Ölkəmizdə koronavirusun yayılması sahəsində vəziyyət gərgindir. Statistika göstərir ki, təkcə risk qrupuna aid olanlar deyil, həmin qrupa aid olmayanlar, hətta cavanlar arasında da ağırlaşma halları qeydə alınır. Xəstəliyin artım dinamikasına səbəb əhalinin əksər hissənin xüsusi rejim qaydalarının tələblərinə əməl etməməsi, digər şəxslərlə sıx təmasları, ciddi zərurət olmadığı hallarda evdən çölə çıxmaları və digər mövcud qaydalara əməl etməmələri göstərilir.
Xüsusən də maska taxmayan insanlar ətrafdakılar üçün təhlükə mənbəyi rolunu oynayır, onların yoluxmasına səbəb olurlar. Belə ki, koronavirusdan qorunmaq üçün qapalı məkanlarda tibbi maskadan istifadə məcburi olsa da, vətəndaşlar qanunun tələbinə məhəl qoymur.
Demək olar ki, hər gün mağazalarda, ictimai nəqliyyatda, apteklərdə o qədər maskasız adamla üz-üzə gəlçəli oluruq ki, bu da sağlamlığımızı risk altında qoyur.
Psixoloq Orxan Oruc isə “Sherg.az”a açıqlamasında əhalinin maskadan istifadəyə biganə münasibətinin təəssüf doğurduğunu deyib. Onun sözlərinə görə, ölkədə maska ilə bağlı qanun qəbul edilsə, kütləvi olaraq insanları cərimələmək mümkün deyil:
"Güc strukturları, mütəxəssislər, operativ qərargah, hətta ölkə başçısı tərəfindən tövsiyə olunursa, qaydalarla bağlı təlimat verilirsə, bu zaman artıq məsuliyyət insanların üzərinə düşür”.
O. Orucun dediyinə görə, məsafə saxlamaq, maska taxmaq və digər karantin qaydalarına əhalinin başdansovdu yanaşması inamsızlıqla bağlıdır: " Vətəndaşların təbirincə, karantin rejimi və maskasız gəzənlərin cərimələnməsi ilə bağlı qəbul edilən bütün qərarlar məntiqsizdir. Deməli, qaydalara riayət olunması üçün cəzalandırma üsulu hər zaman effektiv olmur.
Düşünürəm ki, maska taxmaq məsələsinə yanaşmada ictimai qınaq olarsa, bu, daha yaxşı effekt verə bilər. İnsanın içində qanunlardan daha çox, kütlənin davranışına uyğunlaşmaq instinkti var.
Hər hansı qanun-qaydamızla ictimai baxış bucağımız nə qədər ki bir-birinə ziddir, effekt verməyəcək. Polislə kobud davranış, hansısa qaydaların pozulması, dövlət qurumuna yalan danışa bilmək və s. bənzər davranışları qəhrəmanlıq, böyük hünər kimi qəbul edən nümayəndələrimizlə cəmiyyətimiz üçün ideal işlək qanunlar hazırlamaq çox çətindir. Bəzən ictimai qınağın təsiri qayda-qanunlardan daha güclü ola bilər.
Gərək maska taxmayanlara digər vətəndaşlar qınaqla yanaşsın, onlara iradlarını bildirsinlər. Hava-damcı infeksiyasından qorunmağın əsas yolu maskadan istifadə və sosial təcriddir".