Hafizəmizi deşən güllə səsləri

   Bircə o yadimdadır ki, bu dəhşətli faciə baş verəndə 8 yaşım var idi.  Evdə anam, atam  televizorun səsini verib diqqətlə izləyirdilər. Anamın gərginliyi, keçirdiyi stress hələ də gözümün önündən getmir. Bizim kənddən də orada  oxuyanlar var idi. Tez-tez zəng gəlirdi, heç kəs bu qətliama inanmaq istəmirdi, elə bil.
Elə xəbəri oxuyan diktorun da səsi titrəyirdi...

\

Uşaq ağlımla bacımdan soruşmuşdum ki, görəsən, niyə ölüblər? O da astadan: "ölməyiblər , öldürülüblər" demişdi. On bir  il keçib, hələ də anlaya bilmirəm ki, nəyin qurbanı oldular bu gənclik illərində? 
Mağazalarda,  evlərdə, banklarda soyğunçuluq aparan şəxslərin belə məqsədi var.  Uşaq yaşında  başa düşürdüm ki, pul, dəyərli əşya götürmək üçün yanlış da olsa bu addımı atırlar. Bəs universitetə daxil olub tələbələrə, müəllimlərə  atəş açmaq? Bu necə ola bilər? 

  O cani nə pul, nə də dəyərli əşya çaldı.  O, qurban gedən tələbələrin həyatını, gəncliyini, ömrünü, yaşayacağı pis, yaxşı günlərini  çaldı. Yaxınlarında hələ də ağrısı bitməyən qanlı yara qoydu.  Nə idi axı o gənclik illərini yaşamayan nakamların günahı?  Bir bahar günündə bu ailələrə qış gəlməsinin günahı nə idi?
Kim bilir, bəlkə də, neçə ay idi ailəsi ilə görüşməyən tələbələr var. Dönüb geriyə baxanda yaxın görünür amma 11 il. Bir şagirdin məktəb ömrü... Uşaqlıq illərimin ən həssas, pis xatirəsidir . Eləcə sosial şəbəkələrdə yaxınlarının yazılarını oxuyanda ağrılarını hiss edə bilirsən.
Tələbə olandan sonra bunu daha yaxşı dərk etmişdim. Düşünəndə ki, təhsil aldığın universitetə hansısa şərəfsiz səbəbsiz yerə can almağa gəlir və onlar sənin doğmaların, qrup yoldaşların, müəllimlərin, eləcə də tanımadığın universitet tələbələridir. Adam yazanda, təsəvvür edəndə belə içindəki narahatlığı hiss edə bilir.     
2009-cu ilin aprel səhəri 12 nəfərin baharı əlindən alındı. 9 il əvvələ qayıdıram. Qayıdıram ki, həmin gün itirdiyimiz insanları yaxından tanıyaq.
Onlar hələ də yaddaşlarda belə xatırlanır.

  11 il əvvəl - 2009- cu ilin yanvarında ailəsi ilə son dəfə yeni ili qeyd etmiş Emin Abdullayevin ailəsi onu gözləsə də cansız bədənini qarşıladılar.  

   Gözü zəif gördüyü üçün atasının ona hadisədən bir gün əvvəl eynək aldığı  Ruslan Babaşov...  Həmin gün o eynəklə dərsə gələn Ruslan elə yaddaşlarda hələ də eynəyi gözündən düşmüş, yoldaşlarının qollarında can verərkən qalır. 

Bacısını qorumaq üçün dəhlizə qaçan, qatillə əlbəyaxa olan  7 güllə ilə öldürülən, qrup yoldaşlarının qollarında can verərkən ağlayan Savalan Cabbarov...

Pianoda gözəl ifa edən, 2 əcnəbi dil bilən, hadisə günü səhəri yuxudan oyanmağa əziyyət çəkən Ayaz Bağırov...  Anası deyir ki, oyatmağa əlim gəlmirdi,  amma imtahanı var idi deyə oyatmalı oldum. Hardan  biləydi ki, bu, oğlunun sonuncu imtahanı olacaq.

Taleh Məmmədov...  Güllə onun boğazından girib kürəyindən çıxaraq şah damarını zədələdiyindən qanaxmanın qarşısını almaq mümkün olmamış və o hadisə yerindəcə dünyasını dəyişmişdi. Yaralanan andan son nəfəsinə kimi dostlarından yardım istəyən Talehin həmin gün kreditə aldığı notebooku müəmmalı şəkildə oğurlanır.

Həftədə cəmi 1-cə dəfə həmin korpusda dərsi olan, hadisə günü də elə həmin dərs gününə təsadüf edən Yusif Bəndəliyev. Tələbələr güllə səsindən tez auditoriyanı tərk ediblər. Yusifin birdən yadına düşüb ki, mobil telefonu sinifdə qalıb. O, uşaqlardan ayrılıb ki, gedib telefonunu götürüb qayıtsın. Sinifdən çıxanda qatillə üz-üzə gələn Yusif onunla əlbəyaxa olub. Yumruğunu sıxıb onu vurmaq istəsə də, sinəsinə tuş gələn güllələrdən yerindəcə keçinib. Deyilənə görə, ölümündən sonra da onun barmaqlarını açmaq mümkün olmayıb və o, elə əlləri yumulmuş halda da dəfn olunub.

Xərclərini qarşılamaq üçün restoranlarda ofsiant işləyən, bir həftə dərsə gedə bilməyib həmin gün hamıdan tez universitetə tələsən Ceyhun Aslanov... Qatil gülləsi onu 3-cü mərtəbə ilə 2-ci mərtəbənin arasında, pilləkanlarda yaxalayıb. 

Salyandan Bakıya süd məhsulları gətirərək satan, 1957-ci il təvəllüdlü Qurbanova Ayna. Hadisə günü universitetin yeməkxanasına qatıq gətirən Ayna xanım terrorçu ilə üz-üzə gəlib. Qatil ona fikir vermədən yuxarı çıxıb, amma sonradan fikrindən daşınaraq geri qayıdıb və qadını cəmi bir güllə ilə öldürərək yoluna davam edib. 

Laboratoriya müdiri - Tamilla Əzizova. Güllə onun sağ kürəyindən dəyib sol tərəfindən çıxaraq damarını kəsib və o, kəskin qanitirmədən elə yerindəcə dünyasını dəyişib.

Ramiz Abdullayev - akademiyanın professoru. Dişi ağrıdığına görə dekanlıqdan icazə alıb getmək istəyirmiş. Bu məqsədlə dəhlizə çıxıb. Sonra  auditoriyaya qayıdanda qatillə üz-üzə gəlib və başından aldığı bir güllə ilə vəfat edib. 

Məcnun Vahidov - akademiyanın dosenti. O, liftdən çıxıb iş otağına gedərkən güllələnib. 

Aprelin 12-də ağ gəlinliklə ata evindən çıxan və 18 gün sonra ağ kəfənlə ata evinə qayıdan laborant Şəfa Məmmədova. İş otağından dəhlizə çıxan Şəfa elə burda gözündən aldığı güllə yarasından yerindəcə keçinib.

 
 
Sosial şəbəkələrdə  izlədiyim videoda  Savalan Cabbarovun anası Kəmalə Cabbarovanın   üzü  gözümün qarşısındadır. Hələ də oğlunu itirdiyini qəbullana bilməyən ana o yaranın yerini doldurmaq istəsə də , alınmadığını, əksinə, yaranın get-gedə dərinləşdiyini deyir.  
O güllə səsləri , universitet dəhlizlərində axan qan o günü bizlərə unutdurmayacaq. 
Allah hamısına rəhmət eləsin !

Ayan