“Nə? Harada? Nə zaman?” intellektual yarışının qalibləri müəyyənləşib


Mayın 2-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və “Xəzər” gənclərin intellektual klubunun birgə təşkilatçılığı ilə gənclər və yeniyetmələr arasında “Nə? Harada? Nə zaman?” onlayn intellektual yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, intellektual yarışda 48 komanda iştirak edib. Komandaların tərkibində, həmçinin Polşa və Çexiyada yaşayan azərbaycanlılar, eləcə də Azərbaycanın işğal altındakı rayonlarından olan yeniyetmə və gənclər də təmsil olunublar. İntellektual yarışda suallar dünyagörüşü, məntiq, tarix, idman, təhsil, hərbi vətənpərvərlik və s. sahələri əhatə edib.

Maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə görə, “Nezachot” komandası birinci yeri tutub. “Prestij” və “Nirvana” komandaları ikinci və üçüncü yerlərdə qərarlaşıblar.

Yarışın qalibləri karantin dövrü bitdikdən sonra BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunacaqlar.