"İlk gündən şəhərə çıxanda əlim əlcəkli, ağzım maskalı, çantamda da sprit olub. Çox güman havadan keçib"
Milli Qəhrəman Alı Mustafayevin bacısı Bəsti Mustafayeva koronavirusa yoluxub. Bir neçə gün özünü narahat hiss edən Bəsti xanım həkimə müraciət edərək analiz verib və nəticələr pozitiv çıxıb. Təcili yardım maşını vasitəsilə Sumqayıt xəstəxanasına yerləşdirilən Bəsti xanım orada 5 gün müalicə alıb.
Aparat çatışmazlığı səbəbindən Masallıya köçürülən B.Mustafayeva "Sherg.az"a müsahibəsində xəstəxanadakı şəraitdən, qidalanmadan və tibbi personalın xidmətindən razılıq edib: "Baş həkim, tibb bacıları, xəstə baxıcılarının hər birinə minnətdaram. Çox əziyyətimizi çəkirlər. Gecədən səhərə kimi yuxusuz qalıb xəstələrə qulluq edirlər, iynə- dərmanlarımızı vaxtında verirlər.
- Xəstəlik özünü hansı simptomlarla biruzə verdi?
- Temperaturum qalxmışdı və titrətməm olurdu. Əvvəlcə pnevmaniya diaqnozu qoyuldu. Yaxma analizi götürüləndən sonra COVİD-19-a yoluxduğum məlum oldu.
- Sizdə virus aşkarlandıqdan sonra ailə üzvlərinizi də yoxladılarmı?
- Bakıda nəvəmlə yaşayıram. Məndə virus aşkarlanan zaman onu da yoxladılar, nəticələr neqativ çıxdı deyə karantinə alınmadı.
- İndi özünüzü necə hiss edirsiniz?
- Hazırda vəziyyətim normaldır. Yenə yüngül öskürək olur, amma nəfəs almamda ciddi bir problem yoxdur. Oksigen aparatına qoşurlar. Tez-tez havamı dəyişirəm.
- Virusa harada yoluxdunuz? Karantin qaydalarına əməl edirdiniz?
- İlk gündən “evdə qal” çağırışına əməl edən adamam. İlk gündən şəhərə çıxanda əlim əlcəkli, ağzım maskalı, çantamda da sprit olub. Çox güman havadan keçib. İnsanlarımızda koronavirusa inamsızlıq olduğundan sosial izolyasiya qaydalarına əməl etmirlər. Maskanı çıxarıb küçəyə atırlar, yerə tüpürürlər, hər yer mikrob qaynayır. Tövsiyəm odur ki, insanlarımız bu virusu ciddiyə alsınlar. Ən azından özlərinin sağlam olduqlarına əmin olmaq üçün test etdirsinlər. Qapalı yerlərdə maska taxsınlar, əllərini tez-tez yusunlar, spirtləsinlər. Bu xəstəlik var və adamı bilmədiyi bir məqamda haqlayır.
- Sizinlə birgə xəstəxanada müalicə olunan xəstələrin vəziyyəti necədir?
- Hər vəziyyətdə olan xəstə var. Əsas odur ki, aldığımız müalicədən razıyıq. Həkimlər, tibb bacıları əllərindən gələni edir. Bəxti gətirən sağalır, vaxtı çatan ölür.
- Evə nə vaxt buraxacaqlar?
- Hər şey müalicənin gedişindən asılıdır. Özümü yaxşı hiss etsəm də, hələ ki tam sağalmamışam. Süni tənəffüs aparatına qoşulduğum üçün evə çıxmaq üçün tezdir.