"Virus əleyhinə olan dərman preparatlarının özbaşına qəbulu tövsiyə olunmur"
Son günlər COVID-19 infeksiyasına yoluxma sayı o həddə çatıb ki, bütün daşıyıcıların klinikalarda müalicəsi mümkün deyil. Nisbətən yüngül xəstələrə evdə müalicə olunmaq tövsiyə edilir. Elə vətəndaşların bir çoxu da adının koronaviruslu xəstə kimi hallanmasını istəmədiyindən həkimə müraciət etmədən xalq təbabəti ilə özünü müalicəyə üstünlük verir. Mütəxəssislər isə evdə özbaşına müalicə üsulunu doğru hesab etmir. Onların fikrincə, yalnız xəstəliyi yüngül keçirən insanlar evdə həkim nəzarəti altında müalicə oluna bilər.
Vətəndaşların evdə müalicəsi ilə bağlı tətbiq edilən prosedur qaydalarına aydınlıq gətirən Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova deyib ki, özündə koronavirusun əlamətlərini hiss edən şəxs telefon vasitəsilə ərazi üzrə poliklinikaya müraciət etməlidir. Həkimin qərarı əsasında yoluxma şübhəsi ilə müraciət etmiş vətəndaşın ünvanına COVID-19 testini keçirmək məqsədilə tibb işçisi yönləndirilir: "Test nəticəsi müsbət olduğu təqdirdə həmin şəxslər qeydiyyata alınır və xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən dərman preparatları ilə təmin olunurlar.
Dərman dəstlərinə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və “Parasetamol” kimi preparatlar daxildir. Adıçəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur. Sahə həkimləri tərəfindən evdə müalicə alan COVID-19 xəstələrinin vəziyyəti 14 gün ərzində gündəlik olaraq müşahidə edilir. Xəstəliyin gedişatında ağır simptomlar aşkar edilərsə və yoluxmuş şəxsin ümumi vəziyyətində kəskinləşmə müşahidə olunarsa, həmin xəstənin stasionar şəraitdə müalicəni davam etmək zərurəti sahə həkimi tərəfindən müəyyən edilir".
İnfeksionist-hepatoloq Vüsalə Yaşar isə "Şərq"ə açıqlamasında deyib ki, özündə koronavirusun əlamətlərini hiss edən şəxslər həkimə müraciət etmək əvəzinə özbaşına müalicə üsuluna əl atırlar. Qohuma, qonşuya tədbiq olunan dərmanları alıb içirlər. Hər xəstə həkim tərəfindən müayinə olunmalı, başqa xəstəliklərinin olub-olmadığı müəyyən edilməli, sonra dərman təyin edilməlidir:
"Bütün yuxarı tənəffüs yolu infeksiyalarında olduğu kimi koronavirusa yoluxma zamanı da bitki çayı içmək, bol maye qəbul etmək olar. Amma virus əleyhinə olan dərman preparatlarının özbaşına qəbulu tövsiyə olunmur. Antibiotiklərin, hormonal tərkibli dərmanların həkim məsləhəti olmadan qəbul edilməsi xəstədə əlavə fəsadlar yarada bilər. Ümumiyyətlə, infeksiyanın başlanğıc mərhələsində stereoidlərin istifadəsi tibdə qəbul olunmur. Müalicə mərhələsində hansısa xəstənin immun sistemini aşağı salmaq zərurəti yaransa, biz bu dərmanlardan istifadə edirik.
Əks halda stereoidlər normal immun sistemini məhv edir. Koronavirus infeksiyasına yoluxmamaq üçün əksəriyyət arbidol alıb içir. Halbuki, koronavirusla mübarizədə bu dərmanın da nə dərəcədə təsirli olduğu sübut olunmayıb. Ona görə də həkim məsləhəti olmadan profilaktika məqsədi lə arbidoldan istifadəni məsləhət görmürəm. Profilaktika üçün sağlam həyat tərzi və sağlam qidalanmaq lazımdır. Orqanizmdə D vitamininin səviyyəsinin aşağı olması xəstəliyin gedişini ağırlaşdırdığı üçün daha çox günəş vannası qəbul etməli və D tərkibli qidalara üstünlük verməliyik".
Koronavirusa yoluxan xəstələrin evdə müalicə üsulu ilə bağlı dünya təcrübəsinə toxunan V.Yaşar deyib ki, xəstəxanalarda yer qıtlığı səbəbindən xəstəliyi yüngül keçirən insanlar həkim nəzarəti altında evdə saxlanılır. Amma bizim düşüncə tərzimiz fərqli olduğu üçün koronavirusa yoluxan xəstələri evdə saxlamaq çətin olur:
"Hansısa xəstə koronavirusu yüngül keçirir deyə, evə buraxılsa, həmin şəxs artıq sağaldığını düşünərək marketə gedir, həyətə düşüb qonşularla hal-əhval tutur. Hətta qonaqlığa belə gedən olur. Biz ona görə pandemiyanın ilk mərhələsində koronaviruslu xəstələrin evdə izolyasiyasında maraqlı olmadıq, arxayınlıq üçün hər bir daşıyıcını xəstəxanaya yatırırdıq. Lakin indi xəstəxanalarda yer çatışmazlığı olduğundan nisbətən yüngül xəstələri evdə izolyasiya etmək məcburiyyətindəyik. Onsuz da COVİD-19 xəstələrinin müalicə protokolları standartdı. Sadəcə kənara çıxmalar isə xəstənin vəziyyəti, ağırlığı, yanaşı xəstəlikləri, yaşı ilə əlaqəli olaraq əlavə preparatlar tətbiq oluna bilər. Antibiotik istifadəsinə gəldikdə isə bu, ikincili bakterial infeksiya qoşulmasına görə təyin olunur və xəstələrə simptomatik müalicə də verilir".