Zərərli saytlar gəncləri də, uşaqları da yoldan çıxarır

“İndi kompüter arxasında oturmaqdan gözləri zəifləmiş, saçı tökülmüş çox sayda gəncə rast gəlmək olur ki, ali məktəblərə minimum keçid balını belə toplamaqda çətinlik çəkirlər”




(Əvvəli ötən sayımızda)...

Ölkəmizdə porno və radikal dini saytların sayı durmadan artmaqdadır. Şübhəsiz ki, bu cür "media quruluşlarının” meydana gəlməsi və ayaq tutub yeriməsi cəmiyyətdə birbaşa milli-mənəvi və dini dəyərlərin zədələnməsinə, milli məfkurəmizin sıradan çıxmasına səbəb ola bilər. Ona görə də məlum vəziyyət ictimaiyyətdə ciddi etirazla qarşılanır. Çünki insanlar bunun böyük təhlükə mənbəyi olduğunu və gələcəkdə ən ağır fəsadlar saçacağını anlayırlar.

Artıq bəzi parlamentarilər də problemin ciddiliyini nəzərə alıb, məsələni Milli Məclisin gündəminə daşıyıb. Məsələn, parlamentin ötən həftə baş tutan iclasında millət vəkili Elmira Axundova sözügedən hala diqqət çəkərək, onun aradan qaldırılmasının zəruriliyini vurğulayıb. Xanım deputat bildirib ki, Azərbaycanda pullu seks xidməti təklif edən və eyni zamanda vətəndaşlarımızın xarici ölkələrdə muzdlu döyüşçü kimi cəlb olunması üçün xidmət göstərən saytlar fəaliyyət göstərir. E.Axundova təklif edib ki, müxtəlif ölkələrə məxsus olan pornonu təbliğ edən, muzdlu döyüşçüləri qaynar bölgələrə səsləyən, aqressivlik aşılayan və yeniyetmələrin mənəviyyatını korlayan və digər bu xarakterli saytların fəaliyyəti tamamilə qadağan edilsin: "İnternetdə sərbəst fəaliyyət göstərən müxtəlif dövlətlərə məxsus əxlaqsız saytların xidməti bizim yeniyetmələrə çatmasın. Bu ən azından 95 faiz əhalisi müsəlman olan ölkəyə yaraşmır. Bir çox dövlətlər, məsələn, Türkiyə, Rusiya belə məhdudiyyətləri tətbiq etməyə başlayıblar”.

"Azvision”.az saytının baş redaktoru Vüsal Məmmədov "Şərq”ə müsahibəsində zərərli saytların gənclərə və uşaqlara yaratdığı fəsadlardan danışıb.

- İddialar var ki, zorlama hallarının genişlənməsinin təməl qaynaqlarından biri də porno saytlardır. Bu, doğru yanaşmadırmı?

- Bunu demək üçün heç olmasa, bir neçə yüz zorlama hadisəsini araşdırmaq və sonra statistikanı təhlil etmək lazımdır ki, daha çox hallarda zorakılıq nədən qaynaqlanıb. Yəni məsələyə elmi yanaşmaq lazımdır. Şəxsən mən səbəbi başqa şeydə görürəm. Qısa desəm, bizim cəmiyyətdə seksuallığın miqdarı ilə seksin miqdarı arasında disbalans var. Məncə, əsas səbəb budur.

- Porno saytların azyaşlılara göstərdiyi təsir nədən ibarətdir?

- Çox pis və olduqca ziyanlı təsirdir. 18 yaşdan aşağı şəxslərin pornoya baxması qətiyyən olmaz. Uşaqlara isə əsla və əsla! Porno - uşaq və yeniyetmə şüurunu zədələyə bilər. Porno hər şeyi instinktlər, heyvani ehtiraslar səviyyəsinə endirir. Amma insanlara uşaqlıqdan sevginin, gözəl hisslərin olduğunu aşılamalıyıq. Onlar dərindən inanmalıdırlar ki, həyatda insani bağlılıqlar, doğmalıq, sevgi var. Yoxsa cəmiyyətimiz heyvan sürüsündən fərqlənməz.

- Belə saytlara girişi məhdudlaşdırmaq mümkün olacaqmı?

- Yox. Anonim giriş, yəni proksi xidmətləri təklif edən saytlar var. Onlardan faydalanaraq, istənilən yasaq sayta girmək mümkündür. Proksilərin özünü isə qadağan etməyin mənası yoxdur, hər dəfə yeniləri çıxır. Lap tutaq ki, provayderlərdə xüsusi filtrlər quruldu və ölkəyə çıxan-girən bütün trafik filtrdən keçirildi. Bilirsinizmi, nə olacaq? Pornodisklərin satışı çiçəklənəcək!

- İnsanların xarici ölkələrdə muzdlu döyüşçü kimi cəlb olunması üçün xidmət göstərən saytların vəd etdiyi təhlükə barədə nə deyə bilərsiniz?

- Tutaq ki, o saytları bağladıq”. "Facebook”da bu təbliğatın aparılması ilə nə edəcəyik? "Facebook”u da bağlayacağıq? Saytları bağlamaq yox, onları açanları tapmaq lazımdır. Sayt varkən bunu etmək daha asandır. "Facebook”da hansısa radikal səhifə açıb, işlədəni tapmaq praktik olaraq mümkün deyil. Amma saytı yaradanı tapmaq mümkündür. Ona görə də əgər iş düzgün qurularsa, o cür saytlar xüsusi xidmət orqanları üçün bir hədiyyə sayıla bilər.

- Niyə bəzən sosial şəbəkələr və digər internet saytları cəmiyyətlər üçün təhdid mənbəyi sayılır?

- İnsan kütləyə qoşulanda onun individuallığı itir, iradəsinə sahib çıxa bilmir. Təklikdə bir radikal çağırışı, məsələn, qəzetdə oxusa, bu, şüuruna o qədər də təsir göstərmir. Amma eyni şeylə sosial şəbəkədə rastlaşanda, ordakı "komment”ləri, "layk”ları görəndə təsir altına düşür, avtonom düşünmək qabiliyyətini itirir. Beynin tənqidi yanaşma funksiyası zəifləyir. Biz çox yox, 50 min il əvvəl sürü halında yaşamış canlılarıq, ona görə də "sürü instinkti” hələ də genlərimizdə qalıb. Vaxtilə bu instinkt insan nəslini qırılıb qurtarmaqdan xilas edib, ona görə də, alt şüurumuz ona çox ciddi yanaşır. Şüuraltımızda belə bir təlimat var ki, sürü şəxslərdən daha önəmlidir. Sosial şəbəkə isə müasir dövrün sürüsüdür. Ona görə də, cəmiyyət üçün çox təhlükəli sayılmalıdır.

Pornosaytların zərərindən söz açan informasiya texnologiyaları üzrə ekspert Cahid İsmayıloğlu deyib ki, internet trafikinin təxminən 50-60 faizini əyləncə saytları tutur. Və ora daxil olanların əksəriyyəti həddi-buluğa çatmayan yeniyetmələrdir: "Onlar pornosaytlara, oyun və tanışlıq saytlarına girirlər, onlayn kazinolarda oynayırlar, həm tərbiyələri pozulur, həm də vaxtlarını təhsilə yox, mənasız əyləncələrə sərf edirlər”.

Ekspertin sözlərinə görə, yeniyetmələr bu arzuolunmaz fəaliyyətlə həm evlərdə, həm də internet-klublarda məşğul olurlar: "Əksər internet-klublar qazancı belə yollarla əldə edirlər. Özünüz fikirləşin, geniş zolaqlı interneti ayda 10 manata əldə etmək mümkün olduğu bir şəraitdə internet klublarda adam əlindən tərpənmək olmur. Düzdür, tanışlıq saytlarına girənlərin içində arvada "çayçıdayam” deyib, internet-klublarda virtual eşbazlıqla məşğul olan evli kişilər də var. Amma istifadəçilərin çoxu məktəbli uşaqlardır”.

Ekspertin dediyinə görə, trafikin bu cür məşğul edilməsi dövlətin internet trafiki xərclədiyi on milyonlarla vəsaitin zərərli istiqamətə sərf edilməsi deməkdir: "Rəsmi məlumatlara görə, bizdə trafik pik saatlarında 135 terabayt/saniyəyə qədər yüksəlir. Zərərli saytlara giriş olmasa, yüklənməni iki dəfə azaltmaq olardı, bu isə internet istifadəçilərinin sayını əlavə xərc çəkmədən iki dəfə artırmaq olardı. Bu da rabitə sektorunda internet sektorunda əldə ümumi daxili məhsulun (ÜDM) iki dəfə artması deməkdir. Rəsmi məlumatlara görə, hazırda ölkədə 2 milyon internet istifadəçisi var. Buraya stasionar kompüterlər, noutbuklar, planşetlər və smartfonlar daxildir. Trafikin yüklənməsinin iki dəfə azalması daha 2 milyon belə qurğunun internetə bağlanması demək olardı. Bu qurğular ən ucuz geniş zolaqlı tariflə, yəni aylıq 10 manatlıq tariflə internetə qoşularsa, bu, rabitə sektorunun orta hesabla ayda 20 milyon manat, ildə isə 240 milyon manat əlavə qazanc əldə etməsi deməkdir”.

C.İsmayıloğlunun fikrincə, sərhədsiz internetin evlərə qədər girməsi, həmçinin evində internet olmayan uşaqlar üçün internet-klublarda hər cür şəraitin yaradılması Azərbaycanda Qərbin pornosənayesi tərəfindən tərbiyə olunan bir nəslin yetişməsinə səbəb olur: "Təbii ki, gününün çox hissəsini Saşa Qrey, Cessi Ceyni, Kim Kardaşyan kimi silikon toplularına baxmaqla keçirən yeniyetmənin gözündə qadının müəllim, ana, bacı, nənə, ağbirçək obrazı dağılmağa başlayır, belə gənclər üçün Azərbaycan mentalitetinin əsas sütunları olan namus, qeyrət, abır, ismət dəyərləri yavaş-yavaş qiymətini itirir. Bu yolla inkişaf Azərbaycanı liberalizm maskası altında gizlənmiş heç bir dəyəri və inamı olmayan, milli kimliyini qorumağa qeyrəti çatmayan ümidsiz bir sabaha sürükləyə bilər.
Bu məsələnin ən təhlükəli tərəfi yaşı əsasən 40-50 ətrafında dəyişən valideynlərin internetin bu cür "imkanları”ndan xəbərsiz olmasıdır. Əksər ailələrdə valideynlər uşaqlarına kompüter və ya
planşet alanda, bunun uşağın yaxşı oxuması üçün çox vacib olduğunu düşünür. Nəticə isə tam tərsinə olur. İndi kompüter arxasında oturmaqdan gözləri zəifləmiş, saçı tökülmüş çox sayda gəncə rast gəlmək olur ki, ali məktəblərə minimum keçid balını belə toplamaqda çətinlik çəkirlər. Adətən, belə gənclərin orta savadı, dünya görüşü çox zəif olur, insanlarla ünsiyyət problemləri olur, sağlamlıqlarında müxtəlif problemlər müşahidə olunur”.
Həmsöhbətimiz hesab edir ki, Azərbaycan evlərində böyüyən uşaqlar texnoloji inkişafın gətirdiyi çox ciddi bir problemlə üz-üzədir və bu problem mütləq həll edilməlidir: "Dünya səviyyəsində bu problem müxtəlif üsullarla həll edilir. Məsələn, Böyük Britaniya baş naziri seçilən Devid Kemeronun ilk addımlarından biri Birləşmiş Krallıq ərazisində bütün pornosaytların bağlanması olub. Əgər hər hansı britaniyalı öz evində porno və ya oyun saytı açdırmaq istəyərsə, bunun üçün provayderə rəsmi müraciət etməlidir. Bu məsələdə mühafizəkar ingilis mentaliteti nəzərə alınıb, yəni heç bir ingilis evində pornosayta baxmaq istədiyini etiraf etməz.

Azərbaycanda da təxminən buna oxşar addımlar atılması nəzərdə tutulur. Hazırda Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu uşaqların və yeniyetmələrin internet şəbəkəsinin mənfi təsirindən müdafiəsi sahəsində elmi araşdırmalar aparır. İTİ-nin Tədris-İnnovasiya Mərkəzindən verilən məlumata görə, bu istiqamətdə kontentin filtrasiyası, valideynlərlə provayderlər arasında razılaşma mexanizmlərinin tətbiqi, yaxud biometrik eyniləşdirmə sistemindən istifadə variantlarına baxılır. Həmçinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi uşaqların internet təhlükəsizliyini təmin etmək üçün "ağ siyahı”nın hazırlanmasını nəzərdə tutur. "Ağ siyahı”ya uşaqların maraq dairəsini əhatə edən, faydalı məzmuna malik veb-saytlar daxil ediləcək. Uşaqlar üçün zərərli saytların əngəllənməsi üçün qanunvericilikdə dəyişikliklər olunacaq. Yəni zorakılığı, ekstremizmi, terrorizmi təbliğ edən saytlar, həmçinin pornosaytlar, qumar saytları və s. bu kimi saytlar bağlanacaq”.

Ayyət Əhməd

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb