Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.
Bakıda yaşayan şəhid anası Lətifə Novruzova vurğulayır:
Çox hörmətli Prezidentimiz cənab İlham Əliyev, hazırda Yer kürəsinin 200-dən çox ölkəsinə yayılan “COVID-19” pandemiyası ölkəmizdən də yan keçmədi. Lakin Sizin uzaqgörən siyasətinizin, hadisələri günün 24 saatı ərzində nəzarətdə saxlamağınızın nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında Azərbaycan bu xəstəlikdən ölüm sayına görə sonuncu pillələrdədir.
Bu xəstəliyə düçar olmuş vətəndaşlarımızın Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə bütün səhiyyə ocaqlarında yaradılmış şəraitdən, tibb işçilərimizin xidmətlərindən razılığı bir daha onu göstərir ki, Sizin rəhbərliyiniz və düzgün siyasətiniz sayəsində biz tezliklə bu pandemiya dövrünü geridə qoyacağıq. Siz hər zaman vətəndaşların yanında olub onların sevincinə də, kədərinə də şərik çıxırsınız. Biz şəhid anaları da inanırıq ki, Sizin rəhbərliyinizlə bu çətin günlərdən alnıaçıq, üzüağ çıxacağıq.
Allah Sizi və xalqımızı bütün bəlalardan qorusun.