Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi bina 2, 3 və 4-də 2 gündür ki, su yoxdur.
Bu barədə Lent.az -a bina sakinləri məlumat veriblər. Susuz qaldıqlarına etiraz edən sakinlər bildiriliblər ki, bu səbəbdən çətinlik çəkirlər və suyun nə vaxt veriləcəyi barədə məlumatsızdırlar.
Mövzu ilə bağlı olaraq Lent.az -a açıqlama verən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, sözügedən ərazidə dünən 5 mərtəbəli binalarda su problemi yaranıb:
“Orada təzə çəkdiyimiz xətləri şəbəkəyə qoşurduq deyə, problem yarandı. Artıq bunu aradan qaldırmışıq.
Bunu da deyim ki, hal-hazırda 5 mərtəbəli binalarda təzyiq aşağı ola bilər. Bunun üçün bəlkə də yuxarı mərtəbələrə su qalxmır. Ancaq axşam saatlarına qədər bu problem tam aradan qalxacaq”.