İlahiyyatçı da təsdiqləyir: “Fors-major hallarda kütləvi toplaşmaq olmaz!”

“Quranda Kərbəla hadisələri ilə bağlı ayə yoxdur. Müqəddəs kitab belə halları istisna kimi nəzərdə tutub”

“Kütləvi toplaşmaq istəyənlər Qurana inanırlar, yoxsa İslam tarixinə?!” 


Koronavirus pandemiyası ilə əlaqədər Məhərrəm ayı və Aşura bu il olduqca təhlükəli bir vaxta təsadüf etdi. Odur ki, hər birimiz diqqətli olmalı, kütləvi toplaşmamalıyıq. Kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkədə yeni növ koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura, vəziyyəti yenidən pisləşdirə bilər. Nəticədə karantin rejiminin daha da uzadılması və yenidən sərtləşməsi məsələsi gündəmə gələ bilər.

 İlahiyyatçı Elşad Miri bu barədə “Sherg.az”a danışıb. Onun sözlərinə görə, belə fors-major hadisələr zamanı ritualları həyata keçirmək dini baxımdan da düzgün deyil: 

“Quranda Kərbəla hadisələri ilə bağlı ayə yoxdur. Əslində insanlar hər həftənin cümə günü məscidə getməlidirlər. Amma şərt deyil. Deməli, müqəddəs kitab belə halları istisna kimi nəzərdə tutub.

İndi kütləvi toplaşmaq istəyənlər Qurana inanırlar, yoxsa İslam tarixinə?!

Bir də ki, bunu, həqiqətən, İmam Hüseyn üçün edənlər onun kimi yaşamağın nə demək olduğunu anlamalıdırlar. İmam Hüseyn kimi yaşamaq onuntək mübariz olmaq, zülmə qarşı savaşmaq, insanlara xoş, dürüst münasibət göstərmək deməkdir.

Yoxsa, özünü döyərək, vuraraq sevgini göstərmək olmaz”.