“Ərazilərimizin bütövlüyünü ən nüfuzlu təşkilatlar tanıyır və dəstəkləyir”

“Bu isə müasir beynəlxalq hüquqa əsasən Ermənistanın Azərbaycana qarşı təcavüzünün əyani sübutudur”



“Ölkə başçısı mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının icrası ilə yerindəcə tanış olmaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına səfərlər edir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
Deputat bildirib ki, sosial-iqtisadi sahədə gündən-günə daha böyük yüksəlişlərə nail olan Azərbaycan regionun mühüm iqtisadi güc mərkəzinə çevrilib: 

“Ötən 17 il ərzində ölkədə həyata keçirilən liberal iqtisadi siyasət dayanıqlı iqtisadi artım və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin yürüdülməsi kimi yadda qalıb. Bölgələrin tarazlı və davamlı inkişafına xidmət edən dövlət proqramlarının uğurlu icrası yeni iş yerlərinin açılmasına, infrastrukturun yeniləşdirilməsinə, sahibkarlığın inkişafına böyük imkanlar açıb. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının qəbulundan sonra regionlarda infrastrukturun bərpası və inkişafı istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilib. Bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir. 

Əhalinin sosial təminatı, yerli əhəmiyyətli yolların təmiri və bərpası sahəsində böyük irəliləyişlər əldə edilib. Regional inkişafa xidmət edən kompleks tədbirlərin həyata keçirilməsi milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün geniş imkanlar açıb. Prezidentin indiyə qədər imzaladığı strateji əhəmiyyətli dövlət proqramları vətəndaşları uzun illərdən bəri narahat edən, qayğılandıran bir sıra problemlərin kompleks həllini nəzərdə tutur. Ölkə başçısının bölgələrə hər bir səfəri isə mühüm sosial obyektlərin açılışı ilə əlamətdar olur”. 

Parlament üzvünün sözlərinə görə, cənab Prezindentin iyunun 3-də Tərtər rayonuna səfəri bu baxımdan mühüm önəm daşıyır: 

“Prezidentin Tərtər Olimpiya İdman Kompleksinin açılışında Ermənistanın terror dövləti olduğunu, bu ölkədə hakimiyyətin faşist mahiyyətinin dəyişməz olaraq qaldığını, cinayətkar rejimin bütün milli azlıqları əzdiyini diqqətə çatdırması özlərini tarixən "məzlum", "soyqırıma məruz qalan" millət kimi təqdim etməyə çalışan ermənilərin necə dağıdıcı və faşist xislətinə malik olduğunu faktlarla sübut etmiş oldu.

Tarixi faktlara istinad etsək görərik ki, Ermənistanın xüsusi xidmət orqanlarının bilavasitə dəstəyi və iştirakı ilə 80-ci illərin sonundan başlayaraq, Azərbaycana qarşı 30-dan artıq terror-təxribat əməli törədilib. Bu terror əməllərinin Ermənistanın xüsusi xidmət orqanları tərəfindən törədilməsi əməliyyat-istintaq yolları ilə tam şəkildə sübut olunub.

Azərbaycan hakimiyyəti illərdir erməni şovinist millətçilərinin soydaşlarımıza qarşı törətdiyi cinayətlərin, dünya ictimaiyyətinə çatdırılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Əsl həqiqətlərin dünyaya çatdırılmasında maraqlı olan Azərbaycan tərəfi Ermənistandan və erməni millətçilərindən fərqli olaraq, bu məsələdən hər hansı maliyyə, ərazi və başqa dividendlər güdmür. Azərbaycanın məqsədi tarixi ədalətin bərpasına nail olmaq, məlum olan cinayətkarları beynəlxalq səviyyədə də ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. 

Erməni tərəfinin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin bu ərazilərdə məskunlaşmış ermənilərin “öz müqəddəratını təyinetmə” kimi qiymətləndirmə cəhdləri beynəlxalq hüququn əsas prinsiplərinə ziddir: 

“Çoxsaylı faktlar sübut edir ki, Ermənistan təcavüzkar ölkədir və Azərbaycanın 20 faiz ərazisini məhz bu ölkənin silahlı qüvvələri işğal edib. “Human Rights Watch” beynəlxalq təşkilatın 1994-cü ildə hazırladığı "Dağlıq Qarabağda münaqişənin yeddi ili" adlı məruzəsində göstərilir ki, əldə edilmiş faktlar Ermənistanın münaqişə tərəfi olduğunu sübuta yetirir. Danılmaz faktdır ki, Azərbaycanın ərazi bütövlüyü ən nüfuzlu dövlətlərarası beynəlxalq təşkilatlar tərəfindən tanınır və dəstəklənir. Bu isə, öz növbəsində, müasir beynəlxalq hüquqa əsasən, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının zəbt edilməsi, Ermənistanın Azərbaycana qarşı təcavüzünün əyani sübutudur”.