Zülfü Türkiyəyə səs saldı

“O səs Türkiyə”də hələ heç bir iştirakçıya bu qədər təklif olmamışdı



Təkcə Türkiyədə deyil, demək olar, bir çox türkdilli dövlətlərdə böyük maraqla izlənən "O səs Türkiyə” layihəsində daha bir azərbaycanlı gənc ifası ilə münsifləri çaşqın duruma saldı.

Türkiyənin 5 güclü sənətkarı eyni vaxtda azərbaycanlı gəncin komandasında görmək üçün hətta gözlənilməz təkliflər dilə gətirdilər. Məlumat üçün qeyd edək ki, "O səs Türkiyə”nin səhnəsində yer alan gənc ifaçı Zülfü Əsədzadə musiqisi Cahangir Cahangirov, sözləri Zeynal Cabbarzadəyə aid olan "Ay qız” mahnısını səsləndirib. O, ifasıyla münsiflərin dördünü də özünə tərəf döndərməyə nail ola bildi.

Z.Əsədzadə özü barədə məlumat verərkən, Azərbaycanda Əməkdar artist Aybəniz Haşımovanın tələbəsi olduğunu vurğulayaraq, ustadının rəhbərlik etdiyi "Bülbüllər” qrupunun solisti olduğunu diqqətə çatdırıb. Münsiflər, hər biri ayrı-ayrılıqda çıxışıyla hər kəsi heyran edən Zülfünü komandalarına cəlb etmək üçün müxtəlif vədlər veriblər. Türkiyənin məşhur sənətçisi Sibel Can az qala azərbaycanlı gənci evinin qonağı edəcəyini, ona öz əlləri ilə yemək bişirəcəyini, İstanbulda gecə həyatı yaşadacağını vəd etdi. Hadisə onunla Yeni il gecəsi eyni səhnəni paylaşacağını, bir yerdə Türkiyədən Bakıya gedib qayıdacağını söylədi. Elə Murad Boz da gənc ifaçıya yetərincə maraqlı vədlər söylədi. Maraqlısı isə qardaşların vədi oldu. "Biz səninlə yaradıcılıq işləri görməyi vəd edirik” dedilər. Azərbaycanlı Zülfü isə sonda Gökhan və Hakan qardaşlarını seçdi.

Əməkdar artist Aybəniz Haşımova yetirməsi ilə fəxr etdiyini söylədi: "Həqiqətən bülbüllərimin hər biri ayrı-ayrılıqda bir istedaddı. Onlar mənim üçün doğma balam qədər əzizdilər. Onların uğuruna bir ana kimi sevinirəm. Təbii ki, müəllimləri olaraq da onları yüksək səhnələrdə görmək məni çox sevindirir. Əsas odur ki, tələbələrimin hər biri mənə ana kimi yanaşıblar. Ona görə də Zülfünün Türkiyə səhnəsində mənim adımı bir doğması olaraq çəkməsi xoşdu. Onlar mənim əlimdə böyüyüblər. Əsas odu ustadlarına kəc baxmırlar. Mən Zülfüyə uğurlar diləyirəm. Zülfünün o qədər gözəl səs tembri var ki, o, istedadı ilə gələcəkdə özünə yer tutacaq.

Yeri gəlmişkən, Acun İlicalı da qeyd etdi ki, bu səhnədə necə səslərin şahidi olublar: "Amma hələ heç bir iştirakçıya bu qədər özəl, maraqlı təkliflər olmamışdı”.

Tahirə