“İctimai qınaq və maarifləndirmə gücləndirilməlidir”

"Koronavirusun dünyada yayıldığı ilk günlərdən etibarən dövlətimiz tərəfindən yoluxmaların qarşısının alınması istiqamətində bir sıra tədbirlər həyata keçirildi. Yoluxma hallarının qarşısının alınması, növbəti mərhələdə isə azalması üçün hökumət nümayəndələri dəfələrlə brifinqlər keçirərək vətəndaşlara müraciət etdi".
Bu sözləri “Sherg.az"a Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski deyib.
Onun sözlərinə görə,  ilk sırada duran məsələ isə karantin rejiminə, o cümlədən sosial məsafə və gigiyena standartlarına riayət etməyin zəruriliyinin insanlara çatdırılması oldu:

“Müraciətlər bu gün də davam etməklə yanaşı, həmçinin artıq epidemioloji vəziyyətə nəzarət etmək üçün rejimi sərtləşdirmək və qaydalara riayət etməyən insanlara qarşı müəyyən məbləğdə cərimələrin tətbiq edilməsi müəyyənləşdirilib.  Lakin, bütün bunlara baxmayaraq, yenə də insanların ictimai yerlərdə tibbi maskalardan istifadə etməməsi və sosial məsafəyə riayət olunmaması səbəbindən koronavirus infeksiyasına yoluxanların sayında artımların şahidi olduq. Təəssüflə qeyd etməliyik ki, Prezident İlham Əliyevin də çıxışında vurğuladığı kimi, bir çox hallarda bu cür həssas məsələyə insanlar yenə də məsuliyyətsizlik göstərərək, onlara tövsiyə olunan qaydalara əməl etməyib, maska taxmadılar, məsafə saxlamadılar, dezinfeksiya vasitələrindən istifadə etmədilər. Bununla da bu insanlar həm öz həyatlarını, ailə üzvlərini və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atdılar.



Bu məsələnin nə qədər həssas və eyni zamanda cəmiyyətimizin sağlam gələcəyi naminə mühüm olduğunu nəzərə alaraq ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları da hökumətə dəstək olaraq ictimaiyyətin hər bir üzvünün daim maarifləndirilməsi istiqamətində işlərini davam etdirirlər. Əlbəttə ki, bu istiqamətdə bu günədək Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə ictimai birliklər tərəfindən xeyli sayda zəruri tədbirlər, aksiyalar, xüsusən də sosial layihələr həyata keçirilib.

Yuxarıda qeyd olunan məsələ ilə əlaqədar insanların tətbiq olunan qaydalara riayət etməməsi nəticəsində yaranmış çətin vəziyyətin aradan qaldırılması üçün son günlərdə ən aktual məsələlərdən biri də ictimai qınaq mexanizmlərinin həyata keçirilməsidir.

Ümumiyyətlə, ictimai rəy və ictimai qınaq bütün zamanlarda cəmiyyətin inkişafı prizmasından olduqca mühüm amillərdən biri olub.  İctimai qınaq, ictimaiyyət adlandırılan, müxtəlif insan qruplarının ehtiyac və mənafelərinə təsir edən hadisələrə, sosial reallıqlara və faktlara münasibət bildirilən (gizli və ya açıq) bir kütləvi şüur vəziyyətidir. Belə ki, hər insan cəmiyyətin bir hissəsidir və onun təsiri olmadan inkişaf edə bilməz.

Məhz cəmiyyətlə qarşılıqlı əlaqədə olaraq insan həyat üçün lazım olan bir sıra sosial bacarıqlar əldə edir. Bu isə öz növbəsində o deməkdir ki, elmi nəzəriyyələrin də sübut etdiyi kimi, cəmiyyətin formalaşmasında insanların rolu olduğu qədər, ictimaiyyətin də insan həyatına, onun davranışlarına bilavasitə təsiri mövcuddur.

İctimai qınaq həmçinin insana nəzakət, ədəb, qanunlara hörmət və digər faydalı xüsusiyyətlərin ibtidai qaydalarını öyrətmək üçün də vacib mexanizmlərdən biridir. Bu mexanizmlərin cəmiyyətin üzvlərinə tətbiq edilməsində aparıcı rolu isə demək olar ki, bütün dövlətlərdə nüfuzlu dövlət xadimləri, mətbuat işçiləri, vətəndaş cəmiyyəti institularının nümayəndələri, ictimaiyyətçilər oynayır". 

E.Talışinskinin fikrincə, bugünkü şəraitdə də hər bir məsuliyyətli insanın üzərinə özündən başlayaraq, ailəsinin, qonşularının, dostlarının və ümumilikdə ətrafında olan bütün cəmiyyətin maarifləndirilməsi düşür: 

"Biz ictimaiyyətçilər də mətbuat işçiləri ilə sıx əməkdaşlıq edərək insanların istər qaydalara, istərsə də bir-birilərinə olan münasibətlərinin formalaşmasında tənzimləyici rol oynaya bilərik. Təbii ki, bu məsələyə çox ciddi yanaşmaqla ictimai qınaq və ya ictimai rəy vasitəsilə cəmiyyətin üzvlərinə təsir etmək mümkündür. Əminəm ki, biz birlikdə fəaliyyət göstərərək, bu çətin vəziyyətin öhdəsindən gələcəyik".