İnfeksionist: “Yüngül gedişli xəstələr qəflətən ağırlaşa bilirlər”

“Buna görə də  evdə müalicə zamanı mütləq həkim nəzarəti olmalıdır”

“Təyinata uyğun olmayan dərmanların qəbulu  ciddi fəsadlar verə bilər. Yersiz antibiotik qəbulu da təhlükəlidir"



Koronavirus pandemiyası dünyada yenidən kəskinləşməkdədir. Təəssüflər olsun ki, Azərbaycanda da yoluxanların və həyatını itirənlərin sayında artımlar var. Koronavirusa yoluxma sayı həddindən  artdığı üçün xəstəxanalarda çarpayı və həkim çatışmazlığı  yaranıb. 
Bu faktı “Sherg.az”a təsdiqləyən həkim-infeksionist  Süleyman Kamilovun sözlərinə görə, xəstəxanalarda həkim çatışmazlığı kadr azlığı ilə bağlı deyil:




“Sadəcə həkimlərin bir çoxu öz sağlamlığını itirməkdən və koronavirusa yoluxmaqdan qorxurlar. Bəzi həkimlər isə  bu işin peşəkarı olmadıqları üçün  kənara çəkilir,  koronaviruslu xəstələrin müalicəsində iştirak etmirlər. Amma yoluxma sayının artması səbəbindən  bəzən xəstəxanalarda çarpayı sayının problemlər yaratması həqiqətdir. Məhz bu səbəbdən də klinik vəziyyəti və simptomları nisbətən  yüngül olan xəstələrin evdə müalicəsi məsləhət bilinir”

İnfeksiya zamanı ağırlaşmaların istənilən an olma ehtimalına gəldikdə isə  infeksionist deyib ki,  dəfələrlə yüngül gedişli xəstələrin qəflətən ağırlaşması müşahidə edilib:
“Buna görə də  evdə müalicə zamanı mütləq həkim nəzarəti olmalıdır.  Xəstədə ani ağırlaşmalar hiss olunduğu zaman da  təcili tibbi yardıma xəbər etmək mütləq şərtdir. “COVİD- 19” pozitiv olan  asemptomatik və yüngül gedişli xəstələrin evdə özbaşına dərman qəbulu  yolverilməzdir.Təyinata uyğun olmayan dərmanların qəbulu daha ciddi fəsadlar verə bilər. Eyni zamanda yersiz antibiotik qəbulu insan sağlamlığı üçün təhlükəlidir".