İrandan Azərbaycana külli miqdarda narkotikin gətirilməsinin qarşısı alındı


Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisinə külli miqdarda narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısını alıb.

DSX-dan verilən məlumata görə, mayın 1-də “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Züngüləş kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində işarəverici qurğudan dövlət sərhədinin pozulması barədə siqnal daxil olub.

Sərhəd zastavası dərhal “silaha” komandası ilə qaldırılaraq, həmin sahə istiqamətində hərəkət edərək, İrandan Azərbaycana doğru və əks istiqamətdə bir nəfərə məxsus izlər aşkarlayıb.
Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib, nəticədə üç ədəd qara rəngli idman çantasının içərisində ümumi çəkisi 42 kq 700 qram narkotik vasitə (9 kq heroin, 6 kq 700 qr metamfetamin, 4 kq 100 qr marixuana, 19 kq 300 qr həşiş, 1 kq 800 qr “Metadon M-40” həbi və 1 kq 800 qr “preqabalin”) aşkar olunaraq götürülüb.

Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində beş nəfər şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılan şəxslərin Astara rayonunun Kijəbə qəsəbə sakinləri - 1981-ci il təvəllüdlü Əhmədov Fərhad Vəliağa oğlu, 1989-cu il təvəllüdlü Teymurov Elməddin Razim oğlu, 1984-cü il təvəllüdlü Fərzizadə Anar Nizaməli oğlu, 1995-ci il təvəllüdlü Abdullayev Nurlan Tofiq oğlu və 1974-cü il təvəllüdlü Babayev Dönməz Hətəm oğlu olması müəyyənləşdirilib.

Araşdırma zamanı saxlanılmış şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.