Zənginlər: Onların puluna göz dikməli deyilik


Azərbaycanlı milyarder və ya milyonerlərin çoxu var-dövlətini Azərbaycan xalqının acığına yığmış adamlardı...
Əbəs yerə deməyiblər, yaxşı və pisliyindən asılı olmayaraq insanın tutduğu əməllər adından əvvəl xatırlanır. Baxın, bu gün Hacı Zeynalabdin Tağıyevin adını eşidən hər kəs öncə onun milyoner və ya milyarder olması deyil, xeyirxahlığı, xoş əməlləri, kasıba əl tutması, elmin, təhsilin tərəqqisinə göstərdiyi qayğı və mesenatlığını göz önünə gətirir. Buna rəğmən son zamanlar ölkəmizdə H.Z.Tağıyev kimi xoşməramlı addımlar atan milyoner və ya milyarderə rast gəlinmir.
Halbuki məhz indiki halda da dünyanın bir çox ölkələrində milyarderlər öz ölkələrində elmin, təhsilin inkişafına, ölkəsinin mütərəqqi yeniliklərə və müsbət irəliləyişlərə nail olmasına, aşağı təbəqənin sosial şəraitinin yaxşılaşdırılmasına çalışır və həmin istiqamətdə maddi dəstək göstərməkdən boyun qaçırmırlar. Əksinə, buna can atırlar. Mətbuat səhifələrində vaxtaşırı "Fransalı və ya almaniyalı milyarder ölkəsində kasıblara əl tutdu” başlıqlı yazıların şahidi oluruq. Azərbaycanlı milyarder haqda isə belə məlumatlar çox az hallarda gözə çarpır. Bizimkilər sanki mülklərinin üstünə mülk gətirməyi qarşılarına məqsəd qoyublar. Fəaliyyətləri yalnız hansısa turistik məkanda otel və ya təmtəraqlı restoran ucaldıb, gəlir əldə etməkdir. Bir dəfə də olsun müşahidə etmədik ki, hansısa azərbaycanlı milyarder ucqar bir kənd məktəbinin təmirinə vəsait ayırıb. Maraqlıdır, görəsən, azərbaycanlı zənginlərin qabağını kəsən nədir? Niyə onlar da xarici imkanlılar kimi öz ölkələrinə gün ağlamaq istəmirlər? Məlumat üçün bildirək ki, məşhur "Forbes” jurnalı 2015 - ci üçün Rusiyanın 200 ən varlı adamının adını açıqlayıb. Lent.az-ın məlumatına görə, siyahıda azərbaycanlı iş adamlarının da adı var. 12,2 milyard vəsaitlə Vahid Ələkbərov, Zarah İliyev (4.3 milyard), Qod Nisanov (4,3 milyard), Fərhad Əhmədov (1,4 milyard) , Telman İsmayılov (0,6 milyard) ilə bu siyahıya düşüblər.
Suallarımızı cavablandıran tanınmış şair-publisist Aqşin Yenisey bildirib ki, sərvətlilərimizi xeyirxah əməllərdən çəkindirən iki əsas səbəb mövcuddur: "Birinci amil odur ki, azərbaycanlı milyarder və ya milyonerlərin çoxu var-dövlətini Azərbaycan xalqının acığına yığmış adamlardı.
Onlara zamanında bu məmləkətdə normal şərait yaradılmayıb. Müstəqil şəkildə hansısa layihəni həyata keçirə bilməyiblər ki, pul qazansınlar. Bundan sonra gedib başqa ölkəyə, bu və ya digər yolla var-dövlət yığıb. İndi də bu xalqa acıq verirlər. Bu səbəbdən var-dövlətini xalqımıza xərcləmək barədə düşünmür. İstəmir ki, pulların köməyi ilə xalqının inkişafına, mədəniyyətinə xeyir versin”.
İkinci səbəbə gəlincə, şair söyləyib ki, zənginlərimizin çoxu pulu başqa xalqların içərisində qazanıb: "O qədər milyoner tanıyıram ki, Azərbaycanda acından öldüyünə görə Rusiya və yaxud başqa ölkəyə gedib, orada da özünü tutub, yaxşı pul qazanıb. Hətta çox yüksək vəzifələrdə işləyirlər. Böyük iş adamlarıdırlar. Halbuki onlar vaxtilə ölkəmizdən yoxsulluq, səfalət və imkansızlıq ucbatından qaçıblar. Belə adamlar uşaqlıqdan mənəvi travma alıblar öz xalqından və ölkəsindən. Həmin travmalar isə təzahürünü bu şəkildə göstərir. Sonra da deyirlər ki, filankəs getdi milyarder oldu, gör bir heç elinə-obasına gün ağlayırmı? Əksinə, milyarderlərimizin çoxu xalqından intiqam almaqdan xoşlanır. Azərbaycanlı imkansızların onların var-dövlətinin miqdarından danışması onların xoşuna gəlir”.
H.Z.Tağıyevin gördüyü işlərə toxunan A.Yenisey deyib ki, o, nadir tapıntı idi: "Qızlar üçün gimnaziyalar açıb, təhsilə pul xərcləyib. Ölkəmizin istedadlı gənclərini təhsil almaq üçün daha inkişaf etmiş ölkələrə göndərib. O, Azərbaycanın nadir tapıntılarındandır ki, öz millətimizin içində mal-mülk qazana bilmişdi. Onun zənginləşməsi Nobel qardaşlarının və eyni zamanda biznes qanunlarının Azərbaycana gəlişi dövrünə təsadüf edir. Həmin dövrdə neft bizneslərinin qanunları bura gəlməsə idi, Tağıyevdən də məhrum olacaqdıq. Görünür, avropalılar öz neft maraqları ilə birlikdə neft ticarət qanunları və mədəniyyətdəki mesenatlıq prinsiplərini də gətiriblər”.
Təhsilin biznes forması olduğunu iddia edən müsahibimiz hesab edir ki, azərbaycanlı milyonçudan xeyriyyəçilik gözləmək sadəlövhlükdən başqa bir şey deyil: "Sadaladığım səbəbləri biliriksə, onların var-dövlətinə göz dikməli deyilik. Ümumiyyətlə, onlar haqda danışmamalıyıq”.
Ayyət Əhməd