“Yoluxma sayı artarsa, qaydaların yenidən sərtləşdirilməsi mümkündür”
Azərbaycan hökuməti tərəfindən görülən preventiv tədbirlərə baxmayaraq, ölkə ərazisində pandemiyaya yoluxma dinamikası gündəlik artmaqdadır.
Xəstəliyin bu artım dinamikasına virusun aqressiv və yoluxma sürətinin yüksək olması ilə yanaşı, əhalinin əksər hissənin xüsusu rejim qaydalarının tələblərinə əməl etməməsi, digər şəxslərlə sıx təmasları, ciddi zərurət olmadığı hallarda evdən çölə çıxmaları, ictimai nəqliyyatda karantin dövrünün tələblərinə tabe olmamaları və digər mövcud qaydalara əməl etməmələri səbəb olub.
İnfeksionist – hepatoloq Mərdan Əliyev də "Sherg.az"a açıqlamasında COVİD 19 -a yoluxma ilə bağlı dalğalanmanın başlıca səbəbinin insanların karantin qaydalarna düzgün əməl etməməsi ilə əlaqədar olduğunu deyib:
"Ayın əvvəlində karantin qaydalarında müəyyən yumşalmalar oldu. Əvvəllər maksimum yoluxma sayı 60 idisə, sonrakı mərhələdə 140-150 -yə yaxın yoluxma sayı müşahidə edildi. Halbuki pandemiyanın pik yayılma mərhələsində belə bu qədər yoluxma müşahidə edilmirdi". İnfeksionistin sözlərinə görə, yoluxma sayındakı dalğalanmalar infeksion prosesin xüsusiyyəti ilə bağlıdır: " Artma - azalmanın bu səviyyədə davam etməsi o qədər də təhlükəli proses deyil. Gündəlik sağalanların sayının kifayət qədər olması artıq prosesin nəzarətdə olduğunu göstərir. Əsas odur ki proses nəzarətdən çıxmasın. O zaman biz pandemiyanın ikinci dalğası ilə üzləşə bilərik. Davamlı olaraq yoluxma sayı yüzdən yuxarı olsa, bu artıq ciddi siqnal olar. Yoluxma sayı yenidən artarsa, qaydaların yenidən sərtləşdirilməsi mümkün ola bilər. Karantin rejimi statistik göstəricilər əsasında dəyişdirilir".
Həkim hesab edir ki, indiki səviyyədə artıb- azalmalar idarəolunan olsa da, COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir:
" Bu baxımdan COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, evdən yalnız ciddi ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir".