Türkiyədə erməni məktəb və liseyləri “at oynadır” -ŞƏRH

Türk mədəniyyəti, Türkiyə Cümhuriyyəti tarixinin tədris olunması tövsiyə edilsə də, buna əməl edilmir


  Türkiyədə "Yesayan" erməni liseyinə tabe olan Beyoğlunun "Üç Xoran Kilsəsi" Fondunun rəhbərliyi liseyin keçmiş direktoru Satenik Nektar Nişanı məhkəməyə verib. Publika.az “Ermenihaber”ə istinadən xəbər verir ki, fond Sateniki “Türk mədəniyyəti” fənnindən dərs deyən müəllimi qanunsuz olaraq ört-basdır etməkdə və dərsdən yayınan müəllimlərə maaş verməkdə ittiham edir. “Türk mədəniyyəti"ndən dərs deyən müəllim 1 ilə yaxındır ki, valilikdən və rayonun milli təhsil idarəsindən icazə almadan işləyir. Dərsdə iştirak etməyən bir sıra müəllimlərə də direktor tərəfindən ödənişlər edilib. Onların guya sinifdə olduqları göstərilib”, - deyə fondun açıqlamasında bildirilir. Məktəbin keçmiş direktoru isə bunu inkar edərək, deyilənlərin böhtan olduğunu bildirib. “Milli Təhsil İdarəsindən icazə almadan müəllim işləmək mümkün deyil. Şikayətçi tərəf bunun hansı müəllim və ya müəllimlər olduğunu dəqiq bildirməyib. Ona görə də məlum olur ki, iddia edilən cinayətlər diffamasiyadan (şərəf, ləyaqət, nüfuz və ada xələl gətirilməsi və onun qorunması hüquqları ilə bağlı termin) o yana keçmir”. Satenikin təkziblərinə baxmayaraq, İstanbul Baş Prokurorluğu iş üzrə başladılan istintaqı yekunlaşdıraraq, onun barəsində “Vəzifədən sui-istifadə” maddəsi ilə 7 ay 15 gündən 3 il 5 aya qədər həbs tələbi ilə məhkəmə işi başlayıb. Qeyd edilir ki, Nişan 1993-cü il martın 1-dən 2020-ci il avqustun 21-dək orta məktəb direktoru vəzifəsində çalışıb.
  Məlumatdan belə qənaət hasil olur ki, erməni liseyində “Türk mədəniyyəti” fənni mövsud olsa da, bu fənn tədris olunmur. Erməni liseyindən belə bir fənnin tədris olunacağını gözləməyin özü də absurd görünərdi. Məlumdur ki, Türkiyədə erməni təhsil ocaqlarının sayı çoxdur. Türkiyədə təxminən 18-ə yaxın erməni təhsil müəssisəsi fəaliyyət göstərir. Özəl Surp Xaç Tıbrevank Erməni Liseyi (1678), Özəl Tarkmanças Erməni İlkokulu (ibtidai məktəb) və Ortaokulu (orta məktəb1785),  Özəl Bomonti Erməni Katolik İlkokulu və Ortaokulu (1808), Özəl Topkapı Levon Vartuhyan İlk və Ortaokulu (1820), Özəl Pangaltı Mıxitaryan Liseyi (1825), Balat Xorenyan Erməni Okulu (1866-1977) və sair. Aralarında 19-cu əsrdə fəaliyyətə başlayanlar da var, 20-ci əsrdə də. 
  Haqqında danışılan Esayan Erməni Okulu Türkiyənin İstanbul şəhərinin Bəyoğlu səmtində yerləşir. 1895-ci ildə açılıb. 1922-ci ildə bir bölümü yetimxana olaraq istifadə edilib, 1923-də yenidən təhsilə başlanılıb. 

Hazırda qardaş Türkiyədə yaşayan həmkarımız, peşəkar jurnalist Məhsəti Şərif "Sherg.az"a erməni məktəbləri haqqında vaxtilə araşdırma apardığını bildirdi: 

- Həmin məktəblərdən bir neçəsi uzun illərdir fəaliyyət göstərir. Təsisi 19-cu əsrə dayananlar da var. Ötən dəfə də yazımda qeyd etmişdim və bir daha vurğulayıram ki, məqsədimiz ermənilərin fəaliyyətini  təbliğ etmək deyil, sadəcə onların gördüyü işləri diqqətə almaqdır. Türkiyədə ən köklü erməni təhsil ocaqlarından biri "Getronağan" erməni liseyi İstanbulun Karaköy səmtində yerləşir. Erməni din xadimi  Nerses II. Varjabedyanın çabalarıyla qurulub. Din adamı  Harutyun Vehabedyanın zamanında 14 sentyabr 1886-cı ildə 64 şagirdlə fəaliyyətə başlayıb. Qeyd edim ki, Patrik Nerses Varjabedyan bu məktəbi qurmaq üçün  1882-ci il dekabr ayının 16-da ermənilərin tanınmış adamlarını kilsəyə dəvət  edir  və onlardan maddi dəstək istəyir. İlk gün 1450 lirə toplanır (təxminən 500 manat). Erməni din adamı bu pulla həm patrikhanəni təmir etdirəcəkdi, həm də məktəb açacaqdı. Amma xəstələnən patrik iki proyektdən birini təxirə salır və toplanan bütün pulları Getronağan məktəbinin yaranması üçün xərclənməsini tövsiyə edir. Digər bir uzun tarixi olan Surp erməni məktəbi isə İstanbulun Anadolu yaxasında yerləşir. 1678-ci ildə Surp kilisəsinə bağlı olaraq dini təhsil vermək üçün açılıb. 1718-ci ildə məktəb Patriarx IX. Ovannes Golod tərəfindən siniflərə çevrilib  və 1770-ci ilə qədər məktəb eyni şəkildə davam edib. 1770-ci illərdə bu məktəb fəaliyyətini genişləndirib və  Ruhban məktəbinə çevrilib.  1932-ci ildən Surp Xaç Məktəbi kimi tanınan erməni təhsil ocağı 1950-ci ilə qədər Surp Xaç Kilisəsi Vəqfi tərəfindən idarə edilib.   1950-ci illərdə Türkiyə ermənilərinin patriarxı seçilib İstanbula gələn Baş yepiskop Karegin Xaçaturyan Sırpazan xəyalındaki layihəni həyata keçirə bilmək üçün Surp Xaç Məktəbinin  köhnə binasını təmir edib. 1953-ci ildə internat məktəbi kimi xidmətə verib. Erməni Patrikxanəsi 1953-cü ildə  İstanbul qubernatorluğuna müraciət edilərək orta lisey və üç illik teologiya hissəsini əhatə edən "Surp Xaç Tıbrevank erməni ruhanilər məktəbi" adı ilə istənilib. Beləcə, bu məktəb Türkiyə Erməni Cəmiyyətinin xidmətinə verilib. Onu da qeyd edim ki, erməni məktəb və liseylərin çoxunda məktəbəqədər bağçalar da fəaliyyət göstərir. Demək olar ki, bu məktəb və liseylərin hamısı uzun illər öncə inşa edilib. Məktəblər və liseylər Türkiyədəki erməni kilsələri və vəqflər tərəfindən maliyyələşir. Türkiyə Milli Eyetim Bakanlığının (Təhsil Nazirliyinin) təlimatına uyğun olaraq erməni məktəb və liseylərində türk mədəniyyəti, Türkiyə Cümhuriyyəti tarixinin tədris olunması tövsiyə edilsə də, buna əməl edilmədiyi görünür.