Ziyana düşən şikayətçi hələ də 7 min manatını ala bilmir

“Əvəzində “Sevil” massivinin ətrafında yararsız torpaq sahəsi təklif edirlər”




"Sevil” massivilə bağlı daxil olan şikayətlərin bir hissəsi öz həllini tapır və aparılan istintaq yekunlaşmaq üzrədir. Belə ki, bununla əlaqəli 3 rəhbər həbs olunub. Hökməli bələdiyyəsinin sədri məsuliyyətə cəlb olunub.

Həmçinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev mətbuata açıqlamasında bildirib ki, "Sevil” massivilə ilə bağlı iş bu yaxınlarda məhkəməyə göndərilib. 1279 şəxsə dəyən ziyan ödənilib. Ekspertizalar hazırda bu iş üzrə işləyir. Kimə ki dəyən ziyan ödənilməyib, həmin şəxslərdən bəziləri onlara təklif olunan şərtlərlə razılaşmırlar. Məsələn, 3-cü mərtəbədə ev alana 7-ci mərtəbədə ev verilir, həmin şəxs isə istəmir. Yerdə qalanların işi də məhkəmələr vasitəsilə həll olunacaq”.

Şikayətçilərdən biri olan Arzu Şıxəliyeva "Şərq”ə danışarkən söyləyib ki, hələ də 7 min manat verdiyi pulu ala bilməyib: "Əvəzində "Sevil” massivinin ətrafında yararsız və kommunikasiya xidmətləri olmayan torpaq sahəsi təklif edirlər, biz isə razılaşmırıq. Pulumuzu tələb edirik”.

Arzu xanım artıq məhkəməyə müraciət etdiyini də söyləyib: "Abşeron rayon məhkəməsinə iddia ərizəsi ilə artıq müraciət etmişəm və məhkəmənin keçiriləcəyi tarix barəsində bildirişin gəlməsini gözləyirəm”.

Vüqar Şahinoğlu