Ölüm ətrafımızda fır-fır fırlanır: Hamı İkinci Mahmuddan yazdı 


Məlum olduğu kimi, İkinci Mahmud ləqəbi ilə tanınan gənc yazar Mahmud Atakişiyev evində ürək tutmasından vəfat edib. Yazıçının dostu Ömər Mazanovun açıqlamasından bəlli olub ki, M.Atakişiyev iyulun 6-sı səhər saatlarında həyat yoldaşı - Könül Atakişiyevaya zəng edərək ürəyi ağrıdığını söyləyib. Yoldaşı evə çatanda isə onun keçindiyini görüb.

Yazarın cənazəsi doğulduğu Ağstafa rayonunun Muğanlı kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb. Dəfn mərasimində yazıçılar, mərhumun dostları, ailə üzvləri və kənd sakinləri iştirak ediblər. 4 yaşlı qız övladı olan tanınmış yazarın vaxtsız ölüm xəbəri ədəbiyyat cameəsində böyük məyusluqla qarşılanıb. Sosial şəbəkədən istifadə edən əksər qələm sahibləri Mahmud Atakişiyevin ölümündən ciddi sarsıntı keçirdiklərini açıq şəkildə büruzə veriblər. Mərhumun həmkarları və onu yaxından tanıyanlar öz hisslərini müxtəlif yanaşmalarla ifadə ediblər...  


AYB-nin gənclərlə iş üzrə katibi Rəşad Məcid: “7-8 il öncə yazmışdım ki, bu feysbukun mənə tanıtdığı ən istedadlı adam Mahmud Atakişiyevdir. Onda hələ İkinci Mahmud deyildi. Onun hekayələrini çox bəyənirdim. “525”-də çap etmişdik. Özüylə cəmi bir-iki dəfə çay içsək də doğma sayırdım onu. Hərdən yazışırdıq. Maraqlı, istedadlı, səviyyəli gənc idi. Ona çox ümidim vardı. Gələcəyinə, böyük yazıçı olacağına inanırdım. Heyif!!! Bədbinləşdim. Zərdüştdə, Mövludda sarsılmışdım. İndi də quyunun dibinə düşdüm. Ruhu şad olsun!”.
Şair Aqşin Yenisey: “XIX əsrin ikinci yarısında Fransada öz azadlıqları ilə elitanın nifrətini qazandığı üçün “lənətlənmiş şairlər” adlandırılan çox istedadlı ədəbi nəsil vardı (Varlen, Bodler, Rembo və s.). İkinci Mahmudun ölüm xəbəri bir daha onu göstərdi ki, o “lənətlənmiş” nəsildən bizdə də var”. 

Yazıçı Murad Köhnəqala: “İkinci Mahmudun faciəsi göstərdi ki, ədəbi sferada çox dərin sosial-psixoloji böhran yaşanır. Söz və mənəviyyat adamlarını bir-bir cənginə çəkib udan bu böhranın əsas səbəbi maddi problemlərin törətdiyi dərin depressiyadır. Yazıçı öz əsərləri ilə cəmiyəti özünə göstərən, həmçinin mənəvi baxımdan təmizləyən, distillə edən adamdı. Bu mənada, yazıçının ürək tutmasından ölməsi də hardasa, başadüşüləndir. Amma bizdəki kimi yox! Bu formada, bu yaşda yox, bu şəraitdə, bu üsullarla yox! Əslində bizdəki ölümlər ölüm deyil, qətldir. Düzdür, vaxtsız və haqsız ölümlər bizim ədəbi nəsildə də oldu, Telman Alıyev, Akif Səməd, Hüseyn Əfəndi, Adil Mirseyid, Mehdi Bəyazid, Sabir Sarvan, Elçin Səlcuq, Şaiq Vəli... İndi isə intihar edən, xəstəlikdən dünyasını dəyişən yazıçı-şairlərimizin əksəriyyəti gənclərdir. Bu gənc, işıqlı, istedadlı adamları məhz, çörəkpulu öldürür! Bəli, çörəkpulu adlanan o məcburiyyət, o məhrumiyyət, o zillət! Ailədə problem yaradan da, içkiyə qurşandıran da, psixikanı darmadağın edən də, adamı 17-ci mərtəbəyə dırmaşdıran da o zəhrimara dönmüş çörəkpuludur!” 
Yazıçı Kəramət Böyükçöl: “Bəzi adamlar yazır ki, niyə İkinci Mahmud dünyasını dəyişməzdən öncə onun haqqında yazılar yazmır, xoş sözlər demirdiniz, indi həyatda yoxdu deyə hamınız bir ağızdan onu tərifləyirsiniz? Görəsən, bu adamlar niyə ən adi həqiqətlərin üzünə key baxırlar? Axı dünyanın əzəli və əbədi həqiqəti var: - insan yoxa çıxandan sonra təmizlənir, gözəlləşir, müqəddəsləşir... Mövludda da eyni sözü deyirdilər. Mövluddan sonra mən nə bilim ki, Mahmudun ürəyi partlayacaq? Yaxud, mən nə bilim ki, Mahmuddan sonra hansı dostumuzun başına hansı iş gələcək? Vallah, bilsəm, indidən qədrini bilməyə başlayaram. Mən onsuz da istedadlı dostlarımın hamısının qədrini bilirəm, çox istəyirəm. Amma bu qədir bilmək sözünün altında nə dayanır, onu bilmirəm”.
Yazıçı Mirmehdi Ağaoğlu: “Hardasa 15 gün əvvəl “Gənclik Mall”un metro tərəfdəki girişindən keçirdim. Kimsə qoluma toxundu. Dönüb baxdım ki, Mahmuddur. Yoldaşı, uşağı yanında idi. Ponçik satılan yerin qabağında dayanmışdılar. Deyəsən qızına nəsə alırdı. Hal-əhval tutduq. Ailəsiylə olduğuna görə vaxtını çox almaq istəmədim. Dedim bu yaxında görüşək, dedi hə, abi, görüşərik. Sağollaşdıq. Sən demə, vidalaşırmışıq. Bir daha heç zaman, heç bir yerdə görüşməyəcəyik. Əminəm. Yuxular istisnadır. Nə vaxt öləcəyimi də bilmirəm. Həyat o qədər amansız olub ki, Mahmud, bunu sən də sübut elədin. Ölüm ətrafımızda fır-fır fırlanır. Adam xəyallar qurmaq istəmir. Ancaq, bil ki, ölən günə qədər xatirən qəlbimdə yaşayacaq. Mövludun xatirəsi kimi. Qoy o gülüşlərin xatirələrimizə hər zaman işıq tutsun, əziz dost”.

Şair Şəhriyar Del Gerani: 

"Bir pişiyim də yox qucaqlayası,
Qucağım sinəmdə bayquş yuvası,
Barı dost da ölmür yas saxlayasan,
Hamı salamatdı, hamı yaxşıdı...”

Sanki bu bəndin qaramat lənətinə tuş gəlmişəm, Allah hər il arzuma çatdırır. Sən canın, bizim nəslin ölüm yaşına baxın. Mövlud elə, Mahmud belə... Adam hər an öz növbəsini gözləyir - Ya zəlzələdən, ya vəlvələdən... Ruhun şad olsun, gözəl Mahmud. Mən sənin ölümünü duyurdum. Tamamilə duyurdum”. 
Yazıçı Kənan Hacı: “Lənət olsun o istedada ki, ömrü cəhənnəm əzabına çevirir!!!

Utanıram belə çox yaşadığım üçün. İkinci Mahmud, bağışla bizi... Daha başqa söz tapmıram, söz yoxdur. Kökümüz kəsilsin elə! Niyə yaşayırıq biz?!”
Qan Tural (Cəfərov): “İkinci Mahmud... Artıq yoxdur. Olmayacaq. Və bu elə dəhşətlidir ki... Daima qəlbimizdəsən, əziz dost...”.
Əsəd Cahangir: “Ölməlilər yaşayır, yaşamalılar ölür!”.