"Məsuliyyətli olub karatin qaydalarına riayət etməliyik”
“Dövlətin situasiyanı idarəetmə siyasətinə və tədbirlərinə anlayışla yanaşmalıyıq”
"Koronavirus pandemiyasının təsirlərinin azaldılması, insanların sağlamlığının qorunması istiqamətində Azərbaycan dövləti ardıcıl fəaliyyətini davam etdirir".
Bu sözləri "Sherg.az"a millət vəkili Sədaqət Vəliyeva deyib. Deputat hesab edir ki, açılışı olmuş 5 modul tipli xəstəxanadan sonra 800 çarpayılıq yeni xəstəxananın inşa edilməsi xalqın sağlamlığının qorunması üzrə dövlətin necə prinsipial mövqe tutduğunun göstəricisidir.
S.Vəliyeva həmçinin yaxın zamanlarda koronavirusa yoluxmuş xəstələrin müalicəsi, onların yenidən sağlam həyata qaytarılması üçün ölkəmizdə 5 mindən çox çarpayı potensialı olacağını deyib:
" Lakin dövlətin gördüyü bu işlər fonunda bəzi insanlarımızın məsuliyyətsiz davranışları virusa yoluxanların sayının 500 nəfəri keçməsinə səbəb olub. Qaydaları pozanlar cəzalandırılır, cərimələr artırılır, lakin insanlar yenə də məsuliyyətsizlik etməkdə davam edirlər. Halbuki 5-10 nəfərin karantin qaydalarını pozub istirahət etməsi əlavə 600 nəfərin yoluxması deməkdir. Axı, hər dəfə təkrar-təkrar deyirik ki, 1 koronaviruslu xəstə 60 nəfəri yoluxdura bilər".
Millət vəkilinin qənaətincə, vətəndaşlar karantin qaydalarına əməl etmədiyi üçün günlərdir Azərbaycanda virusa yoluxanların sayı 500-dən aşağı enmir:
"Əgər pandemiya şəraitində qarşılıqlı anlayış və hörmət olmasa, dünya düşməni olan koronavirusa necə qalib gələcəyik? İnsanlarımızı pandemiyadan ancaq məsuliyyət, qarşılıqlı anlayış və hörmət xilas edəcək. Məsuliyyətli olub karatin qaydalarına riayət etməliyik, polislərimizə və həkimlərimizə hörmət etməliyik, dövlətin situasiyanı idarəetmə siyasətinə və tədbirlərinə anlayışla yanaşmalıyıq”.