"Zeytun Budağı" əməliyyatı Türkiyə üçün çox vacibdir"- Sabiq XİN başçısı





"Türkiyə Afrin əməliyyatlarını həyata keçirməklə öz maraqlarını təmin edir”.

Bunu "Sherg.az”a Türkiyənin öz təhlükəsizliyini təmin etmək məqsədilə başlatdığı "Zeytun Budağı" əməliyyatından danışarkən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. 

O diqqətə çatdırıb ki, Türkiyə imkanlarını səfərbər etməklə vətəndaşlarını müdafiə edir:

"Terroru dəstəkləyən qüvvələr Türkiyəyə ziyan vurur. Regionda fəaliyyət göstərən terrorçuların təxribatları nəticəsində qardaş ölkə vətəndaşları terrordan böyük əziyyət çəkir. Hətta 80-ci illərdən indiyə qədər 30 minə yaxın Türkiyə vətəndaşının terrorun qurbanı olduğu bildirilir. 

Ona görə, Afrin əməliyyatları Türkiyə üçün, onun ərazi bütövlüyü üçün çox vacibdir.
Sözügedən əməliyyatlarla bağlı Azərbaycan da öz mövqeyini ortaya qoyub. Yəni qardaş ölkənin yanında olduğunu bəyan edib”.

Qeyd edək ki, ötən gündən etibarən Türkiyə ordusu Suriyanın şimal-qərbində yerləşən Afrin şəhərini mühasirəyə alıb. Türkiyə ordusu bu faktı təsdiqləyib və bəyan olunub ki, həmin ərazidə kürdlərdən ibarət və Amerikanın dəstəklədiyi YPG terror qruplaşmalarına qarşı mübarizə daha da gücləndiriləcək. Xatırladaq ki, Afrin əməliyyatı ("Zeytun Budağı”) 2018-ci ilin yanvar ayının 19-u tarixindən etibarən başlayıb.

Aysel Aslan