Danışılası heç nə qalmadı: Bakının ən gözəl binalarını kor günə qoyublar

Ölkə başçısı İlham Əliyev paytaxtdakı binaların arxitekturası ilə bağlı bəzi göstərişlər verib. Prezident Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən deyib ki, Bakıda tarixi binaları sökürlər, onların yerində eybəcər hündürmərtəbəli binalar tikirlər.

“Buna yol vermək olmaz. Bakının memarlığı bizim milli sərvətimizdir. İçərişəhər UNESKO tərəfindən qorunur. Deyə bilərəm ki, dünyada o qədər də çox şəhərlər belə qədim İçərişəhər kimi şəhərlərlə öyünə bilməz, bu, bizim böyük sərvətimizdir.

Bakı şəhərinin nadir, özünəməxsus, tarixi memarlıq siması var. Bu, bizim böyük sərvətimizdir və hər bir tarixi binaya böyük diqqətlə yanaşılır. O binaların təmiri gərək elə aparılsın ki, onların tarixi görkəmi pozulmasın.

Xoşagəlməz hallara son qoyulmalıdır. Süründürməçilik, rüşvətxorluq, vətəndaşlara biganə münasibət – bunlara son qoyulmalıdır. Əgər kim bu sahədə öz işinə düzəliş etməsə, biz o adamlarla vidalaşacağıq və bu, onlar üçün hələ ən yüngül cəza olacaqdır. Biz şəhərimizi inkişaf etdirməliyik”.



Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova “Şərq”ə açıqlamasında bildirib ki, Bakının ən gözəl və qədimi binalarının çoxusuna əl gəzdirilib.

Onun sözlərinə görə, İçərişəhərdəki bütün tarixi binalarımızı dağıdıblar:

“İçərişəhərdə hansı binalardan söhbət gedə bilər ki? Çünki İçərişəhərdən İçərişəhərlik qalmayıb. Heç bir dənə də olsun bina yoxdur ki, deyək buna toxunulmasın. Elə binalar saxlanılıb ki, ondan da istifadə edirlər və xariciləri köçürüb orada ofislərini yaradıblar. Ən gözəl binalarımızı korlayıblar.

Qız Qalasına yapışdırılmış binalar var. İçərişəhərin qala divarlarını söküb orada bina tikiblər. Artıq gecdir. 15 ildir ki, bu məsələ ilə bağlı danışıram. İçərişəhərdə Şirvanşahlar sarayını dağıdıblar, hətta Qız Qalasını kor günə qoyublar. Qız qalasını bölüb parçalayıblar və mərtəbələr yaradıblar. Qız Qalasında mərtəbələr var idi? Funikulyor tərəfdəki fransız və italyanlar tərəfindən arxitekturası verilmiş binaların hamısını söküb, yerinə eybəcər binalar qaldırıblar. Prezident bu məsələ ilə bağlı düzgün fikir söyləyib. Dağüstü parkın ətəyində o hündürlükdə binaya nə ehtiyac var? Bu binalar həmin ərazidə heç nəyə yaraşmır. Alçaq binalar olduğu yerdə birdən hündür, daha sonra yenidən alçaq binalar var. Nə landşafa, nə şəhərsalmaya yaraşan binalardır. Ona görə də bu məsələ ilə bağlı danışılası heç nə yoxdur. Çünki əksər tarixi abidələrimizi və binalarımızı söküb pis günə qoyublar”.