Başçısını itirmiş ailələrin sosial müdafiəsi gücləndirilir – Qərar alqışlandı

Elçin Bayramlı: “Atılan bu addımlar çox ədalətli və təqdirəlayiq dəyişiklikdir”



Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həmin ailələrin pensiya təminatı ilə bağlı yeni humanist yanaşma əksini tapıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  verilən xəbərə görə, layihə qəbul edilərsə, ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvü bu və ya digər səbəblərdən (özünün digər növ pensiya və ya müavinət hüququ  yaranması ilə və s. hallarda) payına düşən pensiya məbləğini almağa davam etmədikdə, ona hesablanan həmin pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürüləcək.  Misal üçün, ailə başçısını itirməyə görə ailəyə ayda 420 manat pensiya ödənilir və bu pensiya ailənin 3 nəfər üzvü arasında bölünərək (hər birinə 140 manat) verilir. Həmin şəxslərdən biri digər pensiya və ya müavinət almağa başladıqda, onun payına düşən 140 manat vəsait qalan iki ailə üzvünün pensiyasının üzərinə (hər birinə 70 manat olmaqla) əlavə olunacaq.  Yeni qanun layihəsi hazırda aidiyyəti dövlət qurumları ilə müzakirə mərhələsindədir. Cari ilin əvvəlindən qüvvəyə minmiş digər bir qanunverciliklə ailə başçısını itirməyə görə ailəyə hüququ olduğu halda, onun üçün nəzərdə tutulan iki sosial təminat növündən birini (ailə başçısını itirməyə görə pensiyanı və ya ailə başçısını itirməyə görə müavinəti) seçmək hüququ verilib.



Sözügedən məsələni  şərh edən “Altay” Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Elçin Bayramlı  deyib ki, ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə  atılan bu addımlar  çox ədalətli və təqdirəlayiq dəyişiklikdir:

"Dövlət ailə başçısını itirmiş ailələrə yardımlar edir, onlara qayğı göstərir ki, bu addım da onlardan biridir. Yaxşı olardı ki, belə ailələrdən daha az təminatlıları və uşaq sayı 3 və daha çox olanlara əlavə yardımlar da edilsin. Ailənin aylıq gəliri ən azı hər üzvünə görə minimum istehlak səbəti həcmində müəyyən edilə bilər. Bu həmin əhali qrupunun sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ən yaxşı tədbir olardı. Xüsusilə də hazırki dövrdə buna daha çox ehtiyac var".