Qurban Yetirmişli: “Proses adi prosesdir və zəlzələ anına görə xarakterikdir”
Dünən Azərbaycan ərazisində ardıcıl 3 zəlzələ olub. Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən aldığımız məlumata görə, ilk zəlzələ yerli vaxtla 14:32:57-də Şamaxı rayonu ərazisində, Şamaxı-İsmayıllı istiqamətində qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 4,7 bal olub. 5 kilometr dərinlikdə qeydə alınan zəlzələ əhali tərəfindən də hiss edilib.
Növbəti zəlzələ İsmayıllıda baş verib. SXM-nin ilkin məlumatına əsasən zəlzələ 15:06:18-da qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4 bal, dərinliyi 6 km olan bu zəlzələ də əhali tərəfindən hiss edilib. Sonuncu zəlzələ isə yenidən Şamaxı ərazisində baş verib. SXM-dən verilən xəbərə görə, saat 16:07-də qeydə alınan yeraltı təkanın maqnitudası 3.5, dərinliyi 6 km olub. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.
Şamaxı və İsmayıllıda baş verən zəlzələlərlə bağlı mətbuatı məlumatlandıran AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin sözlərinə görə, Şamaxı-İsmayıllı respublikada ən aktiv seysmogen zonadır. Elə gün olmur ki, orada zəif təkanlar baş verməsin.
Q.Yetirmişli deyib ki, dünən baş verən ilk təkan güclü olduğundan ondan sonra çoxsaylı - 20-dən çox afterşok qeydə alınıb. Bunların arasında 3 bala kimi hiss olunanların da baş verdiyini deyən Q.Yetirmişli əlavə edib ki, afterşokların çoxluğu və prosesin belə getməsi, əsas təkandan sonra bir neçə hiss olunan zəlzələnin qeydə alınması katastrofik zəlzələ ehtimalının olmadığını göstərir: "Enerji boşalması getdiyi üçün güclü zəlzələ gözlənilmir. Afterşoklar var və bu proses davam edəcək”.
Mərkəz direktoru onu da deyib ki, zəlzələlərin heç bir dağıdıcı təsiri olmayıb: "İlk güclü zəlzələ dağlıq ərazidə baş verib. Zəlzələ Pirquludan şimal-qərbdə dərinlik qırılması boyunca, Şamaxı-İsmayıllı arasında dərin tektonik qırılma blokların hərəkəti nəticəsində olub. Proses adi prosesdir və zəlzələ anına görə xarakterikdir. Orta güclü, maqnitudası 4.6 olan zəlzələ dağlıq ərazidə baş verib və orada yaşayış məntəqəsi Zarat Xeybəri kəndində binalar qayaların üstündədir. Orada dağıntı ola bilməzdi. Normal tikililərdə müəyyən çatlar əmələ gələ bilər. Amma binalara yerində baxış keçirildikdən sonra dağıntılar barədə dəqiq məlumat vermək olar”.
Şəymən