məlumat yoxdur”.
Zelenskinin Cənubi Qafqaz və Azərbaycan siyasəti haqqında da düşünmək məcburiyyətində olduğumuzu söyləyən ekspert diqqətə çatdırıb ki, Ukrayna GUAM-ın üzvü kimi Azərbaycanın strateji tərəfdaşıdır:
"Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynada investisiyaları var. İki ölkə arasında yük daşımaçılığı artır. Ukraynanın keçmiş prezidentlərinin Azərbaycana müsbət münasibətləri olub və Azərbaycanın dəyərini anlayırdılar. Petro Poroşenko Azərbaycana rəsmi səfər etmişdi. Azərbaycan prezidenti İlham Əliyev onunla yaxın münasibətlər qurmuşdu. Yeni prezidentin də bu əlaqələri davam etdirilməsi vacibdir. Bunu Zelenskiyə onun müşavirləri və təyin edəcəyi yeni xarici işlər naziri də anladacaq. Onlar Zelenskinin Azərbaycana ilk rəsmi səfərini də hazırlayacaqlar. Əsas odur ki, Zelenskinin artist dostları arasında ermənilərin çoxluq təşkil etməsinə baxmayaraq, yeni prezident ölkəsinin Cənubi Qafqazdakı maraqlarının Azərbaycanla strateji əməkdaşlıqdan keçdiyini qəbul etsin”.
Qeyd edək ki, Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turu ilə bağlı protokolların 85,78 faizini hesablayıb. nəticələrə görə, seçicilərin 73,2 faizi Vladimir Zelenskiyə, 24,46 faizi isə Petro Poroşenkoya səs verib.
Yeganə Bayramova