“Vətəndaş mövqeyi və ictimai qınaq mütləq olmalıdır”

"İctimai qınaq mexanizmi bir sıra ölkələrdə effektiv mübarizə üsulu kimi özünü göstərməkdədir”

“Hər bir vətəndaşımız diqqətli olmalı, hadisələrə reallıq hissin itirmədən yanaşmalıdır"



Mayın əvvəlindən həyata keçirilən yumşalma tədbirləri bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da xəstələyin yayılma sürətini artırıb.
 Bunun səbəbi də insanların karantin qaydalarına riayət etməməsidir. Qaydalar isə çox sadədir - lazım olmadıqca evdən çölə çıxmamaq, tibbi maska taxmaq, sosial məsafəni saxlamaq və gigiyenik qaydalara  riayət etmək.

Ancaq bəzi vətəndaşlar bu qaydalara əməl etmirlər. Onlar ictimai, qapalı məkanlarda olarkən nə sosial məsafə saxlayır, nə də tibbi maskadan istifadə edirlər. Nəticədə isə koronavirusa yoluxanların sayı dayanmadan artır.

Artan yoluxma sayı pandemiyaya qarşı ölkəmizdə həyata keçirilən effektiv tədbirləri minimuma endirir və davam edərsə, daha acı nəticələrlə üzləşəcəyimiz barədə SOS siqnalı verir. 

Təəssüf hissi ilə əhalinin karantin qaydalarına, xüsusən də  maskadan istifadəyə biganə yanaşmasından danışan millət vəkili  Ceyhun Məmmədov “Sherg.az”a deyib ki, cərimələr və inzibati cəzalarla yanaşı, vətəndaş mövqeyi və ictimai qınaq mütləq olmalıdır: "İctimai qınaq mexanizmi bir sıra ölkələrdə effektiv mübarizə üsulu kimi özünü göstərməkdədir. Azərbaycanda pandemiyanın ilk  günlərindən 
dövlət tərəfindən “COVİD 19”la mübarizədə xalqı qorumaq üçün  lazımı addımlar atılır. 

Vətəndaşlar da  koronavirusla mübarizəyə eyni həssaslıqla yanaşmalı və əhalinin sağlamlığı üçün tələb olunan karantin qaydalarına əməl etməlidir. 
Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir. 

Dövlətin, polisin bir tələbi var, o da hər bir vətəndaşın qaydalara tam əməl etməsidir. Karantin rejiminin tezliklə bitməsi bilavasitə bizim özümüzdən asılıdır.

Əgər tez bitməsini istəyiriksə, qaydalara tam riayət etməliyik. Bu daha çox özümüzə lazımdır. Vəziyyətin təhlili göstərir ki, xəstəliyin əhatə dairəsi daha da genişlənir. Qaydalara əməl etmədikcə virusa yoluxanların sayı daha da artacaq. Acı nəticələri daha çox hiss etməyə başlayacağıq.
Biz nə qədər həmrəy olub həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin edə bilsək, bir o qədər tez bu vəziyyətdən çıxa biləcəyik və həyat öz adi axarına qayıdacaq.

Əgər pozuntulara qarşı barışmaz olsaq, ətrafımızdakı insnaların biganəliyinə qarşı mübarizlik nümayiş etdirsək, bir o qədər də tez və yaxşı nəticə əldə etməyə müvəffəq ola bilərik". 

 Millət vəkilinin sözlərinə görə, hər şeydən öncə vətəndaşların özlərində qanun pozuntusuna qarşı ictimai qınaq olmalıdır: 

"İnsanlar ictimai nəqliyyatda, qapalı məkanlarda,  mağazalarda, dayanacaqlar  qaydaları pozan, maskasız  gəzən insanları qınamalı və kəskin münasibət bildirməlidir.  Bir sözlə,  hər bir vətəndaşımız diqqətli olmalı, hadisələrə reallıq hissin itirmədən yanaşmalıdır".