Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının artım dinamikası davam edir. Bu səbəbdən ölkəmizdə koronavirusla mübarizə çərçivəsində əsas vəzifə yoluxma hallarının artım sürətini dayandırmaq və bu sahədə müsbət tendensiyaya, yoluxma hallarının azalmasına nail olmaqdır. Dövlət tərəfindən COVİD 19- la mübarizədə əhalinin sağlamlığını qorumaq üçün lazımi addımlar atılıb.
Artıq vətəndaş olaraq hər birimiz bu mübarizəyə qoşulmalı və pandemiya ilə mübarizədə dövlətə dəstək olmalıyıq. Bu yoluxmanın və yayılmanın qarşısını almaq hamımızın məsuliyyətidir. Ən vacib qabaqlayıcı tədbir isə fiziki məsafənin qorunması və qoruyucu maskaların taxılmasıdır. Lakin gündəlik həyatda müşahidə olunan mənzərə bunun əksini göstərir. İnsanlar nə ictimai nəqliyyatda, nə də marketlərdə maska taxıb, məsafəni gözləyir.
Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli də “Sherg.az”a açıqlamasında qeyd edib ki, vəziyyət kifayət qədər mürəkkəbdir və bu problemin qısa müddətli, asan həlli yoxdur:
" Pandemiya dövrünün bir neçə həftə deyil, daha uzun müddət davam edəcəyini başa düşməli, davranış və həyat tərzimizi yaranmış vəziyyətə uyğunlaşdırmalıyıq. Koronavirusun yayılmasında artım dinamikasının təhlili göstərir ki, insanlar əsasən iş yerlərində, ictimai nəqliyyatda, kütləvi yerlərdə virusa yoluxurlar. İş yerlərində ümumi istifadə yerləri (mətbəx, sanitar qovşaqlar, görüş otaqları) və qoruyucu vasitələrdən istifadə etməmək (məsələn maska taxmamaq, məsafə gözləməmək) yoluxmaya əsas səbəb olan amillərdəndir.
Xəstəliyin ilkin simptomları olan şəxs tibbi xidmətə müraciət etmək əvəzinə öz adi həyat qaydasını davam edir, bəzi hallarda özünü müalicə etməyə çalışır, bütün bu müddət ərzində həm öz vəziyyətini ağırlaşdırır, həm də digərlərini yoluxdurmağa davam edir. Üstəlik, vətəndaşların təhlükəsizlik qaydalarını kobud şəkildə pozması, virusa yoluxmuş qohumlarını, qonşularını ziyarət etməsi halları da müşahidə olunur. Hələ də bəzi vətəndaşlar koronavirus pandemiyasına şübhə ilə yanaşır, müxtəlif konspiroloji nəzəriyyələrin təsiri altında zərərli fikirlər bölüşür, özü, yaxınları, ətrafı üçün ciddi təhlikə yaratmaqda davam edir.
Karantin rejiminin yumşaldılmasından sonra müşahidə olunan artım ilk növbədə məsuliyyətsiz davranış, tətbiq olunan qaydalara, tələb və tövsiyələrə riayət etməməklə bağlıdır".