“Ölkəmizin güclü, işğal altında olan torpaqlarımızı azad etməyə qadir ordusu vardır”
“Ermənistan-Azərbayan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir addım belə geri atılmayacaq”
“Azərbayanın ərazi bütövlüyü bərpa edilməlidir. Dövlətimizin bu məsələ ilə bağlı mövqeyi dəyişməzdir”
Düşmənin diversiya-kəşfiyyat qrupunun Goranboy rayonu istiqamətində təxribat törətmək cəhdi Ermənistanın işğalçılıq siyasətinin növbəti təzahürüdür. İşğalçı dövlət açıq-aşkar beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymur. Bu da onların bəzi xarici havadarlarına arxalandığını təsdiqləyir. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri bu təxribata da seyrçi mövqedə dayandı. Məhz bu seyrçiliklər ermənilərin daha böyük iddialarla yaşamalarına stimul verir.
Siyasi elmlər doktoru, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Sherg.az”a bildirib ki, Goranboy rayonu istiqamətində baş verən təxribatlarda ordumuz düşmənin layiqli cavabını verdi.
Baş redaktor bildirib ki, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu ya buraxılmalı, ya da işğalçını öz adı ilə çağırıb, illərdən bəri həllini gözləyən münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində nizamlanmasına yardımçı olmalıdır:
“Azərbaycan xalqının səbri tükənməz deyil. Azərbaycanın güclü, işğal altında olan torpaqlarımızı azad etməyə qadir ordusu vardır. Bu gün xalq-iqtidar birliyi Azərbaycanda sabitliyin inkişafının əsas şərtidir.
Ermənistan-Azərbayan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir addım belə geri atılmayacaq. Azərbayanın ərazi bütövlüyü bərpa edilməlidir. Dövlətimizin bu məsələ ilə bağlı mövqeyi dəyişməzdir”.
Ermənistanın hərbi təxribatının səbəblərindən bəhs edən V.Rəhimzadə vurğulayıb ki, bunlardan biri düşmən ölkədəki iqtisadi və siyasi böhrandır:
“Xaricdən maliyyələşən, xarici fondlardan maliyyə, təlimat alan və onların çevriliş texnologiyalarından bəhrələnən dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yolla zəbt edəndən sonra bir çox vədlər verib. Amma bu vədləri yerinə yetirmək üçün hakimiyyətdə nə təcrübə, nə səriştə, nə də daxili resurs var idi.
Vədlərin iflasa uğraması Ermənistanda böhranlı vəziyyət yaradıb. Hazırda koronavirus infeksiyasına qarşı mübarizə dövründə bu bəladan daha çox zərər çəkən işğalçı dövlətdir.
Çıxılmaz vəziyyətdə olan işğalçı dövlətin hakimiyyəti diqqəti istər daxildə, istərsə də beynəlxalq müstəvidə mövcud durumdan yayındırmaq üçün məqsədli şəkildə təxribatlara əl atır”.