"Ətrafımızda koronaya yoluxmuş xəstələr dolaşır"

Qalib Əsədov: "Bəzən deyirlər ki, panika yaratmayın, insanların əsəbləri korlanır. Mən düşünürəm ki, virusa yoluxub yaxınlarımızı itirməkdənsə, panika yaxşıdır"


Koronavirus pandemiyası dünyada yenidən kəskinləşməkdədir. Təəssüflər olsun ki, Azərbaycanda da yoluxanların və həyatını itirənlərin sayında artımlar var. Təhlil və müşahidələr göstərir ki, müəyyən olunmuş xüsusi karantin qaydaları, sanitar-epidemioloji tələblər gözlənilən nəticələri vermir.
Xüsusi karantin rejimi yumşaldıqdan sonra  bir çox vətəndaşlar Operativ Qərargahın tövsiyələrinə əməl etmədilər. Bu səbəbdən də,  infeksiyaya yoluxma halları artmağa başlayıb. 

COVİD-19 pandemiyası ilə bağlı real vəziyyəti dəyərləndirən həkim Qalib Əsədov "Sherg.az"a  müsahibəsində bəzi məsələlərə aydınlıq gətirib.

-   Virus dünyada tüğyan edəndə ölkəmizdə vəziyyət stabil idi. Birdən- birə necə oldu ki, infeksiya nəzarətdən çıxdı və yoluxma sayı 600-ə çatdı?

- Ölkəmiz yeni tip COVİD-19 adlı virusla mübarizəyə siz dediyiniz kimi qəti radikal addımlar atmaqla cavab verdi. Dərhal Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Bütün dövlət qurumları bir araya gətirildi. Hamı virusla mübarizə üçün səfərbər olundu. Yeni Klinika vaxtından tez istifadəyə verildi. Modul tipli xəstəxanalar tikilməyə başladı. Bu da əlbəttə öz bəhrəsini verdi. Azərbaycanda vəziyyət xeyli ürəkaçan idi. Lakin sonradan  əhalidə arxayınçılıq yarandı. Virusun hardasa uzaqlarda olduğunu düşündük, hətta bəziləri bunun olmadığı iddiasına düşdülər. Təəssüf ki, hələ də bu iddiada olanlar az deyil. Və belələri insanları yoluxdurmaq baxımından daha təhlükəlidirlər. Karantin rejimi yumşaldıqdan sonra isə elə bildik hər şey bitdi və gördüyünüz acınacaqlı mənzərə yarandı. Yeri gəlmişkən, bu tip infeksiyalarda real rəqəm statistik rəqəmdən 3-4 dəfə çox olur. Yəni 600 rəqəmi aşkar olunan xəstələrin sayıdır. Əslində isə qat-qat çoxdur. Hazırda ətrafımızda COVİD-19 virusuna yoluxmuş xəstələr dolaşır, bizimlə birlikdə nəqliyyatda, marketlərdə, apteklərdə ətrafdakıları yoluxdurmaqda davam edirlər.

- Səlahiyyətli şəxslər vətəndaşı,  mütəxəssislər də TƏBİB-i günahlandırır. Siz çıxış yolunu nədə görürsünüz?

- Sadə vətəndaşda niyə günah olsun ki? Əgər o bizə inanmırsa, deməli biz nəyisə doğru etmirik. İnandıra bilməmişik vəziyyətin ciddiliyini. Və ya görülən tədbirlərin vacibliyi KİV vasitəsilə lazımınca təbliğ olunmayıb. Hələ gec deyil. Təcili aşağıdakı tədbirləri görmək lazımdır:

1. Respublikaya cavabları bir neçə dəqiqə ərzində hazır olan ekspres testlər gətirilməlidir. Bütün risk qrupları (sürücülər, market, aptek, səhiyyə işçiləri) bu testdən keçirilməli və populyasiyada bu virusun nə dərəcədə yayılması araşdırılmalıdır. Hazırda istifadə olunan PZR testlərinin cavabı bir neçə gündən sonra hazır olur. Bu bir neçə gündə COVİD -19 virusuna yoluxmuş xəstə ətrafdakıları yoluxdurmaqda davam edir. Həm də bəzən xəstədə klinik əlamətlər olduğu halda testin cavabı neqativ olur. Bu halda o təcrid olunmur və deyim ki, müalicəsiz qalır. Qarşımızda Avropa təcrübəsi var. Bunu öyrənib tətbiq etmək lazımdır.

2. Testlər pulsuz aparılmalıdır. Nədən yalnız 3 özəl klinikaya icazə verilib bu müayinələri aparmağa? Hətta pullu olsa belə qiymət hamı üçün əlçatan olmalıdır. Axı hər kəsin imkanı yoxdur özünü, ailəsini yoxlatdırmağa. Hazırda aparılan test müayinələrin qiyməti düşünürəm ki, çox yüksəkdir. Test yoxlamaların dövlət poliklinikalarında aparılmasını məqsədəuyğun hesab edirəm.

3. TƏBİB müalicə protokolunu bir daha nəzərdən keçirməlidir. Hazırda bu protokolda, dünyanın heç bir yerində istifadə olunmayan Arbidol qeyd olunub. Bütün dünyada isə Remsedevir, Favipiravirin daha effektiv olması müəyyən olunub. Bu dərmanlar apteklərdə də olmalıdır. Evdə müalicə alan xəstə bu dərmanları hardan alsın? Bu gün apteklərdə vitamin belə defisitdir. Apteklər xüsusi N95 maskaları ilə təhciz olunmalıdır.

 4. Kütləvi İnformasiya Vasitələrində viruslar haqqında ekstrasens, müğənni yox, bu işin biliciləri vəziyyəti izah etməlidirlər. Canlı yayımlarda birbaşa insanların suallarına cavab verməlidirlər.

 -  Qorxulu proqnozlar var ki, Azərbaycanı İtaliya,  İspaniyanın taleyi gözləyir. Ölü sayı çoxalacaq, xəstəxanalarda yer olmayacaq. Vəziyyət bu həddə qədər pisləşə bilərmi?

- Biz ona doğru gedirik. Hətta düşünə belə bilmədiyimiz fəlakətlərlə üzləşə bilərik. Səhiyyə sistemi kollaps vəziyyətinə düşə bilər. Hazırda bunun əlamətləri duyulur. Təcili yardımın çatdıra bilməməsi, xəstəxanalarda çarpayı sayının dolması belə düşünməyə əsas verir. Bəzən deyirlər ki, panika yaratmayın, insanların əsəbləri korlanır. Mən düşünürəm ki, virusa yoluxub yaxınlarımızı itirməkdənsə,  panika yaxşıdır. Amma yuxarıda göstərdiyim tədbirlər vaxtında həyata keçirilməyə başlasa, düşünürəm bu fəlakətdən yaxa qurtara bilərik.

- Artıq bir sıra ölkələrdə virusun yoluxma sürəti azalıb, karantin qaldırılıb. Biz hansı tədbirləri görməliyik ki,  payıza qədər vəziyyət normallaşsın?

- Hər şey müvafiq orqanların nə dərəcədə operativ işləməsindən və bizim qaydalara əməl etməyimizdən asılıdır. Təcrübə göstərir ki, qayda-qanunlara hörmətlə yanaşan cəmiyyətlərdə (Almaniya, Çin, Yaponiya) tezliklə bu bəlanın qarşısı minimum itkilərlə alınıb.

- Son olaraq koronavirus nə vaxta qədər dünyanı təhdid edəcək?   Tamamilə xilas yolu var, yoxsa uzun müddət bizimlə irəliləyəcək?

- Koronoviruslar 1965-ci ildə tapılıb və bütün bu müddət ərzində də ətrafımızda olub. Əgər siz konkret COVİD-19 deyirsinizsə, düşünürəm hardasa iki il bizi təhdid edəcək. Bundan əvvəlki koronoviruslar ailəsinə daxil olan SARS və MERS viruslarının özlərini aparmaq təcrübəsində çıxış edərək mən bu proqnozu verirəm. Çünki həmin viruslar iki ildən sonra elə bil ki, yoxa çıxdı. Düşünürəm ki, iki il COVİD-19 aramızda olacaq. Bu müddət ərzində virus mutasiya ola bilər, dəyişərək can almaq qabiliyyətini azalda bilər və ya hamımızda bu virusa qarşı immunitet yaranaraq, bizim üçün təhlükəlilik dərəcəsi azala bilər. Gələcəkdə nə olacağını kimsə deyə bilməz. Bir şeyi yadda saxlamaq lazımdır ki, hazırda ətrafımızda gözəgörünməz düşmən var və özümüzü qorumalıyıq. Özünü qorumayan əziyyət çəkəcək və hətta həyatla vidalaşa bilər.