Məlahət İbrahimqızı: "Şəxsən öz adıma həftə sonları ölkədə hərəkətin məhdudlaşdırılmasını daha məqsədəuyğun hesab edirəm"
"Sərt karantin qaydalarının həftənin bütün günlərinə şamil edilməsini doğru hesab etmirəm. 60 gün müddətində insanları təcrid etmək, iş yerlərini bağlamaq ölkə üçün uğurlu seçim deyil"
Ötən ilin sonundan dünyanı təhdid edən “COVİD-19” infeksiyası hələ də sovuşmayıb.
Mayın əvvəlindən həyata keçirilən yumşalma tədbirləri bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da xəstəliyin yayılma sürətinin artmasına səbəb olub. “COVİD-19”-a yoluxma hallarının sayının artması isə ölkədə yenidən məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsi zərurəti yaradıb.
Koronavirus infeksiyası ilə bağlı son günlərin dinamikası ürəkaçan olmadığından Operativ Qərargahın tətbiq olunmuş sərt karantin rejiminin 2 həftə uzadılması və həftə sonları ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması ölkə ictimaiyyəti tərəfindən zərurət kimi dəyərləndirilir. Ümumi rəyə görə, nəzarət güclənərsə və insanların hərəkətinə məhdudiyyət qoyularsa, yoluxma sayı minimuma enə bilər.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızının da "Şərq"ə dediyi kimi, dövlətin həyata keçirdiyi tədbirlərə adekvat olaraq vətəndaşlar cəmiyyət qarşısındakı məsuliyyətini dərk edib qaydalara və tövsiyələrə riayət etməlidir ki, tezliklə üzləşdiyimiz bu bəladan xilas ola bilək:
- Sərt qaydaların tətbiqində məqsəd bu virusun ölkə ərazisində geniş yayılmasının qarşısını almaqla yanaşı insanlarımızın sağlamlığını qorumaqdan ibarətdir. Lakin şəxsən öz adıma həftə sonları ölkədə hərəkətin məhdudlaşdırılmasını daha məqsədəuyğun hesab edirəm. Çünki sosial məsafə qaydaları daha çox şənbə və bazar günləri pozulur, şəhərdə həddindən artıq hərəkətlilik müşahidə olunur. Düşünürəm ki, insanlar karantin rejiminin tələblərinə ciddi əməl etsələr, biz yoluxmanın aşağı düşməsini müşahidə edəcəyik. İyun ayının 21-dən tətbiq edilən sərt karantin qaydaları az da olsa, yoluxma sayının sürətini azaldıb. Düzdür, xəstələrin sayı hələ də çoxdur. Amma ötən bu müddət ərzində xəstə sayının 500-600 keçməməsi artıq zəncirvari yoluxmanın qırılması deməkdir. Ondan əvvəl isə yoluxmanın dinamikası çox sürətli idi. Xəstələnənlərin sayı ilə sağalanların sayı arasında kəskin fərq yaranmışdı. Bəlkə də karantinin sərtləşdirilməsi qəbul edilməsəydi, indi gündəlik yoluxma sayı 2000 olardı. Çünki may ayında karantinin yumşaldılması insanlarda əsassız arxayınlaşmaya səbəb oldu. Bakı əhalisinin böyük əksəriyyəti Ramazan bayramı münasibətilə rayonlara istirahətə axın etdi. Burda qalan hissəsi də sosial məsafə və qoruyucu maskalardan istifadə ilə bağlı qaydaları yox saydı. Və biz iyunun əvvəllərindən bu hərəkətliliyin acı nəticəsini müşahidə etməyə başladıq. Gündəlik yoluxma sayı 100-dən 500-ə, ölü sayı isə 2-dən 8-9-a qədər yüksəldi. Deməli, insanlar qaydalara əməl etməsə, arzuolunan nəticəni əldə etmək mümkün olmayacaq.
- Pandemiyanın ilk günlərindən əhalinin böyük əksəriyyətində COVİD-19-a qarşı inamsızlıq vardı. Real təhlükənin fərqinə varmayan insanlar isə karantin qaydalarını və qorunma ilə bağlı tövsiyələri mənasız hesab edirdi. Bəs, indi vəziyyət necədir?
- Bəli. Uzun müddət əhalinin böyük bir kəsimi arasında koronavirusa inamsızlıq, karantin qaydalarına laqeydlik, biganəlik müşahidə edirdik. Hesab edirdik ki, maarifləndirmə və məlumatlandırma yolu ilə insanlara reallığı izah etsək, hər kəs tələb olunan qaydalara tam riayət edəcək. Amma gözləntilərimiz özünü doğrultmadı deyə, parlament sosial izolyasiya qaydalarını pozan şəxslərə qarşı sərt qaydalar tətbiq olunması ilə bağlı qərar qəbul etdi. Müvafiq qanuna edilən dəyişikliklə qaydaları pozan şəxslərin cərimələnməsi istiqamətində real addımlar atıldı. Fikrimcə, karantin qaydalarının sonuncu dəfə sərtləşdirilməsindən sonra vətəndaşlar arasında pandemiyanın və bizi gözləyən təhlükənin varlığına inananların sayı artıb. Bütövlükdə olmasa da, cəmiyyətin əhəmiyyətli hissəsi koronavirusun yayılmasının qarşısını almaq üçün həyata keçirilən məhdudiyyət tədbirlərini anlayışla qarşılayır, məsuliyyət, nizam-intizam göstərir. Bunun sayəsində artım dinamikası dayanıb. Amma hələ də bunu uğur kimi dəyərləndirə bilmərik. Yenə də ictimai nəqliyyatda, qapalı məkanlarda maskalardan istifadə etməmək, koronavirusa yoluxmuş qohumların və qonşuların ziyarəti, dəfn mərasimlərinin, müxtəlif məclislərin təşkilinə dair faktların şahidi oluruq. Hesab edirəm ki,ayın axırına qədər həftəsonları hərəkətin məhdudlaşdırılması fonunda virusla mübarizədə daha effektiv nəticələr əldə etməyimizə zəmin yaradacaq.
- Amma Səhiyyə Nazirliyinin rəsmisi hesab edir ki, koronavirus infeksiyası ilə bağlı sərtləşdirilmiş karantin tədbirləri minimum 60 gün olmalıdır ki, rəqəmlər sıfıra yaxın olsun...
- Koronavirusa qarşı mübarizədə karantin rejiminin tətbiqi vacibdir. Şahidi olduq ki, karantin rejiminin yumşaldılması yeni yoluxma dalğasına əsas yaradır. Bu səbəbdən tək Azərbaycan deyil, bir çox ölkələr yenidən sərtləşmə tədbirləri tətbiq etmək məcburiyyətində qaldılar. Amma sərt karantin qaydalarının həftənin bütün günlərinə şamil edilməsini doğru hesab etmirəm. 60 gün müddətində insanları təcrid etmək, iş yerlərini bağlamaq ölkə üçün uğurlu seçim deyil. Sadəcə olaraq ofislərdə işçilərin sayını minimuma endirmək, sosial məsafəni gözləmək, qoruyucu maskadan istifadə etmək və həftə sonları sosial hərəkətliliyi məhdudlaşdırmaqla pandemiyaya qarşı mübarizəni davam etdirmək lazımdır. Həftənin son 3 günü isə sərt karantin qaydaları tətbiq etməklə yoluxma dinamikasını azaltmaq olar. Yoxsa ki, karantini 60 gün uzatmaq iqtisadiyyatımız və insanların psixoloji durumunun çökməsi ilə nəticələnə bilər. Ölkəmizdə epidemioloji vəziyyəti təhdid edən faktor vətəndaşlar tərəfindən sosial məsafənin gözlənilməməsi və qoruyucu maskalardan istifadə edilməməsidir. Biz təbliğat yolu ilə bu problemi aradan qaldırıb, həftə sonları da şəhərdə hərəkəti məhdudlaşdırıb COVİD-19-u həyatımızdan çıxarmağa çalışmalıyıq. Təbii ki, bu mənim fikrimdir. İstənilən halda Operativ Qərargah dünyada və ölkəmizdə mövcud epidemioloji vəziyyəti, gündəlik yoluxmanın artma dinamikasını, ölənlərin sayını analiz etdikdən sonra lazım olan düzgün qərar verəcəklər. Bizim hər birimiz də sosial məsuliyyətimizi dərk edərək bu yolda dövlətimizə dəstək olmalıyıq.
- Koronavirusa qarşı mübarizədə ictimai qınaq faktorunu nə dərəcədə əhəmiyyətli hesab edirsiniz?
- İctimai qınaq mexanizminin tətbiqi çox vacibdir. Pandemiyaya qarşı mübarizədə xalqdan ilk növbədə tələb olunan sosial məsafənin gözlənilməsi, şəxsi gigiyenik qaydalara riayət olunması, tibbi maskanın taxılması və evdə qalmaqdır. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qaydalara riayət etməli, başqalarını da bu işə sövq etməli, xüsusi karantin rejiminin qaydalarına əməl etməyənlərə məsləhətlər verməli, qınaq etməlidir. Hər bir kəs belə şəxsləri başa salmağa çalışmalıdır ki, pandemiya vəziyyəti hələ də davam etdiyindən, virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. Əks halda vətəndaş məsuliyyətsizliyi, qaydaların pozulması karantin rejiminin hər dəfə daha da sərtləşdirilməsinə rəvac verəcək. Bu isə nə dövlət, nə də vətəndaşlar üçün arzuolunandır. Axı niyə yayın istisində insanlar evdə qalmalıdır? Hər kəsin bağ evi, geniş şəraiti yoxdur ki! İş yerlərinin bağlanması da maddi nöqteyi-nəzərdən insanlarda aqressiyanı artırır. Dövlət tərəfindən edilən 190 manat birdəfəlik yardım işsiz qalan ailələrin tələbatını tam ödəmir. Əgər vətəndaşlarımız öz məsuliyyətini dərk edib, onlardan tələb olunan qaydalara əməl etsələr, nə insanlarımızda psixoloji və maddi problem yaşanar, nə də dövlətin yükü artar. Tətbiq olunan karantin rejimi də sadəcə epidemioloji vəziyyətin ağırlaşdırılmamasına hesablanmalıdır.