Hüquqşünas İradə Cavadova "Şərq”ə açıqlamasında Azərbaycan Respublikası Cinayət Məcəlləsində qız qaçırılma adlı maddənin olmadığını, burada əslində adam oğurluğu baş verdiyini bildirdi:
Zəmanə dəyişib...
“Qız qaçırılma” hadisəsi övladlarla valideynləri üz-üzə qoyur
Hüquqşünas İradə Cavadova "Şərq”ə açıqlamasında Azərbaycan Respublikası Cinayət Məcəlləsində qız qaçırılma adlı maddənin olmadığını, burada əslində adam oğurluğu baş verdiyini bildirdi:
"Səhər saat 7-də qırmızı "07”də, dal qapını açdılar, qızı götürüb qaçdılar. Ay telli, telli oğlan, ay şirin dilli oğlan. Anam sənə qız verməz, get para qazan oğlan...” Müstəqillik illərimizdə yaranan mahnıdır. Xatırlayırsınızsa, bu mahnı çox dəbdə idi. Gənclər avtomobillərində bu mahnını yüksək səslə oxudurdular. Tam, dövrə uyğun mahnı idi. Parası olmayan oğlana ana qız verər?!
Qız qaçırılması mövzusu yadıma başqa bir mahnını da saldı. Kərkükün məşhur ninnisini: Evlərinin önü darçın, fələk qoymur gözüm açım. Səni alım, hara qaçım? Ninnə yarım ninnə, əsmər yarım ninnə...
Birinci mahnı ilə bu, ikinci arasında nə qədər böyük fərq var. Birincidə, cəsarət fonunda boy göstərən kobudluq, qabalıq, arsızlıq, hətta ədəbsizlik motivləri nə qədər çoxdursa, ikincidə, daha çox qəm-qüssə, kədər, nakam sevgi, çıxılmaz vəziyyət, bəxtsizlik, talesizlik fonunda, paklıq, saflıq özünü göstərir. Həqiqətən, cəmiyyətimiz nə qədər dəyişib!..
Qız qaçırılması mövzusuna niyə toxunduq? Bu "el adəti”ndə son zamanlar artım tempi müşahidə olunur. Səbəblərsə müxtəlifdir. Bəzən qız qaçırılmalarını sosial və iqtisadi amillərlə bağlayırlar. Hətta ailələrin əlavə xərcə düşməmək üçün qarşılıqlı anlaşma ilə qaçırılma olayına xeyir-dua verdiyi vaxtlar da olur. Elçilik, üzük gətirmə, nişan, bayramlıqlar ixtisara düşsün deyə, bir dəfə qaçırılma ilə toy edib gəlin gətirməyi sərfəli bilirlər. Pis metod deyil. Təbii, qızın sevdiyi şəxslə evlənməsinə razılıq verilməməsi, valideynlərin özlərinin məsləhət bildiyi qızla oğullarını evləndirmə cəhdinə qarşıçıxmalar da çox zaman qız qaçırılmalarla sonuclanır. Amma bəzən qızın razılığı, istəyi olmadan qaçırılmalar da baş verir ki, burada artıq konkret cinayət məsuliyyəti yaranır.
Vəziyyəti dəyişdirə biləcək fərqli məqamlar da ola bilər. Məsələn, qaçırılmış qız öz istəyi ilə getdiyini deyib, oğlan tərəfini məsuliyyətdən azad edər. Bəs əgər qızın valideynləri şikayətçidirlərsə və qızlarını geri qaytarmaq istəyirlərsə, onda necə? Bu günlərdə oxşar hadisə Bərdədə baş verib. Bərdə rayon sakini, 19 yaşlı Aysel Baratlı 4 nəfər tərəfindən qaçırılaraq Sabirabad rayonuna aparılıb. Amma qızın atası polisə şikayət edib, keçirilən əməliyyat nəticəsində qız ailəsinə təhvil verilib. Qız qaçıran bunu evlənmək məqsədilə etdiyini və peşman olduğunu desə də, barəsində cinayət işi açılıb. Və adam oğurluğuna görə onu 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir.
"Qız qaçırmaq, əslində adam oğurluğudur”
Hüquqşünas İradə Cavadova "Şərq”ə açıqlamasında Azərbaycan Respublikası Cinayət Məcəlləsində qız qaçırılma adlı maddənin olmadığını, burada əslində adam oğurluğu baş verdiyini bildirdi:- Elə arasında buna qız qaçırılması deyirlər, amma əslində, bu, adam oğurluğudur. Necə yəni, küçədə getdiyin yerdə qızı, qadını maşına basıb aparasan?! Adını da qoyasan ki, evlənmək istəyirəm. Qız qaçırmaq aşkar şəkildə adam oğurluğudur və konkret cinayət əməlinə görə cəzası da nəzərdə tutulur. Cəzalar hadisənin başvermə səbəbləri, oğurlanan şəxsin ifadələri, oğurluğa görə kimisə günahkar bilib-bilməməsi, öz razılığı, öz istəyi ilə həmin şəxslə getməsi şərtlərinə görə dəyişə bilər. Əgər oğurlanan xanım nikah yaşındadırsa və öz istəyi ilə getdiyini bildirirsə, o zaman qarşı tərəf məsuliyyətdən azad olur. Bu halda valideynlərin şikayəti də hüquqi qüvvəsini itirir. Lakin bəzən belə hallarda hüquq-mühafizə orqanları vəziyyətdən sui-istifadə etməyə çalışır, hədə-qorxu gəlir, nəsə tələb edirlər. Əslində isə şikayət yoxdursa, cinayət işi açılmamalı və ya bağlanmalıdır. Cinayət məsuliyyəti o zaman qüvvədə qalır ki, oğurlanan azyaşlı olsun. Oğurlanan qız azyaşlıdırsa, hətta şikayətçi olmasa belə, azyaşlı olduğu üçün bu halla bağlı cinayət işi açılmalıdır və həmin şəxs cinayət məsuliyyətinə cəlb edilməlidir. Çünki burada artıq qanunvericilik pozulur. Nikah yaşına çatmamış şəxslə ailə qurmaq qadağandır. Qız oğurlayan adamlar yalnız o halda məsuliyyətdən yaxa qurtara bilir ki, "qaçırılanın yaşı 18-dən yuxarı olsun və o, öz razılığı ilə getdiyini bildirsin. Nikah yaşına çatmayan qızların qaçırılma adı altında evlənməyə məcbur edilmələri birbaşa cinayətdir.
İ.Cavadova da son zamanlar iqtisadi çətinliklər üzündən ailələrin qız qaçırılmasına razılıq verdiyini dedi:
- Bəzən valideynlər qıza cehiz verməmək üçün, deyirlər, götür, qaçır. Bəzən həqiqətən tərəflərin toy etməyə, cehiz verməyə imkanları olmur. Öz aralarında danışıb razılığa gəlirlər. Nikah yaşına çatmış gənclər özləri qərar verir, evlənirlər. Məsləhət görərdim ki, gənclər bu əmələ üz tutmasınlar. İmkanları yoxdursa, VVAQ şöbəsinə gedib, rəsmi qaydada ərizə yazsınlar, ailə qurmaq istəklərini bildirsinlər. Böyüklərin öyüd-nəsihəti, xeyir-duasıyla evlənsinlər.
Stereotiplər dəyişir
Bərdə hadisəsində diqqət çəkən məqam valideynlərin qızlarından imtina etməmələri, qaçırılmasına rəğmən ona sahib çıxmalarıdır. Bu da bəlli stereotiplərin artıq dəyişdiyindən xəbər verir. Əvvəllər qaçırılan qız ata üçün "ölmüş” hesab edilirdi. "Qaçıbsa, o daha mənim qızım deyil” deyən atalar, illərlə bu "ləkə”ni qızlarına bağışlamırdılar. Düzdür, vəziyyətlə barışıb "artıq olan-oldu” deyib, qızlarının ailə qurmasına razılıq verənlər, ağsaqqal, ağbirçək sözüylə hirsini soyudanlar da olurdu. Son illərsə fərqli reaksiyaların şahidi oluruq. Ailələr qızlarına sahib çıxır, qaçırılmış qızlarını geri tələb edirlər. Qızlarının qaçırılması ilə heç cür barışmırlar.
Psixoloq Elnur Rüstəmov "Şərq”ə açıqlamasında stereotip dəyişkənliyinin səbəblərini belə açıqladı:
- Artıq bizdə milli-mənəvi dəyərlərin aşınması prosesi gedir. Əvvəl ailələr daha tolerant davranırdılar. Qız qaçırılmalar baş verəndə böyüklər irəli keçir, minnətə gəlirdilər. Barışıq olmasını təmin edirdilər. İndi hər kəs daha çox özünü düşünür. Ana da, ata da fərdi eqodan çıxış edir. Ananın da, atanın da yanaşması budur ki, mən çəkdiyim əziyyəti övladım görməsin. Ona görə də valideynlər istəyir ki, qızını varlı, imkanlı ailəyə ərə versin, oğlanları üçün varlı ailədən qız alsınlar. Təsəvvür edin ki, əvvəllər qayınatalar gəlinlərin işləməsinə razı olmazdı, amma indi qayınata gəlininin avtomobil sürməsi ilə az qala fəxr edir. Çünki dəyərlər sistemimiz dəyişib. Evə pul gətirən qadın özünü evin ağası kimi aparır. Ona görə də zorakılıq halları da artır. Bu hal artıq qorxulu xarakter alır. Hər şeydə maddiyyat önə keçir. Mənəvi dəyərlər itir. Ailə dəyərlərinin qorunması istiqamətində maarifləndirmə işləri aparılmalıdır. Baxın, nə qədər boşanma halları var. İllər keçdikcə, statistika artır. Ailə məfhumu bizdə tək-tək şəxsiyyətlərin sadəcə bir dam altda yaşaması kimi başa düşülür. Kişi özü üçün yaşayır, qadın özü üçün. Birlik, vəhdət yoxdur artıq. İqtisadi müstəqilliyə də fərdi müstəqillik fonunda baxılır. Qız qaçırılmalar hansı halda baş verir? Ailələr izdivaca razı olmayanda, ailə daxilində gərginlik hökm sürdükdə və ya təhsildən yayınma olduqda. Təhsildən yayınan qız da, oğlan da, çıxış yolunu evlənməkdə görür. Halbuki onlar bu evliliyə mənəvi baxımdan da hazır deyillər. Belə düşünürlər ki, evlənərik, ata-anamız bizə kömək edər. Bu da ailə məsuliyyətinin dərk edilməməsindən qaynaqlanır. Problemlər kifayət qədərdir. Bu məsələlər əsaslı araşdırılmalı və milli-mənəvi dəyərlərin təbliğinə diqqət edilməlidir.
Məlahət Rzayeva