Parlamentari: COP29 tədbiri ilə yeni bir səhifə açılır

Azərbaycan qlobal məsələlərin həllində artıq əsas ölkələrdən birinə çevrilir 


  Azərbaycanın beynəlxalq arenada  qlobal məsələlərin həllində rolu artmaqdadır. Regional məsələlərlə bağlı  irəli sürülən təşəbbüslərin çoxu rəsmi Bakının iştirakı olduğu halda reallaşır. Bu da onu göstərir ki, artıq böyük güclər Azərbaycanın mövqeyi ilə razılaşır və qəbul edir.
Bunlardan biri də bu günlərdə iqlim dəyişikliyinə qarşı mübarizə  məqsədilə start verilən Bakı Qlobal Şəffaflıq Platformasıdır. COP29 sədrliyi bu platformanı təqdim etməklə  iqlim şəraitinin yaxşılaşdırılması üçün atılan addımlarda şəffaflığın təmin edilməsini və qlobal cəmiyyətin bir araya gətirilməsini hədəfləyir.
  Platformanın məqsədi tərəflər arasında inam və etimad yaratmaqla yanaşı, həm də inkişaf etməkdə olan ölkələrə İkiillik Şəffaflıq Hesabatlarının (BTR) hazırlanması və yekunlaşdırılmasında dəstək göstərməkdir. Bu çərçivədə, Azərbaycan Paris Sazişinin Genişləndirilmiş Şəffaflıq Sistemində iştirakını artırmağı planlaşdırır və COP29-da ikiillik BTR hesabatını təqdim edəcək. COP29 sədrliyi qarşıdan gələn aylarda Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya, Afrika, Asiya-Sakit okean, Latın Amerikası və Karib hövzəsi ölkələrində şəffaflıq üzrə regional seminarlar keçirəcək. Eyni zamanda  Azərbaycan 25 sentyabr 2024-cü il tarixində BMT-nin 79-cu Baş Assambleyasında qlobal iqlim şəffaflığı üzrə yüksəksəviyyəli dialoq təşkil edəcək. 
  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil İqlim Şəffaflığı üzrə Bakı Qlobal Platformasının işə salınmasını alqışladığını bildirib. S.Stil bildirib ki, Bakı Qlobal Şəffaflıq Platformasının yaradılması iqlim dəyişikliklərinə qarşı mübarizədə mühüm rol oynayacaq: “Bu platforma iqlim dəyişiklikləri ilə mübarizədə şəffaflığı təmin edəcək, dövlətlər və təşkilatlar arasında əməkdaşlığı gücləndirəcək və qlobal miqyasda iqlim siyasətlərinin daha effektiv həyata keçirilməsinə töhfə verəcək. İqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq və məlumat mübadiləsi olduqca əhəmiyyətlidir. Bakı Qlobal Şəffaflıq Platforması bu istiqamətdə əsas vasitələrdən biri olacaq və qlobal səylərin birləşdirilməsinə imkan yaradacaq”.

  Noyabrda Bakıda keçiriləcək COP29 ərəfəsində bu tədbirin keçirilməsinin böyük əhəmiyyəti olduğunu vurğulayan millət vəkili Azər Badamov “Sherg.az”a açıqlamasında deyib ki, şəffaflıq iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün əsas amildir. Onun fikrincə, Bakı Qlobal Şəffaflıq Platformasının yaradılması iqlim prosesində maraqlı tərəflərin, QHT-lərin əməkdaşlığı üçün lazımi məkan olacaq: 

“Bundan əlavə, sözügedən platformanın hədəfi Genişləndirilmiş Şəffaflıq Çərçivəsində (ETF) universal iştirakı təşviq etmək və şəffaflıq gündəliyini COP29-dan sonra da davam etdirməkdir.
  Bakı Qlobal İqlim Şəffaflığı Platforması inkişaf etməkdə olan ölkələrə İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması və təqdim edilməsində kömək göstərmək üçün həm Konvensiya Tərəflərini, həm də maraqlı tərəfləri bir araya gətirəcək.
  Bu platformada İkillik Şəffaflıq Hesabatların hazırlanmasına dəstək verilməsi nəzərdə tutulur. İkiillik Şəffaflıq Hesabatlarının (Biennial Transparency Report/BTR) iqlim dəyişmələri sahəsində görülən işlərin obyektiv qiymətləndirilməsində mühüm rol oynayacaq. Azərbaycan sədrlik etdiyi bütün beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil edir və qlobal məsələlərin həll olunmasında yeni mərhələ açır. Bu baxımdan COP29 beynəlxalq konfransının Azərbaycanda keçirilməsi qlobal iqlim dəyişmələrə qarşı mübarizədə yeni bir səhifə açacaqdır. Ölkəmizin məqsədi qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə bütün ölkələrin iştirakına töhfə verməkdir. Bu baxımdan yaradılacaq İqlim dəyişiklikləri maliyyəsi və İkilli Şəffaflıq hesabatların hazırlanması qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəni ancaq konfranslar mövzusu çərçivəsindən  real iş görüləcək mərhələyə daxil edəcəkdir. Hesab edirəm ki, Bakıda keçiriləcək COP29 dünya tarixində yeni bir tarix yazacaq”.