Bərbad vəziyyətdə küçələr var: Qəsəbədaxili yollarla bağlı kompleks tədbirlər görülməlidir

“Qəsəbədaxili yollar uzun müddətdir ki, problemli məsələ kimi qalır. Təəssüf ki, bu problemin həlli istiqamətində atılan addımlar hələ də yaxşı nəticə verməyib”. Bu sözləri Sherg.az-a açıqlamasında “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Ekspert qeyd edib ki, cənab Prezident bütün tədbirlərdə bu məsələni qabrardır və müvafiq tapşırıqlar verir:

“Amma nədənsə aidiyyəti qurumlara bu tapşırığın mahiyyəti çatmır. Ona görə də problem illərdir həll edilməmiş qalır. Bəzi qəsəbələr yeni salınıb və onlar palçıqlı yollardan ibarətdir. Amma Bakı ətrafındakı qəsəbələr var ki, neçə illərin qəsəbələridir. Həmin yollarda da problemlər çoxdur.  Cənab Prezident müvafiq göstəriş verib. Təbii ki, yollar normal şəkildə olmalıdır. Hər bir vətəndaşımızın normal şəraitdə yaşamaq hüququ var. Bu, konstitutsion hüquqdur. Yol hüququmuz illərdir ki, tam bərpa olunmur. Bayraq Meydanının yaxınlığında elə yollar var ki, adam dəhşətə gəlir. Söz veriblər ki, yollar təmir olunacaq, amma insanlar əziyyət çəkir. Taksilər həmin istiqamətə olduqca baha qiymətə aparır. Avtobuslar həmin yerə getmir. İnsanlar ya piyada gedirlər, ya da taksilərə əlavə pul verirlər.



Elməddin Muradlı: "Bayraq Meydanının yaxınlığında elə yollar var ki, adam dəhşətə gəlir"


Cənab prezidentin tapşırığı yalnız qəsəbədaxili yolların salınması deyil,  həm də bu yolların yenidən qurulub işıqlandırılmasıdır. Ölkə başçısı çox düzgün vurğulayır ki, yollarda işıqlandırmanın olmaması yol-nəqliyyat hadisələrinə səbəb olur. Neçə illərdir ki, bunu aidiyyəti qurumlara deyirik, amam təəssüf ki, gəlib sadəcə yolu təmir edib çıxıb gedirlər. İnanıram ki, yol layihələrinin əksəriyyətində işıqlandırma əks olunur. İşıqlandırma hissəsinə aid pulları ciblərinə qoyurlar, yolları isə asfaltlayırlar”.

Ekpsert qeyd edib ki, yol infrasturukturu kompleks yanaşma tələb edən məsələdir:

“Bura yolun işıqlandırılması, yolun kanalizasiya, su xətti məsələsi, yolun nişanları, ötürücülük qabiliyyəti və.s aiddir. Bunların hamısı kompleks yanaşma tələb edir. Yollarımızın ömrü uzun olmur, çünki yol infrasturukturumuzun 30-40 faizi naşı adamların əllərindədir”.