“...Virusa yoluxanların sayında sürətli artım ola bilər” 

“Qarşıdan müxtəlif xəstəliklərin aktivləşdiyi payız və qış fəsli mövsümü gəlir”

“Odur ki, ikiqat ehtiyatlı və məsuliyyətli davranmalıyıq”


"Avqust ayında sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılması, məhdudiyyətlərin aradan qaldırılması heç kəsi arxayın salmamalıdır. Nəzərə alsaq ki, qarşıdan müxtəlif xəstəliklərin aktivləşdiyi payız və qış mövsümü gəlir, onda bu məsələdə daha diqqətli olmalıyıq". 

Bu sözləri "Şərq"ə açıqlamasında həkim-terapevt Günel Əsədli deyib. Həkim bildirib ki, fərdi qoruyucu vasitələrin istifadə edilməməsi, həm də sosial məsafənin qorunmaması yaxın gələcəkdə, yəni bir-iki həftə müddətində "COVID-19" xəstələrinin sayında sürətli artıma səbəb ola bilər: 

"İnsanların kütləvi mərasimlərdə iştirakı çox təhlükəlidir. Kütləvi toplantılar xəstə sayını kəskin artıra bilər. Xəstə sayının ciddi şəkildə artması isə səhiyyə sisteminin yüklənməsinə gətirib çıxaracaq. Nəticədə "COVİD-19" partlayışı baş verə bilər. Ümumdünya Səhiyyə Təşkilatı təkrar yoluxmanı çox nadir hal hesab edir.

Amma hazırda sağalan insanlarda antitellərin tədqiqi istiqamətində, eləcə də sağaldıqdan sonra immun davamlılığın müddəti barədə böyük tədqiqatlar gedir. Yəni virus barədə hələ elmi araşdırmalar tamamlanmayıb. Odur ki, ikiqat ehtiyatlı və məsuliyyətli davranmalıyıq”. 

Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən etibarən vəziyyəti nəzarətə götürdüyünü diqqətə çatdıran həkim-terapevt əlavə edib ki, hər kəs qoyulan tələblərə riayət etməlidir:

“Dövlətimiz tərəfindən insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, habelə koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələləri uğurla həyata keçirilib. İndi hər kəsin qarşısında duran ən mühüm vəzifə əldə olunmuş uğurun qorunub saxlanılması və möhkəmləndirilməsidir".