İşıqforun yanında piyada keçidi olmamalıdır: Çaşqınlıq yaranır

Bakıda ilk dəfə dördtərəfli piyada keçidi təşkil edilib. Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib.
Rəsmi məlumata görə, yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətində görülən işlər çərçivəsində Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində sarı kəsişmə toru təşkil edilib, nəqliyyat vasitələrinin hərəkət troyektoriyasını əks etdirən yol nişanlamaları çəkilib, yolayrıcının bütün istiqamətləri üzrə piyada keçidləri yerləşdirilib. 

Qeyd olunub ki, həyata keçirilmiş dəyişikliklər kəsişmədə piyadaların rahatlığını, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini, nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etməyə imkan verəcək.

Ərazidə əlavə pandusların quraşdırılması üçün də iş aparılır.



Ekspert: "İşıqfor sürücüyə yaşıl işıqda keçid hüququ verir, amma piyada zolağı piyadaya yol verməli olduğunu göstərir"


Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli “Şərq”ə açıqlamasında bildirdi ki, yol infrastrukturu yenilənərkən həm piyadalar, həm də sürücülərin rahatlığı və təhlükəsizliyi nəzərə alınmalıdır: 

"Dördtərəfli piyada keçidi yaxşıdır, amma baxır, harda, hansı ərazidə təşkil edilir. Ümumiyyətlə, piyada keçidləri işıqforların altındadırsa, bu, rahatlıq deyil, əksinə, narahatlıq yaradır.

Sürücü yaşıl işıqda dayanıb, dayanmayacağını bilmir. İşıqfor sürücüyə yaşıl işıqda keçid hüququ verir, amma piyada zolağı piyadaya yol verməli olduğunu göstərir. Ona görə də anlaşılmazlıq yaranır və belə situasiyalarda qəzalar da qaçılmaz ola bilər. Hesab edirəm ki, əgər hərəkətin nizamlanması üçün işıqfor varsa, piyada zolağı olmamalıdır. Onsuz da yol hərəkətini işıqfor tənzimləyir. İşıqforların qoyulması mümkün olmayan yerlərdə, ya da, işıqfordan 50-100 metr aralı məsafədə piyada zolaqları çəkilməlidir. Bu zaman, piyada zolağının köməyi olacaq. Əks halda isə piyada zolağı sürücüləri də, piyadaları da çaşdıracaq. Məsələn, metronun Nəriman Nərimanov stansiyasının önündə həm işıqfor, həm də piyada zolağı olduğu üçün o ərazidə daim çaşqınlıq yaşanır".