Yanacaqdoldurma məntəqəsinə qarşı ittiham: Benzinə su qatırlar?

“Avtomobilimə benzin vurdum, həmin gün avtomobilim xarab oldu və ustaya gedəndə məlum oldu ki, yanacağa su qatılıbmış”


 
Bakının "Şamaxinka" adlanan ərazisində yerləşən "Mərd Petrol" adlı yanacaqdoldurma məntəqəsində avtomobillərə benzin əvəzinə su vurulur. Bu iddianı Avropa.info-ya müraciətində vətəndaş Şirvani Qasımov səsləndirib.

Vətəndaşın dediyinə görə, noyabrın 3-də "Passat" markalı avtomobilinə "Mərd Petrol"dan 40 manatlıq benzin vurub. Bundan sonra, avtomobil yarasız hala düşüb: "Noyabrın 3-də "Mərd Petrol"dan şəxsi avtomobilimə 40 manatlıq benzin vurdum. Elə həmin gün avtomobilim xarab oldu. Ustaya müraciət edəndə məlum oldu ki, avtomobilə benzinə qatılmış su vurulub və maşın yarasız hala düşüb”.



“Mən taksi xidməti göstərərək ailəmə çörəkpulu qazanan insanam. Artıq 4 gündür avtomobilimin təmiri ilə məşğul olduğumdan işləyə də bilmirəm. Avtomobilin benzinnasosunu, şamlarını və digər ehtiyat hissələrini dəyişmək məcburiyyətində qalmışam. Məsələ ilə bağlı "Mərd Petrol"a müraciət etsəm də, məni müdriyyətlə görüşdürməkdən imtina etdilər. Avtomobilimə benzin əvəzinə su vuran "Mərd Petrol"dan avtomobilimə dəyən zərəri tələb edirəm", – Ş.Qasımov deyib.



Məsələ ilə bağlı qarşı tərəfin münasibətini öyrənmək cəhdlərimiz nəticəsiz qaldı. Hər bir halda, "Mərd Petrol" rəhbərliyinin də mövüeyini işıqlandırmağa hazırıq.