Deputatdan ağıllı yanaşma: "Hər şeyi faciəli deyil, ciddi qəbul etmək lazımdır"


"Adam bütün günü evdə necə oturmalıdır? Yatmanın bəlli saatları var. Həyət evində yenə də azacıq həyət sahəsi varsa, orada gəzişmək mümkündür. Ən çətini çoxmənzilli binada yaşayanlar üçündür".
Bu barədə "Sherg.az"a millət vəkili Fazil Mustafa bildirib. Deputat qeyd edib ki, 
adam əsasən televiziya verilişlərini seyr etməlidir:
"Bəlkə də ən çox vaxtını internet məkanında keçirməlidir. Ən ciddi iş isə kitab oxumaqdır. Televiziyanı seyr etməkdən adam yorulur, sosial şəbəkədə də saatlarca qalmaq usandıra bilir, kitab oxumağı da sevmir. Bu ərəfədə ən çox valideynlərə əziyyət verən uşaqlardır. Onlar da planşetə, mənasız oyunlara vərdiş etdiklərindən kitaba, mütailəyə münasibətləri mənfidir. Hal belə olunca, hamı darıxmağa başlayır. Küçəyə çıxıb, dedi-qodu, lağlağı ilə yaxud da qonşuları ilə təmas qurub vaxtı öldürməyə zərurət yaranır. Doğrudur, televiziyadan, internetdən aldıqları məlumatlar, ölüm sayları bir az qorxudur, ancaq yenə də ciddiləşə bilmirlər. Haradasa Allahın bunlara imtiyazlı baxacağına ümidləri böyükdür. Bu ümidi də ən çox Allaha layiqincə bəndəlik etməyənlər özlərinə təlqin edirlər. Bizdə yumor populyar deyil. Yumor təhsil səviyyəsi yüksək cəmiyyətlərin həm də keyfiyyət göstəricisidir. Bizdə lağlağı janrı inkişaf edib, güldüklərimiz əsla yumor deyil. Diqqət yetirin, bir nəfər də olsun yumorist yazarımız yoxdur. Heç tragediya janrı da bizdə populyar deyil. Belə bir yazarımız da yoxdur. İslam adına yaşadığımızı düşündüyümüz dinimizdə belə gülməyimiz və ağlamağımızın motivlərinə diqqət etsək, mənasızlıqdan, bayağılıqdan başqa bir şey tapa bilməzsiniz. 1871-ci ildə baş vermiş Paris kommunasını darmadağın edən dövlət xadimi Tyerin məşhur sözündə deyildiyi kimi, hər şeyi faciəli deyil, ciddi qəbul etmək lazımdır. İndi hökümət, tanınmış adamlar hamını bu epidemiya dövrünə ciddi yanaşmağa çağırır, bağırır, dünyanın hər yerindən üzücü məlumatlar gəlir, bizdə insanlar qarnını və lağlağısını önlərinə tutub yeriyirlər. Fikrimcə, maarifçilik, aydınlatma əhalinin əhəmiyyətli çoxluğu üçün bir şey ifadə etmir. Hələ də bayram deyib qohum-əqrabanı, yaxınlarını ziyarət edənlər var. Küçədə  bir-birinin ağzının içinə girib söhbətləşənlər var. Gec çatır, anlamırlar. Qısacası, xalqımızın müəyyən hissəsini küçədən evə yığmaq nəsihətlə mümkün olmur. Yerlərdən aldığım, kənardan müşahidə etdiyim durum bunu söyləməyə əsas verir. Tarix göstərir ki, nəsihətlə düzəlməyənlər, müsibətlə də düzəlmirlər".

Deputatın fikrincə,  fövqəladə vəziyyət də daxil, ən sərt tədbirlərə əl atılmalıdır: "Bazarlar və metro bağlanmalı,  evlərdən zərurət olmadıqca çölə çıxmanı yasaqlayan komendant saatı tətbiq olunmalıdır. Əks halda bizdə də arzuolunmaz durumun yaranması qaçılmazdır".