Aylardır dünyanı təhdid edən “COVİD-19” infeksiyası hələ də sovuşmayıb.
Mayın əvvəlindən həyata keçirilən yumşalma tədbirləri bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da xəstələyin yayılma sürətinin artmasına səbəb olub. “COVİD-19”a yoluxma hallarının sayının artması isə ölkədə yenidən məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsi zərurəti yaratdı.
İndi vətəndaş olaraq cəmiyyət qarşısındakı məsuliyyətimizi dərk edib qaydalara və tövsiyələrə riayət etməklə üzləşdiyimiz bu bəladan xilas olmalıyıq.
Koronavirusa qarşı mübarizəni dəyərləndirən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyevin "Sherg.az"a açıqlamasına görə, COVİD 19-la mübarizə sahəsində Opreativ Qərargahın son addımları vəziyyətdən çıxış yollarından biridir.
İlk dəfə tətbiq olunan sərt karantin rejiminin yumşaldılmasının yanlış qərar olduğunu vurğulayan politoloq hesab edir ki, daha intizamlı cəmiyyətlər üçün bu qəbuledilən idi. Çünki vəziyyət əhaliyə izah olunmuşdu və bundan sonrakı davranışlar xalqın intizamına bağlı olmalı idi:
"Bu baş vermədi və yumşalma qərarından sonra insanlar kütləvi şəkildə virusun yayılması üçün nə lazımdırsa onu etdilər. Opreativ Qərargah isə bunu zamanında qiymətləndirə bilmədi. Yoluxma həndəsi silsilə ilə artmağa başlayanda isə yenidən sərtləşməyə getmək barədə qərar qəbul etdilər.
Bu gün dünyada yoluxma sürəti daha da artıb. İlk 3 ayda yoluxma cəmi 100 min idisə, indi gündə 200 min və daha çox yoluxma halları qeydə alınır. Lakin Avropa və Asiyanın bir çox ölkələrində virus yox olmağa başlayıb. Qonşu Gürcüstan böyük iradə göstərərək virusun yayılmasına imkan vermədi. Azərbaycanda isə koronavirusun yayılması qismən lokallaşdırılsa da, karantinin qaydalarına hələ də əməl etməyənlərin olması prosesi çətinləşdirir.
Təəssüflər olsun ki, hələ də ictimai nəqliyyatda sərnişin sıxlığı davam edir və sərnişinlərin 50 faizindən çoxu maskasızdır. Maskadan istifadə edənlərin böyük əksəriyyəti isə avtobusa minərkən maskanı çənəsinin altına çəkir. O cümlədən, ərzaq marketlərinin böyük əksəriyyətində sıxlıq pik həddədir. Satıcı və işçilər maskadan görüntü üçün və ya cərimə olunmamaq üçün istifadə edirlər".
Polis qüvvələrinin əhalinin karantin qaydalarına əməl etməsinə tam nəzarət edə bilmədiyini vurğulayan V.Əfəndiyev deyib ki, ordunun da koronavirusa qarşı mübarizəyə cəlb edilməsinə böyük ehtiyac var. Xüsusən də əhalinin sıx olduğu qapalı məkanlarda nəzarətçilər olmalıdır:
"Marketlərə və ictimai nəqliyyata insanlar məhdud şəkildə buraxılmalıdır. Nəqliyyatda daşınmalar oturacaq sayından iki dəfə az olmalıdır. Ən böyük problemlərdən biri də odur ki , özəl şirkətlər işçilərin sayını Operativ Qərargahın tövsiyyə etdiyi sayda azaltmaq istəmirlər. Hələ də işçiləri gün ərzində 8 saatdan çox , istirahətsiz və məzuniyyətsiz işlədənlər var. Bütün bu neqativ hallar yoluxmanın qarşısını almaq üçün ciddi maneədir. Düzdür, çox şey ilk növbədə əhalinin intizamından asılıdır. İnsanlarımız sadəcə ara məsafəsi saxlamaqla şəxsi gigiyeniya qaydalarına bir qədər diqqəti artırmaqla tövsiyyə olunanlara əməl etsələr karantini bu qədər sərtləşdirməyə ehtiyac olmazdı. Əgər əhali bunu ciddiyə almırsa o zaman fövqaladə vəzyyətin tətbiq ediləmsi vacibliyi yarana bilər. Bundan başqa virusun yayılmasında bir sıra obyektiv səbəblər də var. Bunlar koronavirusa yoluxan xəstələri müalicə edəcək qədər həkimlərin, ixtisaslı virusoloqların sayının az olmasıdır. Bundan ötrü Almaniya və İsraildən həkim və virusoloqlar dəvət olunmasını təmin etmək lazımdır.
Əvvəllər yalnız yaşlıları öldürən “COVİD- 19” son vaxtlar gənclərimizi də əlimizdən alır. Hesab edirəm ki, yaşadığımız stress və psixoloji gərginlik immunitetimizi aşağı salıb və orqanizmin virusa qarşı müqavimətini azaldıb. Mütəxəssislər bu sahədəki boşluqlara xüsusi diqqət yetirilməlidir.
Psixoloqlar efir vasitəsilə xalqın sakitləşməsi istiqamətində verilişlər hazırlamalıdırlar"- deyə V. Əfəndiyev əlavə edib.